backend

ABŞ-ın növbəti dollar rallisi: Manatın taleyi necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün davam edən müzakirələrdən sonra FES-in (Federal Ehtiyatlar Sistemi) Açıq Bazar üzrə Federal Komitəsi proqnozlaşdırıldığı kimi, uçot dərəcəsini 0,5-0,75% artırdı.  

İki gün davam edən müzakirələrdən sonra FES-in (Federal Ehtiyatlar Sistemi) Açıq Bazar üzrə Federal Komitəsi proqnozlaşdırıldığı kimi, uçot dərəcəsini 0,5-0,75% artırdı. 

Beləliklə son 11 ilin ikinci faiz artımı reallaşdı. Əslində ABŞ Mərkəz Bankı 4 faiz artımı planlaşdırdığı 2016-cı ili tək faiz artımıyla bağladı. Lakin bu belə bazarları silkələməyə yetdi. Bu barədə bir qədər sonra…

FES 2006-cı ildən bu yana sadəcə, bir dəfə (2015-ci ilin dekabr) faiz artımına getmişdi. O da 2015-ci ilin dekabrında. Bu il də ənənəsinə sadiq qaldı. Artıq bazarlar üçün yeni dövrün əsası qoyuldu. Nəzərə alsaq ki, 2017-ci ildə 3 faiz də artım gözlənilir, vəziyyət yaxşı görünmür. Artıq bazarlarda dollar rallisi başlayıb. Qərardan dərhal sonra ABŞ dollarının indeksi 0,57% möhkəmlənib və 102,32 səviyyəsində qərarlaşıb. Bu da 2003-cü ilin yanvar ayından etibarən ən yüksək göstəricidir.

Dollar rallisi

Valyutalara gəlincə, avro dollara nisbətən 0,3% ucuzlaşaraq 1,0503 dollar səviyyəsində müəyyənləşib. Bundan öncə Avrozonanın vahid valyutası 21 aylıq minimuma, yəni 1,0468 dollar səviyyəsinədək enib. Yaponiya valyutası olan yen isə 10 aylıq minimuma enib. Hazırda 1 dollar 117,86 yendir. Funt-sterlinq 0,28% zəifləyərək 1,2530 dollar səviyyəsində qərarlaşıb. Halbuki bundan əvvəl Böyük Britaniya valyutası 1,2515 dollar həddinə qədər geriləyib ki, bu da iki həftəlik minimumdur.

Çin yuanının dollara nisbətən məzənnəsi 2008-ci ilin ortalarından etibarən ən aşağı həddə enib.

Türkiyə və Rusiya valyutalarına təzyiq daha böyükdür

İnkişaf etməkdə olan ölkələrin valyutalarına gəlincə, onlar da ciddi təzyiq altındadır. Xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşacağı beynəlxalq reytinq təşkilatlarının proqnozlarında ön sıradadır. Morgan Stanley dolların 3,70 tl-yə qədər yüksələcəyini deyib. Rus rublu isə hələ ki, 1 dollar 60.81 rubl səviyyəsini qoruyub saxlayır.

İnkişaf etməkdə olan ölkələrin valyutalarının ciddi təzyiq altında olmasına ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması əsas amil kimi göstərilir. Bu səbəbdən aşağı gəlirliliyə malik olan valyutalar dəyər itirməkdədir. İnvestorlar bu cür ölkələrdən kapital axınını proqnozlaşdırır ki, bu vəsaitlərin dollar aktivlərinə yatırılması qaçılmazdır.

FED-in qərarı bizə nə dərəcədə təsir edəcək?

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, son 10 ildə ikinci artımları şərtləndirən FES qərarı elan edildikdən sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi:

“Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir. Neft daxil olmaqla, strateji əmtəə bazarı da qərara reaksiya verməkdədir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir”.

Bu qərarın Azərbaycana necə təsir göstərəcəyinə gəlincə, iqtisadçı bildirir ki, əksər inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün FES-in uçot stavkasını artırması və xüsusən də möhkəm dollar iqtisadi baxımdan arzuolunan deyil:

“FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır. Əslində, oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər də müşahidə edilməkdədir. Dekabr ayında dollar tələbinin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot stavkasının artırılması milli valyutamıza əlavə təzyiq yaradır. Bu baxımdan, FES-in yığıncağı başlanan gün yazdığım kimi, Azərbaycan Mərkəzi Bankı bütün ssenarilərə hazır olmalıdır. Təbii ki, Mərkəzi Bankın bu ssenariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik. Xüsusən də, bu gün valyuta hərracının keçirildiyini nəzərə aldıqda, ilkin reaksiyaları müşahidə etmək və eləcə də, hazırlaşmaq mümkün olacaq. Bütövlükdə, Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa, manatın ucuzlaşması prosesi daha sürətlənə bilər.

FES gələn il də uçot stavkasını artıracağını bildirib. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bankın sözün həqiqi mənasında meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir. Beləcə, FES-in uçot stavkasını artırması Azərbaycanda dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək. Deməli, ilin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq”.

Neftin qiyməti ABŞ-ın mövqeyindən asılı olacaq

Qlobal neft bazarı da FES-in qərarına reaskiya verdiyi üçün bu dövlət gəlirlərimizə də təsirsiz ötüşmür. Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları da bundan xəbər verir. Dolların bahalaşması fonundan ABŞ da neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa, o zaman “qara qızıl”ın qiymətində daha kəksin azalmalar istisna edilmir. Bu isə OPEK-in son cəhdləri fonunda da neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FES-in son qərarından sonra neftin qiymətlərinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət isə sadəcə, ABŞ-dan deyil, eyni zamanda Kanadanın hasilatından gedir.