17 ildir ananın gözləri yol çəkir….backend

17 ildir ananın gözləri yol çəkir….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Və bundan sonra neçə il çəkəcək, bəlli deyil!

Bu dəfə də gözləri yaşlı qaldı ananın. Artıq əvflə bağlı bir çox saytlar yazmışdılar. Dayanmadan zəng edir , “oğlum, siyahı açıqlanmadı?, oyrənə bilməzsən Arifin adı var, yoxsa yox?” kimi suallar məni yormurdu. Sadəcə o siyahıda onun oğlunun adının olmaması qorxusu vardı bədənimdə. Çünki 2005- dən üzü bəri hər əfv zamanı qarşılaşdığım təcrübəm var idi.

Sevincək halda “Əlişir, oğlum, deyəsən oğlum Arifin adı çıxacaq”. O kecmiş nazir var idi haa… Nədir onun adı? həəə.. Fərhad Əliyovu deyirəm, deyirlər onu da qardaşını da buraxırlar. Əgər onları buraxıblarsa deməli Arifində adı var o siyahıda. ” Belə təsəllilərlə özünü də sevinirmiş kimi görsədirdi. Və özünü də inandırmağa çalışırdı. İnandıqcada sevinməyə başlayırdı. Bəlkə Fərhad Əliyevin anasının sevincinə qoşulurdu. Axı necə də olsa o da anadır. O da bu ana kimi illərdi gözləri yol çəkir. Hər əfv fərmanını və həmin fərmanında onun da oğlunun adının çıxmasını gözləyərdi. Lakin Şövkət xanımı kimi sevinmədi Arifin anası-Tükəzban ana. Əfv fərmanı verilməsi ilə siyahının açıqlanması arasında cəmi-cümlətani 30 dəqiqə çəkdi. Və ən nəhayət Prezident İlham Əliyev tərəfindən əfv olunanların adları açıqlandı – Tükəzban ananın görmək istədiyi Arif adı orda yox idi. Yenə zəng elədi ümid gözləyən ana. Nə deyəcəyimi bilmədim. Telefonu açmadım. Dayanmadan zəng çalır. Hər cağrıda təsəlli üçün hansı sözlərdən istifadə etmək barədə düşüncələrim yorurdu məni. İstəmirdim danışım. Danışsaydım, nə deyəcəkdim? Bilmirdim…

Söhbət 17 ildir Qobustan Qapalı həbsxanasında “OMON” hadisələrinə görə ömürlük çəza çəkən Kazımov Arif və Poladov Səfadan gedir.

2005 – ci ildən 2011 ci ilə qədər Səfanın anasına – Nazilə anaya təsəlli verdim. “İnşaallah, Darıxmayın, Allah böyükdür, ” deməklə. Və sonda oğlunun azadlğını görmədən dünyasını dəyişən Nazilə anadan “canımı” belə qurtardım. İndi isə Arifin qoca və tənha anasına təsəlli vermək mənə dünyanın yükünü çəkəcək qədər çətindir. Düşünmürəm ki, Arif və Səfanın cinayəti Əlikram Hümbətobun, Rəhim Qazıyevin, Sürət Hüseynovun və digər azadlığa buraxılan məhbuslardan ağır olsun cinayətləri. Nəyə görə verilən bu əfv fərmanları onlara şamil olunmur? Həbsxana rəhbərliyi onlardan razı qaldığı, hər gün Allah dua edib namaz qıldıqları və tam islah olunduqları halda niyə buraxılmırlar azadlığa? Niyə???

Yazıya başlıq qoyarkən xeyli əziyyət çəkdim. “Yeni Musavat” qəzetində “8 ildir ananın gözləri yol çəkirdi” başlıqı bir yazı gördüm… O başlığı sonunda “di” şəkilçisini götürməklə və “8”-i “17” ilə əvəzləməklə yazıya başlıq qoymuş oldum. Kaş Tükəzban ana da sevinərdi Fərhad, Rafiq Əliyev qardaşlarının anası kimi…

Vətən üçün əsgər böyüdən ananın millət və dövlət boynunda haqqı var, ödənməli borcu var.  Onun borcunu, oğlunu qaytarmaq lazımdır. Amma əvvəlcə… Bu dövlət analardan ayrı düşüb, bu ayrılığa son vermək gərək!

Qaytar ana borcunu, O borc sənin özünsən, özünü qaytar geri!

Əlişir Əhəd