Azərbaycan UEFA Millətlər Liqasına məğlubiyyətlə başladıbackend

Azərbaycan UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.

Tia.az-ın məlumatına görə, C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib.

Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Matçın 26-cı dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər. Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.

Qrupun digər matçında Monteneqro səfərdə Kipr yığmasını 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.