Tribuna İnformasiya Agentliyi

1 milyon ödədi, azadlığa buraxıldı

28 Dekabr

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınmada təqsirləndirilən Xanlar Cəfərova hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə X. Cəfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

X. Cəfərov vergiyə və zərərçəkmişlərə dəyən ziyanı ödəyib.

İttihama görə, X.Cəfərov külli miqdarda dələduzluqda və 1 milyon manatdan çox vergidən yayınmada təqsirləndirilir. X.Cəfərovun rəhbəri olduğu “Avro Qrand” şirkəti Binəqədi rayonu Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.

Bir müddət sonra müəyyən olunub ki, şirkətin rəhbəri bir mənzili bir neçə şəxsə sataraq onları aldadıb.