Tribuna İnformasiya Agentliyi

19 uşaq düşürən qadın 19 il sonra ANA oldu – BAKIDA UNİKAL HADİSƏ

12 İyul

Körpənin anası: «Hələ də şokdayam, doğrudan da mən anayam?»

19 ildir övlad həsrətində olan paytaxt sakini 19-cu hamiləlik cəhdində analıq sevinci yaşayıb.

Bundan öncəki 18 hamiləliyi təxminən 5-ci və 6-cı aylarında mənfi sonluqla nəticələnən xəstədə infeksiya, şəkər və qalxanvari vəz patologiyaları müşahidə olunub.

Ginekologiyada nadir sayılan riskli hamiləlik Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nəzarətə alınıb. ATU-nin Ginekologiya kafedrasının müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru Arzu İsmayılova ailənin ona hamiləliyin 3-cü ayında müraciət etdiyini bildirib.

O bildirib ki, hamiləliyin 22-ci həftəsindən sonra patologiya şöbəsində yerləşdirilən qadın sona qədər izlənilib:

«Xanım bizə hamiləliyin 3-cü ayında müraciət edib.  Bundan əvvəlki 18 hamiləlik təxminən 5-6-cı aylarda mənfi sonluqla bitib. Ona görə də vaxtından qabaq düşük doğuş təhlükəsini aradan qaldırmaq üçün qabaqlayıcı müalicələr aparılıb. Hamiləliyin 22-ci həftəsindən sonra patologiya şöbəsində yerləşdirilən qadın sona qədər izlənilib».

Hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalan Dr. Arzu İsmayilova ailənin ümidlərini doğruldub:«Hamiləliyin 7-ci ayında doğulan körpə neonatologiya şöbəsində ciddi nəzarətdə saxlanılıb”.

Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı söyləyib ki, onlara müraciət edən qadının infeksion markerləri yüksək olub, endokrin patologiyalardan, dəfələrlə düşüklərlə nəticələnmiş hamiləlikdən əziyyət çəkib:

«Həmin ananın bir övladı doğulsa da, sağ qalmayıb. Mənim üçün vacib idi ki, baş-beyinlə bağlı problem yaşamayaq. Çünki ağciyər, mədə-bağırsaq, mübadilə, eyni zamanda, qorunmaz immun sistemləri, bu sistemlərlə bağlı çox ciddi problemlərimizin olacağını əvvəlcədən bilirdik. Amma baş-beyinlə bağlı problemin olması bizim işimizi demək olar ki, imkansız hala gətirib çıxarardı. Xoşbəxtlikdən beyinlə bağlı problemimiz olmadı. Belə uşaqlarda qansızmaları çox görürük. Ginekoloqların köməyi ilə bu problemdən də qorunduq”.

Ailə üzvləri onlara bu xoşbəxt anları yaşadan Dr. Arzu İsmayılovaya minətdar olduqlarını deyib: «Neçə illərdir övlad həsrətindəydik. Arzu həkim bizə övlad sevinci yaşatdı. Körpəmizi götürüb evə gedirik. Şükürlər olsun, bizim də ocağımızdan körpə səsi gələcək. Fikirlərimi sözlə ifadə edə bilmirəm. Hələ də şokdayam, doğrudan da mən anayam? Nə yaxşı ki, Azərbaycanda belə gözəl həkimlər var».