27 il sonra məzarlarını tanıyan Əmirxanlılar (VİDEO)backend

27 il sonra məzarlarını tanıyan Əmirxanlılar (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məmmədov Xəlil Paşa oğlu, 1892-1972. 48 il əvvəl dünyasını dəyişən bu şəxsin məzarını doğmaları ilk 21 il ərzində ziyarət edə biliblər. Ta ki, 1993-cü ilin məlum Zəngilan işğalınadək.
ARB Xəbər 27 il sonra məzarlarını tanıyan Əmirxanlı sakinləri ilə bağlı maraqlı sujet hazırlayıb.Sözügedən sujetdə oğlu, Cəlil kişi deyir ki, doğma kəndimi, atamın məzarını videoda görəndə uşaq kimi kövrəldim.
Cəlil Məmmədov: “O göstərilən qəbiristanlıqdakı qəbirlərdən biri də mənim atamın qəbiridir. Mənfur düşmənlər dağıdıblar, dəmir cağları kəsib-doğrayıb, söküb aparıblar. Qəbirlərin çoxunu əziblər, ayaqlayıblar. Didərgin düşəndən sonra 27 ildi getmirəm. Kənddə birinci qəbiristanlıqları ziyarət edəcəm. Mən o torpaqda ölmək istəyirəm”.
Əmirxanlı kəndinə gəlin gələn Sarıgül nənə deyir ki, vaxtaşırı Xəlil kişinin – qayınatamın məzarını ziyarət edər, təmizləyər, dualarını əskik etməzdik. Kişinin bağ-bağatı da ki, bütün kənddə məşhur idi.
Sarıgül Məmmədova – Zəngilanın Əmirxanlı kənd sakini: “O, Əmirxanlı kəndində mənim qayınatamın 6 otaqlı 2 mərtəbə evi var idi. Bağı, həyəti  ölçüyə gəlməzdi. Tap deyilən yer vardı, deyirdilər ki, o Tapa çıxanda Xəlil kişinin bağının meyvələrinin iyi adamı vurur. Bağımız, evimiz həyətimiz, çeşməmiz, kəhrizimiz var idi. Onların ruhu bizim başımızın üstündədir. Onlar da darıxır, biz də darıxırıq”.
Əmirxanlı, Vejnəli kəndləri və Ağbənd qəsəbəsi bir inzibati ərazi nümayəndəliyinə daxil olub. Öyrəndik ki, Əmirxanlı ilə yanaşı digər kəndlərdə də bir neçə salamat qəbir tapmaq mümkündür. Baş daşı sındırılan, yerində olmayan qəbirləri isə, doğmaları bəlkə də YERİNƏ GÖRƏ tanıya bilər.
Vüsal Rzaquliyev – Zəngilan rayonu Vejnəli kənd icra nümayəndəsi: “Qəbiristanlıqların çoxu dağılsa da bir hissəsi qalıb. Orada qalan qəbirlərin üzərində azərbaycanlıların ad, soyadları var. Bunlar bizim arxivlərdə var. Özüm Vejnəli kəndindənəm. Orada bizim qəbiristanlıqdan əsər-əlamət yoxdur. Atamgilin və atamın atasıgilin orada məzarları var idi, onlar da dağıdılıb”.
O qəbirlərin üzərindəki 27 illik alaq otlarının yerini yenə gül-çiçək tutacaq. Yenə dualar oxunacaq, yenə bayramlarda o məzarların üstündə şamlar yandırılacaq. Ölü dirisinə, diri ölüsünə qovuşacaq.