Tribuna İnformasiya Agentliyi

68 zəvvar “kitayski hacı” oldu (VİDEO)

13 Aprel
Türkiyənin Kahramanmaraş rayonunun Elbistan qəsəbəsində həcc ziyarəti üçün turizm şirkətlərindən biri ilə müqavilə bağlayan 68 nəfər müqəddəs torpaqları ziyarət etmək adı ilə yola çıxarılaraq aldadılıblar.
Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, turizm şirkəti zəvvarları ölkənin Qaziantep və Şanlıurfa şəhərlərini gəzdirdikdən sonra geri gətirib. Avtobusda aldadıldıqlarını anlayan vətəndaşlar Elbistandakı yaxınlarına bu barədə məlumat veriblər.
Turizm şirkətinin zəvvarların hər birindən səfər üçün 690 dollar aldığı məlum olub.
Zəvvar Mehmet Kılıç mətbuata açıqlamasında müqəddəs torpaqlara Kayseri şəhərindən təyyarə ilə yola salınacaqları adı ilə aldadılaraq avtobusa mindirildiklərini deyib:
“Avtobusa mindirildikdən sonra Şanlıurfada Balıklı Gölü gəzdirəcəklərini söylədilər. Amma axşam saatlarında bizi apara bilməyəcəklərini deyib, Elbistana geri gətirdilər. Müqəddəs torpaqlar, Məkkə və Mədinə adı ilə yola çıxdıq, amma Şanlıurfanı gəzib qayıtdıq”.
Vətəndaşların şikayəti əsasında avtobus sürücüləri saxlanılıb.