Tribuna İnformasiya Agentliyi

ABŞ-da yaşayan Qənirə Ataşova: “Amerika tanıdığım ən mühafizəkar cəmiyyətdir”

29 Dekabr

ANS televiziyasının keçmiş əməkdaşı Qənirə Ataşova modern.az saytına müsahibə verib. TİA.AZ  həmin müsahibədən bəzi ilginc məqamları təqdim edir.

Q.Ataşova bildirib ki, hazırda Vaşinqton DC ilə Arlinqton şəhərinin sərhədində yaşayır. Amerika torpağına 4-cü gəlişində tələbə vizası ilə qədəm qoyduğunu deyən Q.Ataşova hələ də sözügedən ölkədə həmin viza ilə yaşayır. Amma yaxın zamanda bu statusunda dəyişiklik ola biləcəyinə eyham vuran xanım-jurnalist Azərbaycandan çıxışına qoyulan problemə də toxunub: “Səbəbsiz halda ölkədən cıxışımda maneə yaradılmışdı. Bu, hansısa məmurun oyunu idi. Burda çox detallara gedə bilərəm, amma lüzum görmürəm. Bu maneənin aradan qaldırılmasında mənə şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev kömək oldu”.

Türkiyədə iş təklifi almasına baxmayaraq, Amerikada təhsil almağı seçən Q.Ataşova təhsil maliyyəsinin bir qismini məhz Türkiyənin ödədiyini də deyib: “Amerikada isə məni sonsuz azadlıq çəkirdi. Mən zatən bu dünyaya azad ruhda doğulmuşdum və ən böyük azadlığı da atamdan almışdım. Gözümü açandan atamın qulağıma dediyi bu sözləri xatırlayıram: “Oxuyun, səhvinizdə də arxanızdayam”, “Oxuyun, öz ayaqlarınız üzərində dayanın” – bu sözlərin hikmətini indi 39-cu yaşımda dərk edirəm və övladlarıma da eyni sözləri dediyimin fərqindəyəm”.

Q.Ataşova hazırda tələbə olduğunu və araşdırmalar etdiyini deyib. Vaşinqtonda “BAU international”da 3 dərs aldığını vurğulayan xanım-jurnalist orada ixtisasının “Global affairs and politics” olduğunu bildirib: “George Mason”dan isə bir dərs alıram. Burada jurnalistika üzrə təhsil alıram. Azərbaycan mətbuatını və ya televiziya kanallarını sosial media üzərindən izləyirəm, qısa formada olan videolara baxıram. Hansısa kanala baxdığımı xatırlamıram”.

REAL TV açılanda orada iş təklifi almadığını deyən jurnalist Vahid Mustafayevlə əlaqələrinin qaldığını, Mirşahin Ağayevlə isə əlaqəsinin olmadığını bildirib. O, eyni zamanda ANS-in bağlanmasına görə bəzilərinin onu ittiham etməsinə də cavab verib: “ANS-in bağlanmasının mənimlə bağlılığı yox idi. Fətullah Gülənlə müsahibədə iştirakıma gəlincə, bu, mərkəzi redaksiya ilə razılaşdırılmışdı və bir professional qərar idi. Jurnalistin işi müsahibə almaqdır”.

Amerika cəmiyyəti ilə bağlı fikirlərini bölüşən Q.Ataşova deyib ki, Amerika tanıdığı ən mühafizəkar cəmiyyətdir: “Bəziləri düşünür ki, Amerika deyən kimi həddini aşmış azadlıq görəcəyik. Bu, əsla belə deyil. Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir. 100 ağıllı minlərlə mükəmməl olmayanı idarə edə bilir. Daha bir dəli gəlib min ağıllını dəli etmir. Bəlkə də yerinə düşər. Böyük oğlumun sinif yoldaşının valideynləri federal hökumətdə çalışır. Keçən həftə bizə qonaq gəlmişdi. Məqsəd oğlanlarının dostunun ailəsini yaxından tanımaqdır. Kiçik qızı yaramazlıq etdi və qorxaraq anasına baxdı. ”Uşaqdır fikir vermə” dedim. Ana, “uşaq da həddini bilməlidir” söylədi. “Amerikalılar necə cəzalandırır?” deyə soruşdum. Ana “evin içində, gərəkirsə əllərinə də vururam” cavabını verdi. Deməyim odur, amerikalı da dəyərli insan yetişdirir”.

Q.Ataşova eyni zamanda Amerika siyasəti və ölkəni idarə edənlərin siyasi kimliyinə də toxunub:“Obamanı sevirəm. Simpatiyam var o adama. Donald Tramp xarici siyasətdə fikirlərini tez-tez dəyişir. Elə daxili siyasətdə də. Pafoslu cıxışları ilə hər kəsi həyəcanlandırsa da, ona nəzarət edən Konqres var. Burda son sözü heç də Tramp demir. Məsələn, o, CNN jurnalistinin Ağ Evə girişini qadağan etdi, məhkəmə isə bərpa etdi. Daxili siyasətdə də hər şeyin yaxşısının, onun xalqının olmasını istəyir. Bu da normaldır. İnsan öz vətəndaşını düşünür. Tramp nədənsə mühacirlərə, xüsusən də Latın Amerikasından gələnlərə qarşı çox dözümsüz davranır. Amerikada deyirlər ki, Tramp varını elə ucuz işçi qüvvəsi olan ispanların hesabına toplayıb. İndi Meksika ilə sərhəddə divar çəkmək üçün istədiyi pulu ala bilmədiyinə görə büdcəni təsdiqləməyib və Federal hökumət neçə gündür bağlıdır. Bu gün Meksika ilə sərhəddə balaca qızın ölümü ABŞ adına böyük utancverici hadisədir”.

Keçmiş iş yoldaşı, hazırda Amerikada yaşayan Sevinc Osmanqızı ilə əlaqəsi olduğunu deyən Q.Ataşova onunla Amerikada olduğu müddətdə yalnız bir dəfə görüşə bildiyini də vurğulayıb. Xanım-jurnalist həmçinin uşaqlarının təhsil həyatına da toxunub: “Oğlum Fərhad 8-ci sinifdə təhsil alır və əla oxuyur. Əcnəbi olsa da, Amerikada ingilis dili üzrə istedadlılar sinfində dərs alır, riyaziyyatdan da eyni sinifdədir. Məktəbi və müəllimlərini sevir. Amerikanın fürsətlər ölkəsi olduğunu dərk edir. Amma ətrafdakı parıltının da fərqindədir. Bu parıltının gözünü kor etməməsi üçün həmişə qulağına gəldiyimiz torpaqları və şərtləri xatırladır, onlara özləri kimi oxumaq üçün biliyi olub imkanı olmayan dostlarına kömək etməsinin vacibliyini deyirəm.

Ceyhun da 5-ci sinifdə oxuyur. Əgər Allah bu uşaqları qorusa, onların dünya üçün faydalı insan ola biləcəklərinə inanıram”.

Hazırladı SEVİNC