500 manat cərimə və ya 24 saat həbs: Məhkəməyə hörmətsizlik (ŞƏRH)backend

500 manat cərimə və ya 24 saat həbs: Məhkəməyə hörmətsizlik (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu addım tərəflərin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Sadəcə, cərimənin artan məbləği ilə bağlı mübahisə aparmaq olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məhkəməyə hörmətsizlik etmək və iclas qaydalarını kobudcasına pozmağa görə Mülki Prossesual Məcəllənin 177-ci maddəsinə edilən dəyişikliyə münasibət bildirərkən deyib.
Bu dəyişiklik həmsöhbətimizə görə, məhkəmə iclaslarının daha rəvan və qanunvericiliyin tələblərinə uyğun keçməsinə xidmət edəcək:
“Mülki Prossesual Məcəllənin 177-ci maddəsində belə hallarda əvvəl 55 manat cərimə və yaxud 3 saatdan 24 saatadək saxlanılma cəzası tətbiq edilirdi. İndi isə cərimənin məbləği 500 manata qaldırılır. Özü də bu qayda məhkəmə prosesində iştirak edən bütün tərəflərə aiddir. Ona görə də belə bir dəyişikliyə normal yanaşıram. Bir sıra hallarda məhkəmələrdə bəzi neqativ halların şahidi oluruq. Cərimənin artırılması da məhkəmənin nüfuzunun aşağı salınması və iclaslarda qarışıqlıq yaradılmasının qarşısını almağa hesablanmış addımdır”.
 
Amma hüquqşünas cərimə məbləğinin çox olduğunu diqqətə çatdırdı:
“Burada yalnız cərimə məbləğinin çoxluğu məsələsilə bağlı mübahisə aparmaq olar. Düşünürəm ki, qoyulan 500 manatlıq cərimə məbləği bir qədər yüksəkdir. Məbləğ bir qədər aşağı salınmalı, 250 manat olmalıdır. İstənilən cərimənin müəyyənləşdirilməsi zamanı kriteriyaya müvafiq addımlar atılmalıdır. Yəni həmin cəriməni müəyyənləşdirən zaman minimal əmək haqqı məbləğindən çıxış etmək daha doğru olardı”.