Tribuna İnformasiya Agentliyi

Ətraf mühitin mühafizəsində həmrəy olmalıyıq-FOTO

14 May

TİA.AZ xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı təbiəti mühafizə siyasətinə,  ekoloji mədəniyyətə, təbii resursları qorumağa yönəldilən  tədbirləri dəstəkləməyə, ətraf mühitə dair məsələlərdə fəallıq göstərərək  həmrəy olmağa çağırır.

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətinə və həyəcan təbili çaldığına görə Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirir.

Onun ictimai nəzarəti sayəsində Suraxanı rayonu Yeni Günəşli “A-B” yaşayış massivində yeni yaşayış binasının layihələndirilməsi üçün “Abşeron-M” MMC-yə ayrılan 0,3 ha torpaq sahəsində bioloji inkişafda olan yaş köküstə 20-28 sm diametrliyində 8 ədəd sərv və şam ağacı, 8 sm diametrliyində tuya kolunun kəsilməsinin qarşısı alınıb.

R.Qafarovun “Abşeron-M” MMC tərəfindən ağacların məhv edilməsi təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciət Nazirliyin əməkdaşları tərəfindən özünün iştirakı ilə araşdırılıb və ağacların mühafizə edilməsi üçün “Abşeron-M” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş verilib. Nazirliyin əməkdaşları tərəfindən ərazi və “məcburi göstəriş”in icrası nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların müraciətlərinə  diqqətlə yanaşır, daxil olan müraciətləri operativ olaraq araşdırır və qanunamüvafiq tədbirlər görür.