2022-nin əvvəlindən dolların məzənnəsinin artmasını görəcəyik? – Ekspertbackend

2022-nin əvvəlindən dolların məzənnəsinin artmasını görəcəyik? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“2022-ci ilin əvvəlindən başlayaraq dolların məzənnəsinin artmasının şahidi olacağıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini dəyişdirməyərək 0-0,25 faiz saxlamasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, bu addım bazar üçün sürpriz olmayıb:
“FED-in faiz dərəcəsini artırmayacağı bəlli idi. Çünki belə bir gözlənti yox idi. Ən yaxşı halda faiz dərəcəsinin gələn ilin ortalarından artırılması gözlənilir. Ona görə də FED tərəfindən atılan bu addım bazarlar üçün sürpriz olmadı”.
Həmsöhbətimiz FED-in bəzi açıqlamalarına diqqət yetirməyin vacib olduğunu bildirir: 
“Bəzi açıqlamalar onu göstərir ki, FED ən azından gələn aydan başlayaraq bazara buraxacağı likvidliyi azaltmağı düşünür. Gələn ildən isə FED likvidliyin daha nəzərə çarpacaq azalması yolunu tutacaq. Çünki inflyasiya rəqəmləri ABŞ-da həddən artıq yüksəkdir. Norma olaraq 2 faiz götürülsə də, artıq inflyasiya 5 faizə çatıb. Bu isə normadan iki dəfə artıq inflyasiya deməkdir”.
N. Cəfərlinin fikrincə, proses gələn ilin əvvəlindən başlayaraq, dolların məzənnə baxımından daha da güclənməsinə gətirib çıxaracaq: 
“Düşünürəm ki, gələn ildən başlayaraq likvidliyin azalması proqramı daha sərt şəkildə özünü göstərəcək. Nəticə etibarı ilə dünyada COVİD-lə əlaqəli geniş vüsət alan likvidlik bolluğu tədricən azalacaq. Bu isə dolların məzənnəsinin güclənməsinə səbəb olacaq. Likvidlik azalacaqsa, FED tərəfindən bazarlardan əlavə vəsait toplanacaqsa, gələn ilin əvvəlindən başlayaraq dünyada dollar indeksinin yüksəlməsinin şahidi olacağıq”.