ABŞ-da türk həmrəyliyi: Ermənilərin arzusu Konqresdən keçsə də, Senatda ilişəcəkbackend

ABŞ-da türk həmrəyliyi: Ermənilərin arzusu Konqresdən keçsə də, Senatda ilişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubad İbadoğlu: “Türkiyə və Azərbaycan diasporları bu məsələdə birlikdə hərəkət edir”

Zaur Bayramlı: “Tovuz hadisələrindən sonra Amerikada yaşayan azərbaycanlılar arasında həmrəylik pik həddə çatıb”

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırımı” kəlməsini işlətməsi Türkiyədə olduğu kimi, Azərbaycanda da dərin hiddətlə qarşılanıb. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Baydenin son açıqlamasını “tarixi səhv” adlandırıb. Öz növbəsində Azərbaycanın Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı rəsmi açıqlama yayıb. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları da birgə bəyanatla çıxış edib.

İddialar səsləndirilir ki, Bayden məlum açıqlamanı erməni lobbisinin diqtəsi altında səsləndirib. Belə ki, seçkilərdən öncə onun erməni lobbisinə bununla bağlı konkret vədlər verdiyi də söylənilənlər arasındadır.

Okeanın o tayında yaşayan azərbaycanlılar ABŞ rəhbəri tərəfindən “soyqırımı” ifadəsinin işlədilməsinə etiraz etsələr də, onların birgə və kordinasiyalı fəaliyyətinə ras gəlinmir. Bütün bunlar diaspor sahəsində görməli olduğumuz işlərimizin hələ çox olduğunu söyləməyə əsas yaradır.

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Rutgers” Universitetinin professoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu AYNA-ya açıqlamasında Baydenin məlum açıqlamasının gözlənilən olduğunu deyib: “Seçkiləröncəsi belə bir tendensiya yaranmışdı ki, Co Bayden prezident seçiləcəyi təqdirdə “erməni soyqırımı”nı dəstəkləyən bəyanatla çıxış edəcək. Bunu şərtləndirən amillər isə Azərbaycanla Türkiyənin yüksələn münasibətləri, Azərbaycan Ordusunun hərbi zəfəri idi. Baş verənlərin fonunda ermənilər daha da fəallaşmışdı. Biz bunu həm seçkilər, həm də ondan sonrakı dövrdə aydın şəkildə müşahidə etdik. Bu mənada belə bir açıqlamanın olacağı proqnozlaşdırılan idi. Açıq şəkildə demək istəyirəm ki, bu müddətdə Azərbaycan diasporu da müəyyən işlər görə bildi. Sosial şəbəkələrdə fəallıqla yanaşı, ABŞ-ın rəsmi, ictimai-siyasi dairələri ilə görüşlər zamanı ciddi müzakirələr apardıq. Eyni zamanda Ağ Evin qarşısında etiraz aksiyası təşkil etdik. Bu məqamda qeyd edim ki, Türkiyə və Azərbaycan diasporları bu məsələdə birlikdə hərəkət edir”.

Qubad İbadoğlu ABŞ universitetində işləməyə başladı - modern.az

İbadoğlu bildirib ki, Azərbaycan diasporunun Türkiyə diasporu ilə birgə fəaliyyəti bundan sonra da davam edəcək: “Heç şübhəsiz, bütün bunları həyata keçirmək asan deyil. Çünki qarşımızda daha güclü və daha təşkilatlanmış erməni lobbisi dayanıb. Yüksək maliyyə, təşkilati, inzibati, informasiya, insan resurslarına malik erməni lobbisi ilə döyüşmək nə qədər çətin olsa da, qətiyyən geri çəkilmək niyyətində deyilik. Bir məqamı da qeyd edim ki, Vətən müharibəsi dövründə ABŞ-da yaşayan soydaşlarımız arasında ən yüksək birlik və həmrəyliyik baş tutdu. Bu gün də bu birlik davam edir. Qarşıda görəcəyimiz işlər daha çoxdur və əsas məqsədimiz erməni saxtakarlığını ABŞ tribunalarında ifşa etməkdir”.

