Tribuna İnformasiya Agentliyi

23 yaşlı Tünzalənin cinayəti: O, qolunu sındıran ərini öldürüb

10 Sentyabr

Ərini öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə ittiham edilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, T.Vəliyeva ittiham aktını almayıb. Bu səbəbdən də məhkəmə iclası sentyabrın 17-nə təxirə salınıb.

Cinayət hadisəsi bu il Bakının Sabunçu rayonunda baş verib. Tünzalə Vəliyeva həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürüb. İlkin məlumatda onun hadisəni özünü müdafiə edərkən törətdiyi deyilir.

İki azyaşlı uşaq anası olan Tünzalə Vəliyeva ilk açıqlamasında ərinin onu hər gün döydüyünü bildirib. Ərinin günəmuzd əməklə məşğul olduğunu, onun evə çox vaxt içkili gəlməsindən bezdiyini deyən Tünzalə onu öldürməyi əvvəlcədən planlaşdırmadığını deyib: “Məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım”.

Tünzalə Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb və gipsdədir. Onun başının bəzi hissələrində, xüsusilə də çənə nahiyyəsində əzik xəsarətləri olub.

Qeyd edək ki, fakta görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.