645 nəfərin öldüyü dəhşətli dəmiryol qəzası – üç nəfərə 2 il həbs cəzası, dörd nəfərə isə şərti cəza verilibbackend

645 nəfərin öldüyü dəhşətli dəmiryol qəzası – üç nəfərə 2 il həbs cəzası, dörd nəfərə isə şərti cəza verilib

4 iyun 1989-cu il. Sov.IKP MK-nın baş katibi, faktiki SSRİ rəhbəri Mixail Qorbaçov bazar günü üçün planlaşdırılan bütün tədbirləri təxirə salaraq SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə təcili olaraq təyyarə ilə Ufa şəhərinə uçur. O, gecə baş vermiş dəmiryol qəzasının ağır nəticələrini nəzərə alaraq, hadisə yerində şəxsən özünün olmağını zəruri sayır…

Dünya tarixində ən dəhşətli dəmiryol qəzalarının biri məhz bu tarixdə, 4 iyun 1989-cu ildə SSRİ-də, Ufa şəhəri yaxınlığında baş verib. Ufa-Çelyabinsk dəmiryolu ərazisində, Aşa şəhərindən 11 kilometr aralıda, 211 nömrəli Novosibirsk-Adler və 212 nömrəli Adler-Novosibirsk sərnişin qatarları qəzaya uğrayıblar. Qəzanın səbəbi dəmiryol xəttinin yanından keçən maye qaz kəmərindən qaz sızması olub. Qatarlar həmin ərazidən keçərkən qatar təkərlərindən çıxan qığılcım partlayışla nəticələnib. Partlayışın gücü 12 kilotona bərabər olub. Müqayisə üçün qeyd edək ki, Xirosimaya atılan atom bombasının partlayışının gücü 16 kiloton hesablanıb.

Müəmmalı məqamlardan biri odur ki, qatarlar əks istiqamətlərdə yan-yana keçərkən partlayış baş verib. Əslində qrafikə görə qatarların həmin saatda həmin nöqtədə üz-üzə gəlməli deyildilər. Məhz hər iki qatarın qaz kəmərinin sızma yerindən eyni vaxtda keçməsi istintaq zamanı şübhələr yaradıb.

1284 sərnişini daşıyan hər iki qatarda 38 vaqon, 2 lokomotiv olub və partlayışdan sonra onların heç biri istismara yaramayıb.

Partlayış nəticəsində 645 nəfər həyatını itirib, 623 nəfər ağır yanıq dərəcəsi və bədən xəsarəti ilə əlillik qazanıblar. Həlak olanlardan 181 nəfəri uşaqlar olub. Şahidlər bu qəzadan sağ çıxmağı möcüzə sayıblar.

Gecə 01.15-də baş verən partlayış zamanı qatarın parçalanmış hissələri 100-200 metr hündürlüyə qədər göyə sovrulub, 11 kilometr aralıda yerləşən Aşa şəhərində və ətraf qəsəbələrdəki evlərdə pəncərələrin şüşələri cilik-cilik olub.

Qatarın sərnişinləri əsasən Adlerə, Soçiyə istirahətə gedənlər və istirahətdən qayıdanlar, o cümlədən qrup şəkilində yay düşərgələrinə yollanan məktəblilər və onların rəhbərləri olub.

Həmin dövrdə 18 yaşı olan maşinist köməkçisi Sergey Vasilyev sonralar hadisəni belə xatırlayıb:

