“5 uşağı saxlamaq üçün 70 manatın elə də böyük köməyi dəyməyəcək”backend

“5 uşağı saxlamaq üçün 70 manatın elə də böyük köməyi dəyməyəcək” – FAKT BUDUR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb. Bununla bağlı Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Maraqlıdır, bu artım çoxuşaqlı ailələrin sayının artmasına stimul ola biləcəkmi?

TİA.AZ-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu məsələyə yanaşması tamamilə fərqlidir. “Bizdə elə sosial siyasət qurulmalıdır ki, hər ailənin keyfiyyətli şəkildə 3 övlad böyütmək imkanı olsun. Çünki bir və iki uşaqlı ailələr çoxaldıqca, əhali sayı azalır. Nəzərə alaq ki, övlad dünyaya gətirə bilməyən insanlar da var. Bir uşaq olduqda o, böyüklərin əhatəsində olur, uşaq psixologiyası olmur. İki uşaq olanda münaqişəli olur. Bir sözlə bunun həm psixoloji, həm də demoqrafik tərəfi var.

Ölkədə əhali sayı azaldıqda isə sosial fəlakət olur. Məsələn, Çində bir müddət uşaqların az doğulması ilə bağlı tədbir gördülər, lakin qocaların sayı o qədər artdı ki, onlar çaşıb qaldılar. Hazırda Çində evlənmək yaşında olan gənclərdə oğlanların sayı, qızların sayından 32 milyon çoxdur. Bu ondan irəli gəlir ki, uşaq sayı az olsun dedikdə ailələr çalışırlar ki, həmin tək övladları məhz oğlan olsun. Bu isə övlad qətliyamı deməkdir. Ona görə çalışmalıyıq ki, 3 uşaqlı ailələrin sayı çox olsun. Çünki uşaq, tək ata-ananın deyil, həm də ölkənindir. Bu uşaqlar sabah ölkə üçün orduda, elmdə, idmanda və s. sahələrdə iştirak edir. Ona görə də biz tamamilə elə bir siyasət qurmalıyıq ki, 3 uşaqlı ailə modeli işləsin”.

Ekspertin sözlərinə görə, yoxsul ailələrə uşaq pulu verilsin, imkanlı ailələr isə dövlətin imkanı yoxdursa, verməsin.

“İndi 5 uşaqlı ailələrə müavinət veriləcək. Məsələn, bir ailə hər cür imkana malikdir və 5 uşağı var. Bu müavinət onlara da veriləcək. Ona görə də burada fərqli yanaşmaya ehtiyac var. Dövlətin elə vaxtıdır ki, hamıya uşaq pulu vermək imkanı yoxdur. Elə ailə var ki, onun üçün 3 uşağı saxlamaq problemdir, eləsi də var ki, 7 uşağı da saxlamaq problem deyil. Bu məsələlərə tələsik, mexaniki yanaşmaq lazım deyil”.

Əhməd Qəşəmoğlu sonda qeyd edib ki, indiki cəmiyyətdə, alıcılıq qabiliyyətində 5 uşağı saxlamaq üçün 70 manatın elə də böyük köməyi dəyməyəcək.

“Ona görə də bu çox uşaqlılığa stimul olmayacaq. Çox uşaqlılıq istəyiriksə, başqa stimullar sistemi düşünmək lazımdır. Bu yanaşma köhnəlib artıq. Say təkibi yox, keyfiyyət önəmlidir. Elə ailə var ki, orada 3 keyfiyyətli uşaq olsa yaxşıdır, nəyinki başqa ailədə 10 uşaq. Həmin 10 uşağın cəmiyyətə xeyri yoxdursa, heç kimə lazım deyil.

Ailə, sosial siyasətlə işləyən adamlarda indiki elmin tələbləri ilə işləmək zərurəti var, amma onlar bunu yaxşı duymurlar”.