Tribuna İnformasiya Agentliyi

2018-ci ilin ən gülməli kriminal hadisələri: sən pələng yox, dovşansan

25 Dekabr
2018-ci ilin bitməsinə bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də maraqlı və qeyri-adi hadisələri ilə yadda qalıb.
Qaynarinfo bu il ölkəmizdə və dünyada baş vermiş ən gülməli kriminal hadisələri sizlərə təqdim edir:
Bankomatın dezinfeksiya edilməsi – Bakı, Azərbaycan
Yəqin ki, bankomat soyğununu unutmamısınız. Naməlum şəxslər Yasamal rayonunda, Hüseyn Cavid parkı və Vergilər Nazirliyinin binası yaxınlığında yerləşən Kapital Banкın bankomatını qaynaq aparatı ilə kəsərək içindəki 174 min manat pulu aparmışdılar.
Belə ki, tibbi maska taxmış iki kişi gündüz bankomatın yanına gəliblər. Bankın Yasamal rayon filialının işçilərindən biri onlardan şübhələnib. O, naməlum şəxslərə yaxınlaşaraq nə işlə məşğul olduqları ilə maraqlanıb. Adamlar soyuqqanlılıqla cavab veriblər ki, “sanepidemstansiya”dan gəliblər və buraları “dezinfeksiya” edəcəklər. Sonra naməlum şəxslər çıxıb gediblər. Bankomatın “dezinfeksiyası” isə kiçik qaynaq aparatının köməyi ilə gecə baş tutub.
Sən pələng yox, dovşansan – Krivoy Roq, Ukrayna
Bəzi oğrular özlərini cəsarətləndirmək üçün oğurluq zamanı üzlərinə xarakterik maskalar taxırlar. Krivoy Roq sakini də oğurluğa gedərkən Yeni İldə istifadə olunan bir pələng maskası taxıb. O, mağazada satıcıları qorxudub pulları almağı bacarsa da, mağazanın təhlükəsizlik işçisi onu zərərsizləşdirərək, dovşan kimi əl-qolunu bağlayıb. Polis gələndə isə yerdə bir pələng yox, dovşan tapıb və oğrunu həbs edib.
Pivə insanları pozur – Odessa, Ukrayna
Odessa sakini çox şey istəmirdi, sadəcə pivə. O, dükanlardan birindən pivə oğurlayaraq, qaçıb. Lakin divarı aşarkən ayağı məftilə ilişib və yarım saat divardan asılı vəziyyətdə qalıb və kömək istəməyə başlayıb. Köməyə isə təəssüf ki, polis gəlib və oğru ələ keçib.
Dedektiv oxuyan qız – ABŞ
Çoxlu dedektiv əsərlər oxuyan 20 yaşlı Karen Li Cohimmiqanqster olmaq qərarına gəlib. Silah almaq üçün lisenziyası olmadığından, oğurluğa evdən götürdüyü elektrikli laqonda ilə gedib. O, Hovard Conson Moteldə kassirdən pul tələb edəndə, kassir gülməyə başlayıb. Çünki qız laqondanın elektrik şəbəkəsinə qoşulması lazım olduğunu düşünməmişdi.
Dürüst oğru – Texas, ABŞ
Maraqlı oğurluqlardan biri də ABŞ-ın Texas ştatında yaşanıb. Edvin Qaynor adlı vətəndaş polisə kömək məqsədilə işə düzəlmək istəyib. Polis bölməsində ondan anket doldurmasını tələb ediblər. O, lazımi məlumatları yazıb, lakin suallardan biri hər şeyi alt-üst edib: “Heç oğurluq etmisinizmi?”
Edvin gerçəkləşdirdiyi 5 soyğunun hamısını bütün detalları ilə anketə yazıb. Polis məsələni araşdırdıqdan sonra o, polis bölməsində saxlanılaraq, həbsə göndərilib.
“McDonald`s”ın soyulması – Çikaqo, ABŞ
Çikaqoda iki dost “McDonald`s”ı soymağı qərara alırlar. Bunun üçün restoran bağlanmadan bir qədər öncə ora gedirlər. Lakin yemək qoxusu oğruları acdır. Onlar pulları götürdükdən sonra hamburger sifariş edirlər. Satıcı soyuduğundan hamburgerləri isitməli olduğunu deyir. Ac oğrular razılaşırlar. Satıcı vaxt öldürərək, hamburgerləri isitməyə başlayır. Lakin yemək tam hazır olanda, polis artıq qapıda idi.
Kremli oğru – Kaliforniya, ABŞ
Kaliforniyadan Cek Stenford adlı bir nəfər bankı soymaq istəyib. Lakin həmin gün maska almağı unutduğundan, bankın yaxınlığındakı marketlərdən birinə girərək, rəngli krem alıb.
Üzünü kremləyən oğru banka daxil olanda kassir gülümsəməyə başlayıb, lakin o, silahını çıxararaq hədə-qorxu gəlib və pulları almağı bacarıb. Bu zaman krem əriyərək gözünə tökülüb və oğru bir gözü kor halda təşvişə düşərək qaçmağa başlayıb. Qapı ilə şüşənin yerini səhv saldığı üçün isə şüşəyə çırpılaraq yerə yıxılıb və huşunu itirib. Ayılanda isə hər şey bitmişdi. Başının üstündə polislər vardı.