Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sentyabrın 5-dən etibarən əldə edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:
İxtisas qrupu |
Qəbul olunanlar ( o cümlədən subbakalavrlar) | ||
Ödənişli | Dövlət sifarişi əsasında | Cəmi | |
I | 4055 (1961) | 9459 (427) | 13514 (2388) |
II | 7361 (3549) | 4174 (350) | 11535 (3899) |
III | 8266 (61) | 4320 (0) | 12586 (61) |
IV | 1197 (282) | 2375 (140) | 3572 (422) |
V | 2126 (37) | 1528 (3) | 3654 (40) |
Cəmi | 23005 (5890) | 21856 (920) | 44861 (6810) |