Abituriyentlər ən çox hansı fənlərdən sıfır bal toplayıblar? – RƏSMİbackend

Abituriyentlər ən çox hansı fənlərdən sıfır bal toplayıblar? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 22,4%-i imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib.
Belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub. Təəssüf ki, gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar hələ də var. DİM imtahan fənləri üzrə də minimal tələblər qoyub və məhdudiyyətlər tətbiq edirdi. Cari ildə isə imtahan fənləri üzrə heç bir məhdudiyyət tətbiq edilməyib.
DİM şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan digər fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən, seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə heç olmasa proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər.
I mərhələdə sıfır bal toplayanlar çox azdır. Bunun əsas səbəbi kimi bu mərhələdə II mərhələdən fərqli olaraq qapalı tipli test tapşırıqları üzrə yanlış cavablara görə cərimə tətbiq olunmaması və bu cavabların ümumi bala təsir göstərməməsidir. Nəticədə, abituriyentlər I mərhələdə daha cəsarətli davranırlar və hətta cavablarını bilmədikləri test tapşırıqlarını da cavablandırırlar ki, bu da öz növbəsində təsadüfi şəkildə düzgün cavabların qeyd olunması ehtimalını artırır.
II mərhələdə ana dili, ədəbiyyat və biologiya fənləri üzrə sıfır bal toplayan abituriyentlərin faizi digər fənlərə nisbətən azdır. Sıfır bal toplayanlar ən çox riyaziyyat, fizika və coğrafiya fənləri üzrədir. Bu fənlər üzrə abituriyentlərin nəticələrinin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də bu fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir.
İstənilən halda, bunun real səbəbləri aydınlaşdırılmalı və həmin fənlərə münasibətin dəyişdirilməsi üçün tədbirlər görülməlidir.
II mərhələdə imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Rus bölməsi ilə müqayisədə bu bölmə üzrə I və II ixtisas qruplarında bütün fənlər üzrə, III qrupda ana dili və ədəbiyyat, IV qrupda kimya və biologiya fənlərindən sıfır bal toplayanlar nisbətən daha çoxdur.
Məlum olduğu kimi, 2019-cu ildən etibarən müsabiqə şərti kimi imtahan fənləri üzrə heç bir məhdudiyyət qoyulmur. I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında 5624 nəfərin altı imtahan fənnindən (hər iki mərhələ üzrə birlikdə) heç olmasa biri üzrə nisbi balı 10-dan az olub.
Onlardan 5043 nəfərin yalnız bir, 560 nəfərin iki, 21 nəfərin isə üç imtahan fənni üzrə nisbi balı 10-dan az olub. Ən azı 1 fənn üzrə nisbi balı 10-dan az olan abituriyentlərin 22,32%-i (yalnız 1 fənn üzrə nisbi balı 10-dan az olanların 19,79%-i, 2 fənn üzrə nisbi balı 10-dan az olanların 43,39%, 3 fənn üzrə nisbi balı 10-dan az olanların 66,67%-i) 200-dən az bal toplayıb. I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olanlar arasında I mərhələdə ana dili fənni üzrə 17, riyaziyyat fənni üzrə 842 və xarici dil fənni üzrə 132 abituriyentin topladığı nisbi balı 10-dan az olub. II mərhələdə ana dili fənni üzrə 35, ədəbiyyat fənni üzrə 30, riyaziyyat fənni üzrə 2353, fizika fənni üzrə 720, kimya fənni üzrə 519, biologiya fənni üzrə 30, tarix fənni üzrə 1 003, coğrafiya fənni üzrə 545 abituriyentin topladığı nisbi balı 10-dan az olub.
Bu il qəbul imtahanlarının II mərhələsində Azərbaycan bölməsi abituriyentlərinin ana dili, riyaziyyat və kimya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri rus bölməsi abituriyentlərinin göstəricilərindən yüksəkdir. Belə üstünlük özünü biologiya və tarix fənləri üzrə daha qabarıq şəkildə göstərib. I mərhələdə isə bütün fənlər üzrə rus bölməsinin abituriyentlərinin göstəriciləri yüksək olub.