Tribuna İnformasiya Agentliyi

116 orta məktəbdən Mikayıl Cabbarova şikayət

05 Noyabr

116 saylı məktəbdə nə baş verir? Şikayət ərizələri niyə geri götürülür? 116 saylı məktəbdə nə baş verir? Şikayət ərizələri niyə geri götürülür?


TİA.AZ  İslamazeri.az-a istinad edir. Sayt bildirir ki, redaksiyaya oxucu məktubu daxil olub. Məktubda deyilir: “Xətai rayonunda yerləşən 116 saylı orta məktəbdə çox qəribə hadisələr baş verir. Valideynlərdən biri məktəbdəki müxtəlif bəhanələrlə pul tələblərinə görə Təhsil Nazirliyinə müraciətlər edib. Təhsil Nazirliyi müraciət əsasında məktəbə gələcəkləri ərəfədə isə sinif rəhbərləri valideynləri toplayaraq onlara bildiriblər ki, nazirlikdən yoxlama gələcək. Hamı nazirlik rəsmilərinə bildirsin ki, bu məktəbdə heç vaxt pul yığılmayıb. Hətta yığılan pulların da direktor tərəfindən qaytaracağı iddia edilib. Bundan başqa məktəb barədə TN və BŞTİ idarəsinə şikayət daxil edildikdən sonra müəyyən şəxslər tərəfindən hədə-qorxular edilir, şikayət edən şəxslər təzyiq və təqiblərə məruz qalır. Məktəbin direktoru Aidə Seyidovanın həyat yoldaşı Yasamal Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Valideynlər hesab edirlər ki, təzyiqlərin yuxarı təbəqələrdən edilməsinə səbəb bu da ola bilər.”

 

Məktubda həmçinin bildirilir ki, valideynlərin bir çoxunda pul alınması ilə bağlı səs yazıları və video görüntülər mövcuddur. 

Lakin həyatlarının təhlükədə olmasından çəkinərək bunu təqdim etməyə qorxurlar.

 

Bununla bağlı direktorla əlaqə saxlayıb məlumatı dəqiqləşdirmək istənilsə də, çox qısa və yayındırıcı cavablar verməklə telefona “adboy” verib: “Təhsil İdarəsi ilə əlaqə saxlayın”. Daha bir neçə zəng olunsa da, suallar cavabsız qalıb.

 

Xatırladaq ki, mətbuatda 116 saylı məktəbdəki rüşvət olayları ilə bağlı çox sayda məqalə və araşdırmalar gedib. Hətta bu barədə məhkəmə iclasları da keçirilib.

2016-cı ilin mart ayında media üzərindən Təhsil naziri Mikayıl Cabbarova belə bir müraciət edilib: “Məktəbin direktoru Aidə Seyidovanın pul yığma kampaniyası biz kasıb valideynləri bezdirib deyə mətbuat vasitəsi ilə cənab Mikayıl Cabbarova müraciət edirəm. Cənab nazir, 116 saylı məktəbin direktoru Aidə Seyidova hər il dekabrın 14-də ad günü münasibəti ilə hər şagirddən 15 manat, hər il fond pulu adı ilə 30 manat pul yığır. İndi də qarşıdan gələn 8 mart Qadınlar bayramı münasibəti ilə hər şagirddən 30 manat yığılmasına tapşırıq verib. Pul verməyən şagirdin məktəbdən qovulmasını tələb edib. 116 nömrəli orta məktəbdə 800 şagird təhsil alır. 

Axı bu direktor Aidə Seyidova kimdir ki, özünü qolçomaq kimi aparır? Ailəmiz acınacaqlı vəziyyətdə dolanır. Qorxuram ki, pulu verə bilmədiyimiz üçün övladımı məktəbdən qovarlar. Cənab Mikayıl Cabbarov, bütün kasıb valideynlər adından xahiş edirəm, bu qanunsuzluq faktını araşdırıb müəllim adına yaraşmayan qanunsuz əməllərlə məşğul olan Aidə Seyidova barəsində tədbirlər görəsiniz. Sizdən xahiş edirəm, mümkün olsa, adımı gizli saxlayın, qorxuram övladımı məktəbdən qovarlar. Allah köməyiniz olsun”. Xəbərin mənbəsi:  http://www.bizimyol.info/news/73833.html

 

Əlavə məlumat üçün bildirək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq avans məbləğlərinin həcmi şagirdlərin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 -1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf etməli və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat verməlidir. Məktəblərə avansların verilməsi isə 2013-cü ildən etibarən məktəblərdə “fond pulu”, “süpürgə pulu” adı ilə şagirdlərdən pul yığılmasına qadağa qoyulması deməkdir. “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibəti ilə isə şagirdlərdən pul yığılması isə qanunla qadağan olunub.