“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” – Novella Cəfəroğlubackend

“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” – Novella Cəfəroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Penitensiar Xidmətin 2 və 13 saylı Cəzaçəkmə Müəssisələrində koronavirusa yoluxma əlaməti olan məhbuslar var. Bu barədə cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların yaxınları məlumat verib. Məlumata görə, məhbuslarda kütləvi şəkildə qızdırma, halsızlıq və öskürək müşahidə olunur.

“Bu gün (dünən – red.) səhər ”razvodunda” bir neçə məhbus huşunu itirib. Qohumumuz deyib ki, kimə baxırsan, qızdırmalı, halsızdır. Vəziyyət ciddi olduğuna baxmayaraq məhbusları yoxlamırlar, testdən keçirmirlər və müalicə etmirlər, adi maska belə vermirlər”, – məhbus yaxınlarından biri söyləyib.

13 saylı Cəzaçəkmə Müəssisəsində də məhbuslar arasında koronavirusa yoluxmanın müşahidə edildiyi haqda məlumatlar gəlməkdədir. Məsələ ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətindən Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etməyə məsləhət görüblər. Baş Tibb İdarəsindən isə münasibət öyrənmək mümkün olmayıb.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, qeyd olunan müəssisələrdən onlara da müraciətlər olub: “Çalışırıq ki, müraciət edən məhbuslar Müalicə Müəssisəsinə köçürülsünlər. Amma həmin məhbusların məhz koronavirus xəstəliyinə tutulduğunu konkret söyləmək hazırda mümkün deyil. Çünki müvafiq yoxlamalar aparılmalı, diaqnoz qoyulmalıdır. Amma xəstələr var. Bu gün biz 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Saleh Rüstəmovun Müalicə Müəssisəsinə köçürülməsinə çalışırıq. Onun durumu yaxşı deyil. Səhhətində ciddi problemlər var. Bir neçə məhkum artıq müalicə müəssisəsinə köçürülüb”.

“Mülki xəstəxanalarda ciddi şəkildə yer sıxlığı var. Belə bir halda Müalicə Müəsisəsində durum necədir” sualına hüquq müdafiəçisi belə cavab verib: “Monitorinq Qrupu olaraq ölkə rəhbərliyinə, Ədliyyə Nazirliyinə məktubla müraciət etmişik. Xahiş etmişik ki, cəzasının bitməsinə az müddət qalan məhbuslar, adı siyasi məhbus siyahılarında – fərq etmir, bizim və digər hüquq müdafiə təşkilatlarının siyahılarında olan hər kəs azad edilsin. Bu insanlar pandemiyanın yayıldığı bu günlərdə gedib evlərində qorunmaq üçün tədbirlər görsünlər. Azərbyacan dövləti bu şəxslərə qarşı humanizm prinsiplərini tətbiq etməli, cəzaçəkmə yerlərini mümkün olduğu qədər boşaltmalıdır. 1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil. İnanıram ki, həmin insanlar da bu çətin günlərdə dövlətin onlara göstədiyi münasibəti düzgün qiymətləndirəcəklər”.

Hüquq müdafiəçisi deyib ki, bu günə qədər xeyli məhbus azad olunub: “Ədliyyə Nazirliyində xüsusi komissiya fəaliyyətdədir. 150, 250 nəfər azad edilib bu günə qədər. Biz istəyirik ki, daha çox insan cəzaçəkmə yerlərindən azad edilsin. Nə qədər çox insan azad olunsa, bu ölkənin adına ancaq müsbət rəylər gətirər. Artıq ətrafımızda olan, tanıdığımız insanlar koronavirusun qurbanlarına çevriliblər. Operativ Qərargahın məlumatlarından da görürük ki, hər gün insanlar koronavirusa yoluxub həlak olurlar. Ona görə də məhkumlarla bağlı da çox ciddi qərarlar verilməlidir. İnanıram ki, Azərbaycan dövləti bu məsələyə olduqca həssas reaksiya verəcək”.

Xatırladaq ki, mayın 15-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə 46 məhbusun koronavirusa yoluxduğunu bildirmişdi. Ədliyyə Nazirliyi isə 13 saylı Cəzaçəkmə Müəssisəsində yoluxanların karantinə götürüldüyünü, durumlarının sabit olduğunu bəyan etmişdi. Həmçinin, penitensiar müəssisələrdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə kompleks dezinfeksiya, tibbi, profilaktiki və digər qabaqlayıcı tədbirlərin davam etdirildiyi deyilmişdi. Prezident İlham Əliyev aprelin 6-da koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı 176 məhbusun azad edilməsi barədə əfv sərəncamı imzalamışdı. Bu günlərdə vətəndaş cəmiyyətinin fəalları daha çox məhbusu əhatə edəcək amnistiya aktının hazırlanması və ya əfv sərəncamının imzalanması üçün prezidentə müraciət ediblər. “Covid-19″ pandemiyasının yaratdığı tibbi böhran durumu istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər”, – məlumatda deyilirdi.
“Yeni Müsavat”