Tribuna İnformasiya Agentliyi

ABŞ Gürcüstanı əldən vermək fikrində deyil

11 Sentyabr

ABŞ Dövlət Departamentinin iki rəsmisi Gürcüstana gedir. Vaşinqton Rusiyayla gərginliyin qaldığı bir dönəmdə Tbilisi ilə münasibətləri möhkəmləndirməyə çalışır.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Wess Mitchell Gürcüstanın aparıcı hökumət rəsmiləri, siyasi liderləri, vətəndaş cəmiyyəti qrupları ilə görüşəcək.

O, Tbilisi Beynəlxalq Konfransı 2018-ə qatılacaq, “Birləşmiş Ştatların Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə, davamlı iqtisadi inkişafına, Qərb qurumlarına inteqrasiya planlarına dəstəyini vurğulayacaq”.

Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Andrea Thompson da Tbilisidəki konfransda Gürcüstanın müdafiə naziri ilə birlikdə iştirak edəcək.

Gürcüstan ötən ay Rusiyayla bir neçə günlük müharibənin 10 illiyini qeyd edib. Həmin müharibə Rusiya qüvvələrinin Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarını işğal etməsilə sonuclanıb.