Tribuna İnformasiya Agentliyi

Əliqismət Lalayev doğum gününü doğma kollektivlə qeyd edəcək

03 İyul

4 iyul Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ad günüdür.

Hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan Ə.Lalayev doğum gününü doğma kollektivlə birlikdə qeyd edəcək.

“Teatrımız 109-ci mövsümünü başa vurmaq üzrədir. Çox böyük məsuliyyət hissi ilə deyə bilərəm ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün çox düşərli və əlamətdar olub. Bu ilin mart ayında ölkə başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə “Akademik” status almağımız ən böyük uğurumuz oldu. Mövsüm boyu teatrımızda bir sıra beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərlərin premyerası olub. Kollektivimizin müxtəlif üzvləri səmərəli və uğurlu fəaliyyətlərinə görə il boyu istər rəsmi, istərsə də yaradıcı təşkilatlar tərəfindən təltif  olunublar, Fəxri adlara, Prezident mükafatlarına  layiq görülüblər.

109-cu mövsümün yekunlaşması ilə əlaqədar olaraq iyulun 4-də teatrımızda mükafatlandırma mərasimi də olacaq. Biz burda müxtəlif nominasiyalar üzrə əməkdaşlarımızı mükafatlandıracağıq. İnsanların əməyini dəyərləndirmək, onlara sevinc bəxş etməkdən ali heç nə ola bilməz. Buna görə də mən də təbii ki, ad günümdə doğma kollektivimlə bir yerdə olacağam və mövsüm ərzindəki uğurlarına görə mükafatlandırılacaq sənət dostlarımla, həmkarlarımızla sevincimizi birlikdə bölüşəcəyik”, – deyə Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, Əliqismət Hümmət oğlu Lalayev 1956-cı ildə Salyanda anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Gənc rejissor kimi 10 ilə yaxın müddətdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında çalışıb. Sonralar Salyana qayıdan Ə. Lalayev bir müddət yerli “Qələbə” qəzetində məsul katib işləyib, sonra rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü ildə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsinə dəvət olunub. Sonrakı illərdə Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi kimi çalışıb. Nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri olub. Mədəniyyət Naziri Əbülfəs Qarayevin 6 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ) direktoru vəzifəsinə təyin edilib. Böyük Azərbaycan şairi Hüseyn Cavidin teatr səhnəsində obrazını yaradan ilk sənətçi məhz Əliqismət Lalayev olub. 1982-ci ildə Naxçıvan Dövlət Poeziya Teatrında səhnəyə qoyulan “Mənim tanrım gözəllikdir, sevgidir” tamaşasında gənc aktyor mütəfəkkir şairin obrazını yaradıb. O, eyni zamanda müxtəlif tamaşalarda Rəsul Rza və Abbas Səhhət rollarını da özünəməxsus ustalıqla oynayıb. İtalyan dramaturqu Paolo Messinainin “Sükut divarı” əsərində Antonio, Sofoklun “Elektra” faciəsində Orest obrazı da Əliqismət Lalayevin yaratdığı surətlər qalereyasına daxildir. Yaradıcılığının sonrakı mərhələsində isə daha çox rejissor kimi tanınan Ə. Lalayev Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində onlarla tamaşaya quruluş verib. E. Qolsuorsinin “Birincilər və sonuncular”, T. Uilyamsın “Sökülən yurd”, E. de Filipponun “Silindr”, Emin Sabitoğlu və Sabit Rəhmanın “Hicran” musiqili komediyası, H. Cavidin “Ana” və “Uçurum”, A. Ostrovskının “Günahsız müqəssirlər” əsərləri, A. Dudarevin “Astana” psixoloji dramı, C. Məmmədquluzadənin “Kişmiş oyunu” və “Kamança” əsərləri əsasında “Keçmiş günlər” komediyası onun səhnəyə qoyduğu maraqlı tamaşalar sırasındadır. Ə. Lalayevin quruluşunda “Ana” faciəsi Azərbaycan Televiziyasının qızıl fonduna daxil olub və vaxtaşırı olaraq mavi ekranda nümayiş etdirilir.  Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında olan bir neçə tamaşanın ideya müəllifi və layihə rəhbəridir.

“Azərbaycan – Orta Asiya Teatr əlaqələri” kitabı ilə yanaşı, bir neçə elmi-nəzəri araşdırmanın və milli mədəniyyətimizin müxtəlif sahələrinə həsr olunmuş yüzlərlə elmi, bədii, publisistik yazıların da müəllifidir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Mədəniyyət və İncəsənət Departamentinin direktorudur.