Tribuna İnformasiya Agentliyi

ABŞ Poroşenkoya qarşı cinayət işi açdı

13 Avqust

Ofşor hesabları ilə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenkoya qarşı ABŞ-da cinayət işi açılıb. AzVision.az xəbər verir, bunu Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa əyalətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib.
“Poroşenko prezident olmayan kimi onu heç bir ölkə qəbul etməyəcək, ya da hamısı onu təhvil verəcək. Amerikada onu Lazarenko (Xarici bank hesablarında vəsaitlərin oğurlanması və gizlədilməsi, həmçinin çirkli pulların yuyulmasında ittiham olunaraq ABŞ-da məhkum edilən Ukraynanın sabiq baş naziri Pavel Lazarenko – red.) kimi həbs edə bilərlər. Çünki ABŞ-ın Federal Təhqiqat Bürosu (FBI) Poroşenkoya qarşı bir neçə qovluq iş açıb.” – deyə, Saakaşvili “Strana” qəzetinə müsahibəsində açıqlayıb. Vurğulayıb ki, Poroşenkoya qarşı cinayət işi “Panama kağızları” qalmaqalındakı ofşor hesablarına görə açılıb.

Bundan əvvəl Almaniyanın “Sueddeutsche Zeitung” qəzeti Panamanın “Mossack Fonseca” hüquq şirkətinin sənədlərinə istinadən bildirmişdi ki, Poroşenko öz biznesinin etibarlı əllərə keçməsi üçün Virciniya adalarında ofşor şirkəti qurub. Lakin Ukrayna prezidenti ittihamları rədd edərək istənilən təhqiqata açıq olduğunu, heç bir gizlin bank hesabına malik olmadığını bəyan edib. Ofşor şirkəti yaratmasını isə Ukrayna qanunlarilə öz biznesinin etibarlı idarəçiliyə keçirilməsinin mümkünsüzlüyü ilə izah edib.