Tribuna İnformasiya Agentliyi

Əlillik dərəcəsi ala bilməyən şəxs ölkə prezidentintən kömək istəyir -VİDEO

01 Oktyabr

Neftçala rayonu, Şorkənd kənd sakini 39 yaşlı Amil Nadir oğlu Məhərrəmov çarəsiz durumda qalıb. Baş nahiyəsinin sol gicgah payının beyindaxili şişindən əziyyət çəkən Amilə bugünədək və əlillik verilir, nə də ki, onun pensiya hüququ tanınır.

Şikayətçinin TİA.AZ-a ünvanladığı məktubu oxucuların nəzərinə çatdırırıq:

 

“Bir müddət öncə baş gicəllənməsi, sol hissəmdə ağır eşitmə halları baş verdiyi zaman həkimə müraciət etdim. Həkimlər mənə “Sol gicgah payının beyindaxili şişi” diaqnozu qoydular və beynimdə cərrahiyyə əməliyyatının qaçılmaz olduğunu bildirdilər. Əməliyyat üçün məndən 7000 manat tələb olundu.

Çətin durumla üz üzə qalaraq yeganə çörək mənbəyim olan Kamaz maşınımı satmalı oldum və Respublika Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olundum.

Əməliyyatdan sonra sağalacağımı düşünürdüm, lakin bu belə olmadı.Güclü baş ağrıları, ürək bulanması, görmə qabiliyyətimin azalması, qulaqlarımda güyültü məni gündən-günə üzməyə başladı. Sağlamlığımın əl verməməsi üzündən əmək qabiliyyətindən bütünlüklə məhrum oldum. Görmə qabiliyyətim get-gedə itməyə başladı.

Yeganə bacardığım sənət sürücülük idi, ondan da birdəfəli əl çəkməli oldum.Hazırda işləmədiyimdən yeməyə bir tikə çörək tapa bilmirəm, qonşuların verdikləri ilə dolanmağa məcburam.

Yaxınlarımın köməyi ilə bir neçə dəfə xəstəxanaya getdim,dedilər ki, sizə əlilik dərəcəsi düşür, sənədlərinizi yığın və TSEK-nın Şirvan şəhər Şöbəsində qeydiyyatdan keçin. TSEK-in həkimi Çingiz mənə dedi ki, biz sənə kömək edə bilmərik, get əməliyyat olunduğun Neyrocərrahiyyə Xəstəxanasına, sənə sənəd verisin. Yenə də qonum-qonşunun köməyi ilə üz tutdum  Neyrocərahiyyə Xəstəxanasına.Orada məni olduqca pis qarşıladılar, dinləmək belə istəmədilər.Ələ baxan həkimlər mənim imkansız olduğumu görüb məndən qaçdılar. Kor-peşman qayıtdım geri.

Əlilliyin təyin olunmasıyla bağlı dəfələrlə müraciət etsəm də, bugünədək baxılmır. Daha müraciət etmədiyim ünvan qalmayıb. Hamısından da etinasızlıq görmüşəm. Heç kim xəstə vətəndaşa sahib durmaq istəmir.Artıq yaşamaq istəmirəm və dövlətdən xahiş edirəm ki, mənə kömək etməyəcəyi halda evtonaziya yolu ilə həyatdan silsin”..

Sonda Amil Məhərrəmov mətbuat vasitəsiylə ölkə rəhbərliyindən əlilliyin təyin edilməsi üçün köməklik istəyir: “Cənab Prezidentdən və digər aidiyyatı qurumlardan  çox xahiş edirəm mənə kömək etsinlər. DSMF-nin Şirvan şöbəsinə müvafiq tapşırıqlar verilsin və mənə qanun çərçivəsində əlillik hüququ verilsin.