18 gündür “başsız” qalan “Azərsu”: Qurum hara birləşdiriləcək?backend

18 gündür “başsız” qalan “Azərsu”: Qurum hara birləşdiriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərsu” ASC-yə iki həftədən çoxdur rəhbər təyin olunmayıb. Qurumda islahatların gedəcəyi və kommunal xidmət müəssisəsinin hansısa quruma və ya nazirliyə birləşdiriləcəyi ilə bağlı söyləntilər var.
İddia olunur ki, “Azərsu” ASC İqtisadiyyat Nazirliyinə, yaxud İnvestisiya Holdinqinin səlahiyyətlərinə veriləcək. Digər məlumatlara görə isə Meliorasiya və Su Təsərrüfatı ASC ilə birləşdiriləcək.
Ekspertlərin fikrincə, bütün kommunal təsərrüfatların birləşdirilməsi ideyası da gündəmdədir. Yəni, “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, “Azəristilik” kimi şirkətlər bir mərkəzdən idarə olunacaq.
Qeyd edək ki, “Azərsu” ASC yeyinti və şikayətlərə görə tənqid olunan müəssisələrdəndir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Rəşad Həsənovun sözlərinə görə Azərbaycanda su infrastrukturunun idarə edilməsi və əhalinin su təminatının həyata keçirilməsi istiqamətində iki qurum mövcuddur:
“Ola bilsin ki, bu qurumların birləşdirilməsi və vahid siyasətin həyata keçirilməsinə, eyni zamanda problemlərin daha çevik şəkildə həll edilməsinə imkan yarada bilər. Amma bir məqamı da nəzərə alaq ki, bu yaxınlarda Melorasiya və Su Təsərrüfatına yeni rəhbər təyin edilib. Orada dəyişikliklər baş verərkən, məhz “Azərsu” ilə bağlı məqamların daxil edildiyi və ya birləşdirilməsi ehtimalları görünmürdü. Ola bilsin ki, hələki burada kadr məsələsi rol oynayır”.
Ekspert vurğulayıb ki, “Azərsu” kifayət qədər korrupsiyalaşmış və ötən dövr ərzində böyük dövlət vəsaitlərinin mənimsənilməsi müşahidə olunan qurumlardandir:
“Qurum yeyinti müşahidə olunan, eləcə də uğursuz və səmərəsiz layihələrin həyata keçirilməsinə, nəticədə də əhalinin su təminatının keyfiyyətinin ciddi şəkildə yüksəldilə bilməməsinə gətirib çıxaran işlər görüb. Ola bilsin ki, bu istiqamətdə tədqiqatlar və yoxlamalar aparılır. Bu nəticələrdən sonra artıq təhvil, təslimlə bağlı mühit yaranacaq və ora rəhbər təyin ediləcək. Azərbaycan artıq su problemi ilə üzləşmiş ölkələrdəndir. Ötən il bunun ən ağır dövrünü yaşadıq. Bəzən problrmin səbəbində komunikasiyanın düşgün qurulmaması dayanır. Bəzən gühanı qurum digər qurumun üzərinə atmaqla yola verir. Rayonlarda daha çox bu problem müşahidə olunur. Su problemi ilə bağlı “Azərsu”ya müraciət edilir. Hansı ki, təminatçı Melorasiya və Su Təsərrüfatıdır. Yəni funksionallığın qarışdığı məqamlar da var. Bu problemin və çevikliyin həll edilməs, eləcə də kordinasinın sürətləndirilməsi sözügedən iki qurumun birləşdirilməsi daha yaxşıdır. Bu zaman ictimai nəzarətin təmin edilməsi, ən əsası isə yeyintinin aradan qaldırılması imkanı yaranar.
İqtisadçı alim Nazim Bəydəmirlinin fikrincə, rəhbər vəzifədə kimin olmasından asılı olmayaraq şəffaflıqla bağlı hər hansı addım atılacağı daha vacibdir:
“Təbii ki, “Azərsu” ciddi islahat aparılacaq bir müəssisədir. Bu dövlət şirkətinin kifayət qədər xarici, həm də daxili borcu var. Monopolist olmasına baxmayaraq tariflər şişirdilir. Belə qurumların adətən rəhbərləri indiyədək hamısı bir-birlərindən fərqli olmayaraq korrupsiya mexanizmləri ilə dövlət büdcəsinin vəsaitlərini mənimsəyiblər. Qorxmaq Hüseynov da bu mənada gündəmdədir. Əslində o da bu tipli dövlət qurumlarının başında duranlardan fərqlənmir. Azərbaycanda sanki vəzifə yalnız korrupsiya sxemlərinə xidmət etmək üçün düşünülüb. Dövlət resursları şəxsi resurslar kimi istifadə olunur”.
Ekspert bir çox ölkələrdə kommunal xidmət qurumlarının Şəhər Bələdiyyəsinin tərkibində fəaliyyət göstərdiyini bildirib. O, deyib ki, yaxşı olar ki, Azərbaycanda da Şəhər Bələdiyyəsi yaradılsın və kommunal xidmət qurumlarının fəaliyyətini həyata keçirsin:
“Əslində “Azərsu” tipli qurumların səlahiyyətinin yerli icra hakimiyyətlərinə və ya bələdiyyələrə verilməsi daha məqsədəuyğundur. Amma yenə də o şəhər rəhbərliyi təyinatlı deyil, seçkili yolla seçilsə, müsbət addımlar atıla bilər. Çünki vətəndaşlar öz idarəçilərinin fəaliyyətinə nəzarət etməlidir. Hesab edirəm ki, rayon idarəetmə sistemi ləğv olunmalı, yerində bələdiyyələr və ya Böyük Şəhər Bələdiyyəsi fəaliyyət göstərməlidir. Məsələn, böyük şəhərlərdə kommunal xidmət qurumları meriyanın tabeliyindədir”, deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, mayın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. O, bu vəzifədə 2011-ci ildən çalışırdı. Qurum rəhbərliyinə hələki təyinat olmayıb.