Tribuna İnformasiya Agentliyi

«9 min manat zərər var, 2500 manat ödəyirlər» – QALMAQAL

19 Sentyabr

Sığorta sektorunda növbəti mübahisə var. FED.az xəbər verir ki, Bakı sakini Elman Abdullayev «Günay Sığorta» şirkətindən sığorta hadisəsinə görə ödəniş ala bilmədiyini iddia edir.

Hadisə bu il iyulun 21-də Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində baş verib. «Günay Sığorta»da icbari sığortası olan «Tofaş» avtomobili zərər çəkən Elman Abdullayevin idarə etdiyi 99FF608 nömrəli «Volkswagen Passat» markalı avtomobilin yoluna çıxıb və qəza baş verib. Bundan sonra E.Abdullayev günahkarın sığortaçısı kimi «Günay Sığorta»ya müraciət edib.

«Volkswagen»in rəsmi servisində avtomobilə baxış və hesablama zamanı məlum olub ki, qəza nəticəsində avtomobilə 9 min manat zərər dəyib. Bu məbləğ «Euro Style LTD» şirkətinin hazırladığı zərər siyahısı ilə də təsdiqlənib.

Amma sığorta şirkətində hesablama fərqli olub. E.Abdullayev bildirir ki, avtomobilə baxış zamanı şirkətin nümaynədələri zərərin 9 min manat deyil, 2500 manat olduğunu bildiriblər.

Sığorta hüquq pozmaları üzrə mütəxəssis və zərər çəkən şəxsin müdafiəçisi İlkin İbrahimov bildirib ki, şirkət nümayəndələri fərqin belə böyük olmasını avtomobil sahibinin hesablamanı təmirinin rəsmi servisində aparması ilə izah ediblər. Bununla yanaşı, «Günay Sığorta» şirkəti hesabladığı 2 500 manatın nəyə əsaslandığını göstərə bilməyib – yəni zərər siyahısını təqdim etməyərək bunun şirkətin sirri olduğunu bildirib: «Günay Sığorta» qeyri-qanuni olaraq müştəriyə bildirir ki, 2500 manatlıq təmir siyahısı (avtomobilin zərər dəymiş detallarının siyahısının vı onlara tələb olunan xərcin göstərildiyi siyahı olan qüsur aktı) sığorta sirridir. Amma «İcbari Sığorta haqqında» qanunda belə bir sirr yoxdur».

Sığorta şirkətinin İdarə Heyətinin Sədrinin adından da siyahının verilməsinin sığorta sirri olması barədə zərər çəkənə məktub göndərilib.

E.Abdullayev FED.az-a bildirib ki, sığorta şirkətində dəyən zərəri müzakirə edəndə ona bildiriblər ki, tələb olunan bütün hissələri «ölüxana»da (işlənmiş avtomobil hissələrinin satıldığı ixtisaslaşmış bazarlar – FED.az) tapmaq olar. Müştəri isə bildirib ki, onun avtomobilinin detallarını «ölüxana»da tapmaq mümkün deyil. Cavabında şirkətdən bildirilib ki, həmin hissələri Gürcüstandan gətirmək olar: «Mən təəccübləndim ki, niyə Azərbaycanda baş verən hadisəyə görə zərəri Gürcüstan bazarındakı qiymətlərlə hesablayırlar».

Amma ən maraqlısı sonra baş verib. Zərər çəkən və sığorta şirkəti zərəri qiymətləndirmək məsələsində razılığa gələ bilməyəndə müstəqil ekspert cəlb etmək qərara alınıb. Şirkətdən Palatanın qeydə aldığı ekspertlərin siyahısını Elman Abdullayevə göstərib bildiriblər ki, 2-3 nəfər buradan istədiyi eksperti seçə bilər: «Mən Əhməd Talıblı adlı eksperti seçdim, amma buna razılaşmadılar, dedilər ki, biz həmin şəxslə işləmək istəmirik, başqasınıvı seç. Mən də buna etiraz edib, şirkətə ümumiyyətlə yazılı müraciət edəcəyimi, cavabı da yazılı istəyəcəyimi bildirdim».

Məsələ ilə bağlı «Günay Sığorta» şirkətindən FED.az- bildirilib ki, sözügedən hadisə iyulun 21-də baş versə də, bu barədə şirkətə üstündən 17 gün keçdikdən sonra – 06.08.2019-cu il tarixində məlumat verilib, hadisə dərhal qeydə alınıb və sığorta ödənişinin edilməsi üçün tədbirlərə başlanılıb: «Vətəndaş hadisədən 17 gün keçdikdən sonra məlumatın gec təqdim edilməsi ilə bağlı bildirmişdir ki, o, avtomobilin mülkiyyətçisidir, ona məxsus avtomobili hadisə zamanı digər şəxs idarə edib və digər tərəf zərərin özü tərəfindən qarşılanacağına dair əminlik yaratmışdır. Göstərilmiş səbəbdən hadisə iştirakçıları sığorta hadisəsi ilə bağlı Cəmiyyətə rəsmi müraciət etməmişlər. Sığorta ödənişi ilə bağlı Cəmiyyətə rəsmi tələb irəli sürmüşlər»-deyə «Günay Sığorta» bildirir.