Tribuna İnformasiya Agentliyi

Əri evdə 3 uşağa baxır, özü isə işləyir – Yeni kanslerin həyatı

08 Dekabr

Almaniya kansleri Angela Merkelin yerinə gətirilən Xristian-Demokratik İttifaqının yeni rəhbəri Anneqret Kramp-Karrenbauerin həyat və fəaliyyəti dünya mediasının gündəminə çevrilib.

Eurasia Diary xarici KİV-ə istinadən yeni kanslerin həyatından maraqlı faktları təqdim edir:

Kramp-Karrenbauer 2011-2018-ci illərdə Saarland əyalətinin rəhbəri olub. O, bu vəzifəni icra edən ilk qadın olaraq siyasət tarixinə adını yazdırıb. Anneqret 9 avqust 1962-ci ildə Almaniyanın Völklinqen şəhərində doğulub. Hazırda ailəsi ilə Püttlinqen şəhərində yaşayır.

Qatı katolikdir

Ziyalı ailəsində doğulan Anneqret Kramp-Karrenbauer bazar günləri kilsəyə gedib dualarını edir, cümə günləri isə ət yemir – bir sözlə, qatı katolikdir. Anneqret 1982-ci ildə “Marie-Luise-Kaschnitz” gimnaziyasını bitirib. Elə həmin il Trier və Saarbrücken universitetlərində hüquq və siyasi elmlər üzrə araşdırmalarına başlayıb və 1990-cı ildə “Magistr Artium”la elmi işlərini bitirib.

Anneqret Kramp-Karrenbauer 1999-2000-ci illərdə XDİ-nin parlament qrupunun direktoru vəzifəsini icra edib. 2000-ci ildə daxili işlər və idman naziri təyin olunub. O, Almaniyanın ilk qadın daxili işlər naziridir.

Ailə həyatı

Anneqret 1984-cü ildə mühəndis Helmut Karrenbauerlə ailə qurub. 3 uşağı var. Heç bir yerdə işləməyən Helmut evdə 3 uşağına baxır. Anneqretlə Helmut nikahdan əvvəl belə bir razılığa gəlib: “Kim daha çox qazanacaqsa, o da işləyəcək”.

Anneqret Kramp-Karrenbauer Angela Merkelin çağırışı ilə bu ilin 26 fevralında Xristian-Demokratik İttifaqının katibliyi vəzifəsinə gətirilib.

Merkelin səlahiyyətləri bitdikdən sonra Anneqret ölkənin yeni kansleri olacaq.

Qafqazinfo