Tribuna İnformasiya Agentliyi

1 manatlıq “dönər+ayran”nın keyfiyyətinə kim zəmanət verir?

08 Aprel

Türkiyə mətbəxindən Azərbaycana gələn və əhalinin əksəriyyəti tərəfindən bəyənilən dönərin satış qiymətindəki fərqlər diqqətçəkicidir. Daha komfortlu kafe və restoranlarda porsiyasından asılı olaraq 4-5 manatdan başlayan qiymətlərlə alıcılara təklif edilən dönərə, metro çıxışlarında 1manat – 1 manat 50 qəpiyə də rats gəlmək mümkündür. Xüsusilə dana ətinin 1 kiloqramının 10 manat 50 qəpik, toyuq ətinin 1 kiloqramının 4-5 manatdan aşağı olmadığı bir vaxtda 1 manatlıq “ayran+dönər”lərin keyfiyyəti istər-istəməz adamı şübhəyə salır.

Hərçənd Qida Təhlükəsizliyi Agentliyi rəsmi yaydığı açıqlamada bu barədə quruma hər hansı şikayət daxil olmadığını açıqlayıb. Hətta dönərin tərkibində mənşəyi məlum olmayan ətin olduğu iddialarını əsassız hesab edir.

TİA.AZ  xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qiymət fərqinin ciddi məqamlardan xəbər verdiyi qənaətindədir:

“Bizim istəyimiz qiymətlərin əhalinin cibinə uyğunlaşdırılmasıdır. Amma ətin qiymətinin baha olduğu bir vaxtda içi ətlə dolu çörəyin, üstəgəl ayranın ümumilikdə 1 manata satılması və məhsulun keyfiyyətli olması inandırıcı görünmür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi tərəfindən mundar at, eşşək ətlərinin müsadirə olunduğunu görürük. Demək hüquq mühafizə orqanlarına yaxalanmayanlar həmin ətlərdən öz məqsdələri üçün istifadə edirlər. Ələ keçirildikləri halda isə cəmi 200 manat cərimə ödəməklə işlərini etdirirlər”.

Hüquq müdafiəçisi bildirib ki, dönərxanaların əksəriyyəti sertifikatla təmin olunub:

“Bu sahədə özbaşınalıqdır. Kimə, necə gəldi sertifikatlar verilib. 3 il bundan əvvəl dönərlərin standartı hazırlanmılşdı. Dönərləri təmiz ətdən hazırlayan və şəbəkələrə paylayan müəssisə müəyyən olunub. Həmin müəssisədən alınıb-alınmamasını bilmək üçün istehlakçı sertifikat tələb edə bilər. 85 faiz dönərxanalarda həmin sertifikat mövcuddur. Lakin təəssüflər olsun ki, bu obyektlər sözügedən şirkətlə işləmir”.

E.Hüseynov deyib ki, yeni yaranan agentlik bu məsələlərə ciddi nəzarət etməlidir.