Tribuna İnformasiya Agentliyi

Ərdoğanın köməkçisi: “Ermənistan izolyasiyada qalacaq”

05 May

Ermənistandakı inqilab Serj Sarkisyanın ölkəni dərin izolyasiya və müvafiq olaraq, sosial-iqtisadi kollapsa gətirib çıxarmış işğalçı siyasətinin nəticəsidir.

Bunu virtualaz.org-a Türkiyə prezidentinin köməkçisi, parlamentin Ədalət və İnkişaf Partiyasından üzvü Haluk İpək deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı, Türkiyəyə ərazi iddiaları yalnız kommunikasiyaların bağlanmasına və iqtisadi blokada ilə nəticələnməyib, həm də Ermənistanı qlobal energetika və nəqliyyat layihələrindən kənarda qoyub. İndi Ermənistan Köçəryan-Sarkisyan klanının səpdiyi toxumların meyvəsini toplayır.

 

Ermənistanda hansı siyasi dəyişikliklər baş verirsə-versin, hakimiyyətə kim gəlirsə-gəlsin, qonşu ölkələrlə münasibətlər bərpa olunmadan iqtisadiyyatı və əhalinin sosial rifahını qaldırmaq mümkün olmayacaq. Vətəndaşların etirazlarının əsasını isə məhz bu amillər şərtləndirir.

Haluk İpək işğal altında olan Azərbaycan torpaqları qaytarılmadan Ermənistan-Türkiyə protokollarının yenidən müzakirə obyekti olması ehtimalını mümkünsüz sayıb.

 

“Hazırda Türkiyə baş verən prosesləri diqqətlə izləyir. Hələlik Nikol Paşinyanın Ankaraya münasibəti bizə aydın deyil. Əgər hakimiyyətə yenidən radikal qüvvələr gəlsə, Ermənistan növbəti məxməri inqilaba qədər izolyasiyada qalacaq”, – İpək deyib.