Tribuna İnformasiya Agentliyi

Əməkdar elm xadimi, professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub-FOTO

14 Mart

2018- ci il martın 14-də  əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Samət Qürbət oğlu Əlizadənin 80 yaşı tamam olur. Alimin yubileyini qeyd etmək üçün Azərbaycan Yazıçılar Birliyində yığıncaq keçirilib.TİA.AZ xəbər verir ki, yığıncaqda respublikanın elm xadimləri, ədəbi-bədii mühitin nümayəndələri, alimin ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açaraq Samət Əlizadənin elmi yaradıcılığından, zəngin ədəbi irsindən danışıb. Böyük alimin xatirəsinin işığına yığışmış tədbir iştirakçıları – uzun illər Bakı Dövlət Universitetində professorla çiyin-çiyinə işləmiş həmkarları, tələbələri Samət Əlizadəni istedadlı alim, gözəl müəllim, nəcib insan kimi xarakterizə ediblər. Yubiley gecəsinin sonunda alimin övladları tədbirin təşkilatçılarına, yığıncaq iştirakçılarına təşəkkür ediblər.

S.Q.Əlizadə 1938-ci ildə anadan olub. 1955-ci ildə orta məktəbi, 1960-cı ildə BDU-nun filologiya fakültəsini bitirib. 1962-1965-ci illərdə dil tarixi ixtisası üzrə BDU-nun aspiranturasında təhsil alıb. 1966-cı ildən filologiya fakültəsində müəllimliyə başlayıb, daha sonra baş müəllim, dosent,  professor vəzifələrində çalışıb.

S.Əlizadənin tədqiqat əsərləri Azərbaycan tarixi filologiyasının müxtəlif sahələrinin – tarixi qrammatika, etimologiya, mətnşünaslıq, poetika və ədəbi dil tarixinin fundamental nəzəri və təcrübi məsələlərinin həllinə həsr olunub. Onun “XVI əsr Azərbaycan ədəbi dili”, “Klassik Azərbaycan şairləri söz haqqında”, “Azərbaycan ədəbi dili tarixindən praktikum”, “Orta əsrlərdə Azərbaycan yazı dili”, “Əski Azərbaycan yazısı”, “Şah beytlər” və s. kitabları bu qəbildəndir. Azərbaycan filologiyasında Həsənoğlunun türkcə üçüncü şeiri, “Əhməd Hərami dastanı” və “Şeyx Səfi təzkirəsi” ilə bağlı ilk bitkin bilgi verilməsi, türkologiya üçün böyük önəmi olan folklor və dil abidəsi “Oğuznamə”nin əlyazmasının üzə çıxarılıb ictimaiyyətə çatdırılması, eləcə də çapa hazırlanıb nəşr olunması S.Əlizadənin dəyərli işlərindəndir.

S.Əlizadə 12 kitabın, 200-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi, ümumi həcmi 300 çap vərəqi olan 20-dən artıq kitabın elmi ixtisas redaktoru olub. O, bir neçə elmi şura və cəmiyyətin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Prezidenti yanında  AAK Ekspert Şurasının üzvü olub. 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi münasibətilə Dövlət Komissiyasına üzv seçilib; dastanların tənqidi mətnini və “Kitabi-Dədə Qorqud” Ensiklopediyasının I cildini nəşrə hazırlayıb və çap etdirib. “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dil Komissiyasının üzvü seçilib.

S.Q.Əlizadə 2002-ci ildə Bakıda vəfat edib.

TİA.AZ