Tribuna İnformasiya Agentliyi

ABŞ Prezidentinə ünvanlanan açıq məktubu 1144 iqtisadçı imzalayıb

04 May

Vaşinqtonun mövcud ticarət siyasətinə dəyişiklik edilməsi xahişi ilə ABŞ Prezidenti Donald Trampa ünvanlanan açıq məktubu 1144 iqtisadçı imzalayıb.

TİA.AZ  Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məktubun mətni ABŞ vergi ödəyicilərinin Milli İttifaqının saytında dərc edilib.

“Proteksionist siyasətinin sərtləşdirilməsi səhv addım olacaq. Bu, alıcılarımızın üzləşəcəyi qiymət artımı ilə nəticələnəcək”, – deyə məktubda qeyd olunur. İqtisadçıların fikrincə, proteksionist siyasət və idxal tariflərinin artırılması ABŞ-da yaşayış dəyərinə, biznesə və cavab tədbirlərinə məruz qalacaq ixracatçılara güclü zərbə vuracaq. Həmçinin tariflərin artması Vaşinqtonun beynəlxalq münasibətlərinə də mənfi təsir göstərəcək.

Məktub müəllifləri 1930-cu ildə 1028 iqtisadçının 20 mindən çox idxal məhsuluna vergilərin artırılmasını ehtiva edən Smut-Houli qanununun qəbul olunmaması xahişi ilə Konqresə müraciətini xatırladıb. O zaman Konqres iqtisadçıların fikrini nəzərə almamış və qanunu qəbul etmişdi. Bundan sonra digər ölkələr də Amerika məhsullarına qoyulan vergini artırmışdı. Nəticədə Birləşmiş Ştatlarla Avropa ölkələri arasında ticarət dövriyyəsinin həcmi aşağı düşmüş və bu, “Böyük depressiya” dövründə ABŞ-dakı iqtisadi vəziyyəti bir qədər də çətinləşdirmişdi.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ və Çin bir-birinin ixracına 25 faizə qədər vergi qoyacağı barədə qarşılıqlı hədələrlə çıxış edərək ticarət müharibəsi astanasına gəlib çıxmışdılar.