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan soydaşımız, politoloq Zaur Bayramlı da AYNA-ya şərhində deyib ki, Bayden seçkiöncəsi erməni lobbisinə verdiyi vədi yerinə yetirib: “O, seçkiqabağı kampaniyası zamanı açıq şəkildə demişdi ki, prezident seçiləcəyi təqdirdə “erməni soyqırımı”nı dilə gətirən ilk ABŞ prezidenti olacaq. Heç şübhəsiz, onun bu açıqlaması tarixi faktları saxtalaşdıran, heç bir siyasi və hüquqi əsası olmayan fikirlərdir. Çünki BMT-nin özünün indiyə qədər bununla bağlı dörd qətnaməsi var. Və həmin qətnamələrdə açıq şəkildə qeyd olunur ki, bu, soyqırımı aktı deyil. Bayden özü də bilir ki, son açıqlaması ilə böyük yanlışlığa yol verib və müəyyən problemlərə yol açıb”.

No description available.

“Onun bütün bunlara rəğmən, belə bir ziyanlı açıqlama ilə çıxış etməsi erməni lobbisinə, konkret olaraq onlardan daxil olan səslərə hesablanmış adıdm idi. Bilirsiniz ki, Baydenin təmsil olunduğu Demokratlar Partiyası erməni lobbisi ilə sıx bağlıdır. Mümkündür ki, bu məsələ Konqresdən keçsin, lakin Senatda ilişib qalacaq. Hətta Senatda qəbul olunacağı təqdirdə belə, Baydenin özünün bu qərarı imzalayacağına inanmıram”, – deyə analitik vurğulayıb.

O ki qaldı Azərbaycan diasporunun Baydenin məlum açıqlamasına etirazına, Bayramlı qeyd edib ki, aprel ayının 24-də Türkiyənin “Task” adlanan diaspor təşkilatı və “Vaşinqton Azərbaycan icması”nın birgə təşkilatçılığı ilə mərkəzi meydanlardan birində mitinq təşkil olunub: “Mitinq zamanı çadırlar qurduq, həmin çadırları Azərbaycan və Tükiyə bayraqlarına bürüdük. Aksiya təxminən 5 saat davam etdi. Paralel olaraq yolun o biri tərəfində erməni diasporu da aksiya keçirirdi. Və bu aksiyalar zamanı onlar bizi təxribata çəkmək istəsələr də, polisin müdaxiləsi nəticəsində buna nail ola bilmədilər”.

Həmyerlimizin sözlərinə görə, ötən ilin Tovuz hadisələrindən və qəhrəman generalımız Polad Həşimovun şəhid olmasından sonra ABŞ-da yaşayan azərbaycanlılar arasında həmrəylik pik həddə çatıb: “Çox yüksək əhval-ruhiyyə var idi. Açıq etiraf edim ki, son dövrlər bu aktivlik qismən azalıb. Lakin buna baxmayaraq müəyyən fəaliyyət mövcuddur”.

“Burada haşiyəyə çıxaraq deyim ki, Azərbaycandakı Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə keçirilən tədbirləri öz adına çıxır. Görünür, cəmiyyətə və ölkə Prezidentinə də belə məruzə edirlər. Lakin bu məsələdən xəbərdar olan biri kimi məsuliyyətlə deyə bilərəm ki, ABŞ-da istər müharibədən öncə, istər müharibə dövründə, istərsə də müharibədən sonra keçirilən əksər tədbirlərdə Diaspor Komitəsi iştirak etmirdi. Soydaşlarımız yalnız öz təşəbbüsü ilə birləşərək, müxtəlif tədbir və aksiyalar təşkil keçirirdi”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Azər Niftiyev