Tribuna İnformasiya Agentliyi

1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb

18 May

Mayın 18-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa Birliyinin Azərbaycan Nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə təşkil olunan 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb. Bakı Bulvar Oteldə baş tutan konfrans 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi ilə paralel həyata keçirilir.

Konfransın məqsədi qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan höküməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaqdır.Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-ci il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, Azərbaycanın regionda və beynəlxalq arenada qida sənayesi cəhətdən inkişaf etməsi, ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə qida məhsullarının keyfiyyətini yaxşılaşdırması prioritet məsələlərdəndir. Azərbaycan məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək qida sənayesi sektorunun inkişaf etməsinə, istehsalçıların yeni beynəlxalq bazarlara çıxış əldə etməsinə səbəb olacaqdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açılış nitqi ilə çıxış edib və bildirib ki, qida təhlükəsizliyi məsələsi cəmiyyət həyatında stabilliyin, dayanıqlı inkişafın təmin olunması üçün strateji əhəmiyyət daşımaqdadır.

Agentliyin sədri konfransın keçirilməsində əsas məqsədlərdən birinin Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, eləcə də bu istiqamətdə Agentlik və beynəlxalq qurumlar arasında fikir mübadiləsi aparmaqdan ibarət olduğunu deyib.

Vurğulanıb ki, bu mötəbər tədbir ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əmakdaşlığını daha da genişləndirəcək, Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcəkdir.

Konfransın açılış hissəsində həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Avropa İttifaqının Bakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Vilyams və İran İslam Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Mehdi Xaemiyan da çıxış ediblər. Tədbirin əhəmiyyətini vurğulayan çıxışçılar bu konfransın Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorlarında ixracın genişlənməsinə köməklik göstərəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına öz töhfəsini verəcəyini ifadə ediblər.

Açılış nitqlərindən sonra konfrans öz işini texniki sessiyalarda davam etdirir. Sessiyalarda yerli və xarici ekspertlərin qida təhlükəsizliyi ilə əlaqədar hazırladıqları təqdimatlar konfrans iştirakçılarına nümayiş etdiriləcək. Eyni zamanda, sessiyalarda yerli və xarici mütəxəssislər tərəfindən qida təhlükəsizliyinə rəsmi nəzarət, qida təhlükəsizliyi sertifikatı, qida saxtakarlıqlarının qarşısının alınma yolları, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində təhlükəsizliyin təmin edilməsi, qida təhlükəsizliyinin xərcləri və faydaları mövzuları müzakirə olunacaq.

TİA.AZ