“Məktəbi bitirdikdən sonra maşinist köməkçisi kimi işə düzəlmişdim. Düşünürdüm ki, hərbi xidmətə qədər işləyim. İyunun 3-də Novosibirsk-Adler reysində maşinist köməkçisi kimi sonuncu iş günüm idi. Bir-iki gündən sonra əsgərliyə gedəcəkdim. Partlayış baş verəndə yatmışdım. Gözlərimi açanda əvvəlcə heç nə anlamadım. Gördüklərin kinolardakı müharibə səhnələrini xatırladırdı. Maşinist yerə uzanmışdı. O, cüssəli və güclü bir kişi idi. Mən onu nə qədər silkələdimsə, heç bir nəticəsi olmadı. Arxa tərəfdən isə yanğın ildırım sürətilə gəlirdi. Qapıları havaya uçmuş lokomotivdən yerə tullandım. Üçüncü vaqonda gedən yaşlı qadın catlamış pəncərini sındırmaq istəyirdi. O, altı nəvəsi ilə birlikdə Soçiyə istirahətə gedirdi. Hələ qatara minik başlananda mən nəvələrin vaqona minməsinə kömək etmişdim. Pəncərəni sındırdım. Nənə uşaqları mənə ötürdü, ücüncüdən sonra özü düşdü, digər üç nəvəsi nisbətən böyük idi, özləri pəncərənin yerindən çıxa biləcəkdilər. Ancaq bu mümkün olmadı, növbəti alov dalğası hər üçünü gözlərimizin önündə külə döndərdi. Növbəti vaqonlara keçdim, yaralı yanmış, zədələnmiş insanları əşya kimi yanğının içərisindən çölə atmağa başladım… Və gözlərimi açanda artıq xəstəxanada idim, 80 faiz yanıq dərəcəsi ilə məni xəstəxanaya çatdırmışdılar. Bir müddət keçdikdən sonra həmin nənə məni xəstəxnada tapdı. Uzun müalicədən sonra xəstəxanadan çıxdım. Artıq hərbi xidmətə yararsız idim. Köhnə işimə qayıtdım. Yenidən maşinist köməkçisi işləməyə qərar verdim. Ancaq ilk iş günündən sonra qatarları birdəfəlik tərk etdim. Hər dəfə qatar görəndə, həmin dəhşətli səhnələr gözlərimin önünə gəlirdi…”

Qəzadan sonra hadisə yerinə gələn Qorbaçov xüsusi dövlət komissiyası yaradıb, hadisə ilə bağlı cinayət işi açılaraq istintaq başlanıb.

Yuxarıda qeyd etdiyimiz kimi qrafikə uyğun olmayaraq hər iki qatarın eyni vaxtda, eyni nöqtədə olmaları istintaqa və komissiyaya hadisənin terror aktı olduğu versiyasını istisna etməyib. Məsələnin bu tərəfi ilə DTK araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, Adlerə istiqamət alan qatarın maşinisti əvvəlcədən dispetçerə hərəkət cədvəlinə görə gecikməsi ilə bağlı məlumat verib və gecikmənin səbəbini Ufaya qədər olan stansiyada kiçik təmir işləri ilə bağlı əsaslandırıb. Elə bu gecikməyə görə də qatarlar məhz hadisənin baş verəcəyi yerdə qarşılaşıblar. Digər araşdırmalarda da heç bir şübhəli fakt terror versiyasını təsdiq etməyib.

İstintaq qaz kəmərini çəkən müvafiq qurumlarda davam edib. Ekspertlər kəmərdə nazaslığın və sızmanın olmasını tam sübuta yetirdikdən sonra, məlum olub ki, kəmərin çəkilməsini icra edən SSRİ Neft Sənayesi və SSRİ Qaz Sənayesi nazirliklərinin texniki təhlükəsizlik məsələlərinə cavabdehlik daşıyan şəxsləri 1984-cü ildən istismara verilən kəmərə bir dəfə olsun baxış keçirməyiblər və heç bir qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilməyib.

80 cilddən ibarət istintaq materialları məhkəməyə 1992-ci ildə, SSRİ dağıldıqdan sonra təqdim olunub. Üç gün davam edən məhkəmə prosesi istintaqın tam sona çatdırılmamasını bəyan edərək, işi yenidən istintaqa göndərib. Nəhayət, hadisədən 6 il keçdikdən sonra, 1995-ci məhkəmə yenidən işə baxıb. Bu dəfə məhkəmə yüzlərlə insanın həyatını itirməsi ilə bağlı hadisənin günahkarlarını ərazi üzrə qaz kəmərlərinin təmirilə məşğul olanlarda görüb. Qəza ilə bağlı 3 nəfər 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 4 nəfər isə şərti cəzaya məhkum edilib.

Bu, qəzada həlak olanların ailələrinin etirazına səbəb olsa da, 1995-ci ilin qarışıq Rusiyasında bu etirazı heç kim eşitməyib.
Qeyd edək ki, qəza baş verən yerdə hadisə zamanı həlak olanların xatirəsinə abidə ucaldılıb.

İlham Cəmiloğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az