Tribuna İnformasiya Agentliyi

1956-da Qız qalasına bayraq sancan gənclər – İnanılmaz mübarizə

09 Noyabr

1956-ci ilin mayın 28-də – SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar.

Axar.az yada salır ki, bu olaya qədər onlar 1956-cı ildə quruluşun bütün nöqsanlarının Stalinin adı ilə bağlandığını, böyük və hay-küylü bir kampaniya başlandığını görən gənclər burada sərbəst fəaliyyət göstərməyin mümkünsüzlüyünə tam yəqin olaraq, xaricə getməyi, mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri ilə birgə fəaliyyət göstərməyi qərəra alırlar. Bəs xaricə necə getməli?

Amerikalı skripkaçı və müəmmalı avtoqəza

Güney Azərbaycanda iki il yaşamış Cahid qaçmaq üçün ən münasib yer İranı sayır. Rayonlarda yüksək ixtisaslı kadrlara böyük ehtiyac olmasından istifadə edib Azərbaycan Mədəniyyət Nazirliyinə ərizə yazaraq, Lerik rayonunda işləməyə getmək istədiklərini bildirirlər. İstəklərinə də müsbət cavab alırlar. Onlar Azərbaycanın böyük xəritəsini alır, Lerik dağlarında sərhədin zəif nöqtəsini müəyyənləşdirir, oradan İrana keçməyi planlaşdırırlar. Məqsədləri oradan da Turkiyəyə keçib Çingiz Abdullayevin mühacirətdə olan yaxın qohumu vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin fəallarına qoşulmaq idi. Çingiz Moskvada pasport qeydiyyatında olduğuna görə Lerikə getməsinə icazə ala bilmir. O, Moskvaya pasport qeydiyatından çıxmağa gedir. Orada Amerikalı skripkaçı İsaak Sternomun konsertinin afişalarını görür. Xaricə getməyin yeni planını hazırlayır. Konsertə bilet alır. İsaak Sternoma gül təqdim edərkən Amerika səfirliyinin telefonlarını xəbər alır. Skripkaçıdan öyrəndiyi telefonla Moskvadakı ABŞ səfirliyinə zəng vurur və səfirliyin birinci katibi Natyanel Devislə görüşür. O, Çingizin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqəsindən şübhələnsə də, istəyini dinləyir və təkrar görüş təyin edir. Dörd gün sonra, yəni 1956-cı il mayın 8-də Çingiz səfirliyin hərbi attaşesi Frenklə görüşsə də, üçüncü görüş ərəfəsində DTK əməkdaşları tərəfindən yaxalanır. Beləliklə, onların xaricə getmək cəhdi də baş tutmur.

1956-cı il martın 6-7-də Tiflisdə 200 min nəfərə yaxın insanın iştirak etdiyi mitinqin təsiri nəinki Gürcüstana, hətta onun sərhədindən uzaqlara da yayılır. C.Hilaloğlu və dostları Sovet ordusunun Tiflis şəhərində onlarla qocanı, qadını, uşağı oldürməsini və həbsxanaya atmasını pisləyirlər. Bu hadisələrin üstündən heç 7-8 ay keçməmiş Sovet ordusu Macarıstanın müstəqilliyi uğrunda mübarizə aparanları qan içində boğur. Cahidgil bu qanlı qırğını da pisləyirlər. Nəhayət, 1957-ci ilin mayın 28-də Cahidgil Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı qərarlaşdırırlar.

Bu qərarın icrası ilə bağlı xatirələrdə bir dolaşıqlıq, qeyri-dəqiqlik var. Yekdil fikir odur ki, bayrağı Qız qalasının üzərinə qaldıran Cahid Hilaloğlu olub. Bəs bu plan harada, kimlərin iştirakı ilə hazırlanıb, necə həyata keçirilib? – sualına xatirələr tam aydınlıq gətirmir.

Cahid Hilaloğlunun əməlləri DTK (KQB) tərəfindən aşkarlanır. Onu ittiham edənlərə Cahid deyirmiş: ”Nədən Əfqanıstanda baş verənlər milli azadlıq hərəkatı, Macarıstandakı isə əksinqilabi qiyam adlandıılır?”

Xüsusi xidmət orqanları isə daha bu gənclərin “nazı ilə oynamaqdan bezib” sərt tədbirlər planlaşdırır. Cahid Hilaloğlu oğurluqda təqsirləndirilərək həbs edilir. Onu Azərbaycan SSR CM 21-63 maddəsilə və Aərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğatı və təşviqatında ittiham edirlər. İşinə Azərbaycan SSR Ali Məhkəməsi baxır və 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırır.

Həbsdən sonra Cahid Hilaloğlu xeyli işsiz qalır, nəhayət, anadan olduğu Ağdam şəhərində yeni açılmış dövlət dram teatırında fəaliyyətə başlayır. Ömrünün sonunadək orada çalışır. 1991-ci il mayın 30-da nömrəsi bilinməyən bir “Volqa” avtomobili Cahidi vurur. Bu hadisəni sui-qəsd hesab edənlər var.

Dəlixanadan səfirliyə qaçış…

Çingiz isə hələ 1948-ci ildə “dələduzluqla dövlətə və ya ictimai idarəçiliyə zərər vurmaq”da ittiham edilərək üç il həbsə məhkum olunur. O, sovet quruluşunun eybəcərliklərini pisləyən vərəqələr yazıb divara vurmağa qərar verir. Bu vərəqələrdə əhalini beynəlxalq təşkilatların nəzarəti altında demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb müstəqil dövlət qurmağa çağırırlar. Onu Teatr İnstitutundan da xaric edirlər.

1968-ci ildə Smolensk vilayətinin Sçov şəhər Xalq Məhkəməsinin qərarıyla Çingiz Abdullayevi Bakıya, 1 nömrəli Maştağa Psixiatrik Xəstəxanasına yollayırlar… Çingiz burada onun kimi məcburi “müalicəyə” göndərilmiş məşhur dissident Nadir Ağayevlə rastlaşır. Başına gələnləri yazıb onun qohumlarına göndərir. 14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu “müalicəxana-həbsxana”dan azad edirlər. II qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq… burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağıl pozuntusundan belə danışır…

Azadlığa çıxmaq özünü həmişə “xalqlar həbsxanası”nda hiss edən Çingiz Abdullayevə rahatlıq gətirmir. O, xaricə getmək planları qurur. Moskvaya gedir. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar. Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb “Moskva” mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır. Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar…

Çingiz Abdullayev Maştağadan bir də sovetlərin çöküşündən sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. Araşdırmada vurğulanır ki, 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. 1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir.

Araşdırma qrupu onun son sorağını 1998-ci ildə Bern şəhərindən alıb. Ondan sonra Ç.Abdullayevdən soraq verən olmayıb… Öldüsü-qaldısı bilinmir.