Tribuna İnformasiya Agentliyi

“1 manat da olsun rüşvət alsam həbsxanada oturmağa hazıram…” – GÖMRÜK KOMİTƏSİNİN SƏDRİNƏ SƏRT SUALLAR

27 Dekabr

Xəbər verildiyi kimi bu gün Dövlət Gömrük Komitəsinin sədri, general Səfər Mehdiyev komitənin digər yüksək vəzifəli şəxsləri ilə birlikdə ölkənin əsas KİV-lərinin rəhbərləri ilə görüşüb. Görüşdə haqqin.az və virtualaz.org saytlarının təsisçisi Eynulla Fətullayev də iştirak edib, Səfər Mehdiyevə bir sıra mövzularda tənqidi suallar ünvanlayıb. Bu polemikanı təqdim edirik:

-Nəyə görə sərhəddə Azərbaycan postlarını keçmək cəhənnəm əzabıdır-əziyyət verirlər, rüşvət alırlar, saatlarla gözləyirsən. Amma gürcü tərəfində gömrük nəzarətini sürətlə keçmək olur və heç bir problemlə qarşılaşmırıq?

-Gürcü tərəfi tam açıq gömrük nəzarəti həyata keçirir. Siz özünüz də şahidi olmuşunuz ki, heç bir nəqliyyat vasitəsi yoxlanılmır, avtomobillərin yük yerinə baxış keçirilmir. Lakin biz bəzi qonşularımızın siyasətini nəzərə alaraq və öz siyasətimizə uyğun olaraq bütün avtomobilləri yoxlayırıq. Dövlət başçısının tapşırığı va ki, ölkəyə müvafiq yoxlamadan keçirilməmiş heç bir avtomobil nəqliyyatı buraxılmasın. Ona görə də təhlükəsizliyin təmin edilməsinə dair bizim həyata keçirdiyimiz siyasət tamam fərqlidir.

Bütün gömrük prosedurlarına əməl edilməsi ilə yanaşı biz avtomobillərin özünü də əlavə yoxlamadan keçirməliyik. Bilirsiniz ki, biz Ermənistanla münaqişə vəziyyətindəyik. Və oradan istənilən vaxt təxribat törədilə bilər. Hər il biz məhz “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində silah-sursat tapırıq. Bu silah-sursatın Azərbaycana hansı məqsədlərlə keçirilməyə cəhd göstərildiyini ancaq təxmin etmək qalır.

Bununla belə sərhədin keçilməsi zamanı heç bir problem yoxdur. Tıxaclar eyni zamanda böyük sayda yük avtomobillərinin keçməsi cəhdi zamanı yaranır. Gürcü tərəfi təhlükəsizlik məsələsinə qarışmır, təkcə sənədləri yoxlayır və sərhəddən buraxır. Onlar bu prinsip üzrə hərəkət edirlər: “Biz risklərlə işləyirik və bədxahları ölkə daxilində yaxalayırıq”. Lakin Azərbaycanın gömrük orqanlarının qarşısında qoyulmuş vəzifə bundan ibarətdir ki, ölkəyə girən və çıxan bütün avtomobillər diqqətlə yoxlanılmalıdır. Bunu təhlükəsizlik məsələsi tələb edir. Gələn ildən biz avtomobillərin yoxlanılmasını sürətləndirən yeni skanerlər alıb quraşdıracağıq.

-İlin 9 ayına yekun vurarkən siz bildirdiniz ki, Dövlət Gömrük Komitəsinin tarixində ilk dəfə büdcəyə əlavə 800 milyon manatdan çox vəsaitin köçürülməsi mümkün olub. Rəsmi statistikaya nəzər salanda görmək olar ki, 2017-ci ildə dövlət büdcəsinə nəzərdə tutulmuş tariflərə və rüsumlara dair proqnozların həcmindən əlavə 358 milyon manat yığılıb. 2016-cı ildə isə bu rəqəm hətta 700 milyon manat olub. Nəyə görə sizin dedikləriniz Dövlət Statistika Komitəsinin məlumatları ilə uyğun gəlmir? Axı əvvəlki illərdə də Dövlət Gömrük Komitəsi büdcəyə proqnozlardan əlavə vəsait toplaya bilib…

– Dövlət başçısı öz çıxışında onu da qeyd edib ki, həmin əlavə yığılan vəsaitin bir hissəsi gömrük orqanlarında şəffaflığın təmin edilməsinin və korrupsiya ilə mübarizənin nəticəsidir.

Məsələn, bu il biz idxal edilən malların dəyərinin qəsdən aşağı göstərilməsinə qarşı mübarizəyə başlamışıq. Ümumən biz ölkəyə idxal edilən malların dəyərini 600 milyon dollara qədər artıraraq real dəyərə çatdıra bildik. Gömrük daxilolmalarının kəskin artması korrupsiyaya qarşı mübarizə sahəsində atılan ciddi addımların nəticəsidir.

Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq həbsxanada oturmağa hazırıq. Təkcə “Qırmızı körpü”də biz korrupsiya əməli ilə məşğul olan 20-dən çox əməkdaşı tutmuşuq. Əgər sizdə gömrük sferasında korrupsiyaya dair informasiya varsa gəlin əməkdaşlıq edək ki, bu neqativ hallar aradan qaldırılsın. Gəlin deyin ki, hansısa yerdə filan gömrükçü 10 manat rüşvət aldı. Əgər biz buna reaksiya verməsək və rüşvətxorları saxlamasaq deməli bu bəla ilə mübarizə aparmırıq. Biz şou düzəltmirik, sadəcə olaraq bəyan edirik ki, nə qədər ki, bu postdayıq, ilin 365 gününü gömrük sferasında korrupsiya ilə mübarizə aparacağıq. Mən dialoqa və KİV nümayəndələri ilə əməkdaşlığa hazıram. Əgər korrupsiyaya bulaşmış əməkdaşımı həbs etdirməsəm o zaman yaza bilərsiniz ki, mənim dediklərimin hamısı boş sözlərdir, reklamdır. Dövlət başçısının dediyi kimi bizim məqsədimiz gömrük sferasında tam şəffaflığa nail olmaq və Avropa standartları ilə işləməkdir.

– Bildiyiniz kimi, bu gün İranda mürəkkəb iqtisadi vəziyyət müşahidə olunur və milli valyuta sürətlə devalvasiyaya uğrayır. İran öz problemlərini həll etmək üçün ixracatı, o cümlədən Azərbaycana ixracatı artırmağa çalışır. Xüsusilə, bu, özünü tikinti materialları və kənd təsərrüfatı bazarında göstərir və biz istədik, ya istəmədik, bu vəziyyət Azərbaycan istehsalçısına zərbə vurur. Qonşu Türkiyə və Gürcüstan artıq qoruyucu və antidempinq tədbirləri görürlər ki, öz istehsalçılarını ucuz İran mallarından hifz etsinlər. Məsələn, Türkiyə artıq İran armaturunun idxalına 30% əlavə rüsum tətbiq edib. Ucuz İran armaturu artıq Gürcüstandakı Rustavi Metallurgiya Kombinatının və Azərbaycandakı “Baku Steel Company”nin işini iflic edib. Nəyə görə Gürcüstan öz istehsalçısının müdafiəsi üçün tədbirlər görür, Azərbaycan isə bunu etmir?

– Bizdə Risklərin İdarə Edilməsi Mərkəzi var və bu qurum qonşu ölkələrdə milli valyutaların devalvasiyası və bunun nəticəsində idxal edilən malların ucuzlaşması ilə bağlı vəziyyəti qiymətləndirir. Biz yerli istehsalçının müdafiəsi üçün tədbirlər görürük. Bu gün İranda armaturun qiyməti 200 dollardan bir az yuxarıdır. Lakin bu gün mal idxal olunarkən, biz qiyməti 300 dollar qaldırırıq və 500 dollara rəsmiləşdiririk. Demək istəyirəm ki, yerli istehsalçının müdafiəsi üzrə tədbirlər görülür. İstər armatur istehsalçısı olsun, istərsə də toyuq.

– Bəs kartofla bağlı vəziyyət necədir? Azərbaycan bazarlarını İran kartofu zəbt edib, yerli fermerlər şikayətlənirdilər ki, öz məhsullarını sata bilmirlər…

– Bu il ilk dəfə olaraq, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi birgə Nazirlər Kabinetinə müraciət ediblər ki, idxal edilən kartofa mövsümi rüsumlar tətbiq edilsin. Bu da öz nəticəsini verib, hazırda fermerlərimizin əlində, demək olar ki, satılmamış məhsul qalmayıb. Biz kartofun idxalına qadağa qoymadıq, sadəcə olaraq, gömrük rüsumlarını 30% qaldırdıq və nəticədə, İran və Gürcüstan kartofu bazarda Azərbaycan kartofunu sıxışdıra bilmədi. Bizdə olan şöbələr və mütəxəssislər bazardakı vəziyyəti öyrənərək analiz edirlər ki, yerli istehsalçını qoruya bilsinlər. Söhbət yalnız tariflərin yüksəldilməsindən getmir, onlar aşağı da endirilə bilər, bir halda ki, həmin məhsula Azərbaycanda böyük tələbat yaransın.

– Siz gömrük sahəsində korrupsiya ilə mübarizədən danışdınız, bəs inhisarçılıqla necə mübarizə aparılır? Axı sahibkarlar şikayətlənirlər ki, hələ də bu və ya digər məhsulların idxalında inhisarçılıq qalmaqdadır.

– Hesab edirsiniz ki, yüz faizlik inhisarçılıq var? Mən isə hesab edirəm ki, yoxdur. Başqa cür fikirləşirsinizsə, göstərin…

– Deyə bilərsinizmi, sahibkarlar Azərbaycana sərbəst şəkildə banan gətirə bilərlərmi?

– Sabah Azərbaycana lap 100 ton banan gətirin və baxın, gömrük tərəfindən sizə bir irad tutulacaqmı… İstənilən həcmdə gətirə bilərsiniz. Əgər mal lisenziya tələb edirsə, lisenziya alacaqsınız, aksiz tələb olunursa, aksiz alacaqsınız və ürəyiniz istəyən qədər gətirin. Bananın və digər kənd təsərrüfatı mallarının idxalı tam sərbəstdir. Heç bir inhisar yoxdur. Bax, bu gün biz “Baku Steel Company”ni müdafiə edirik. Düşünürsünüz ki, biz inhisarçını müdafiə edirik? Xeyr, bununla biz daxili bazarı müdafiə edirik. Qanuna uyğun olaraq, daxili bazarın tənzimlənməsinin açarı Dövlət Gömrük Komitəsinin əlindədir. Bu səlahiyyəti bizə dövlət başçısı verib. Biz də istər tarif, istərsə də qeyri-tarif, bütün tədbirləri görəcəyik ki, daxili bazarı qoruya bilək.