Tribuna İnformasiya Agentliyi

Əli Məsimli: “İrandan sanksiyalar götürülməsə, yaxın gələcəkdə…”

19 Noyabr
“İran dünyada benzinin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir. Uzun illər idi ki, İran benzinin qiyməti çox ucuz olan ölkələr sırasında öz mövqeyini saxlaya bilirdi. Ona görə də xeyli sayda ölkə ilə müqayisədə İranda orta aylıq əmək haqqının benzinlə olan alıcılıq qabiliyyəti göstəricisi daha yüksək idi”.
Deputat Əli Məsimli bu fikirləri İrandakı son hadisələri, benzinin qiymətinin artmasından sonra yaşananları “Yeni Müsavat”a şərh edərkən söyləyib. O qeyd etib ki, son vaxtlaradək bir çox ölkələrlə müqayisədə orta statistik İran vətəndaşının orta əmək haqqına daha çox benzin düşürdü: “Son illər ABŞ İrana tətbiq etdiyi sanksiyaları götürməyə başlayanda, böyük əksəriyyəti həmin sanksiyaların təzyiqi altında olan İran əhalisində gələcəyə bir nikbin baxış förmalaşmağa, iş adamlarında fəallaşma müşahidə olunmağa başlamışdı. Lakin ABŞ keçən ildən başlayaraq, İrana sanksiyaları bərpa edəndə vəziyyətin tədricən ağırlaşması və bunun nəticəsi olaraq hadisələrin belə axar alacağı təxmin olunurdu. Görünən odur ki, ABŞ sanksiyaları yenidən İran iqtisadiyyatına zərbə vurmaqda davam edir. İran hökuməti ABŞ sanksiyalarının təsirini məhdudlaşdırmaq üçün benzinin qiymətinə qoyulmuş ağır subsidiyaları azaldıb, eyni zamanda həm də benzinin qiymətini qaldırmaq məcburiyyətində qalıb. Yəni burada daha çox təsir gücünə malik səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi, ölkə iqtisadiyyatını çökdürməyə hesablanmış sanksiyaları. ABŞ-ın İrana sanksıyalarının yenidən sərtləşdirməsi əhalidə yenicə canlanmağa başlamış pozitiv ümidləri azaldır”.
Ə.Məsimli bildirib ki, sanksiyalar götürülməsə, yaxın gələcəkdə İranda vəziyyətin yaxşılaşması ehtimalı azdır: “İranda benzinin qiymətinin artması təbii və məntiqi surətdə ajiotaj və narazılıqlar yaradıb. İstənilən ölkə üçün benzinin qiyməti çox həssas məsələdir. Çünki benzinin qiymətinin artması əksər sahələrdə məhsul və xidmətlərin birbaşa və ya onun multiplikativ təsiri ilə əksər sahələrdə müxtəlif dərəcələrdə qiymət artımına gətirib çıxarır. Ona görə də İranda da benzinin qiymətinin artması ərzaq və sənaye mallarının, eləcə də xidmətlərin qiymətinin qalxmasına səbəb olacaq. Uzun illərdir ki, ABŞ-ın sanksıyalarının təsiri altında yaşayan əhali üçün benzinin qiymətinin artımı onların həyat və fəaliyyətinə daha ciddi təsir göstərir. Ona görə də İranda hələ əvvəllər də yanacağa kvota tətbiq olunanda əhali etirazla qarşılamışdı. Bu dəfə etirazların dalğası və miqyası əvvəlkindən böyükdür. İran hökuməti benzinin qiymətinin artırılmasının ardınca həmin artım nəticəsində əldə ediləcək vəsait hesabına kasıb təbəqədən olan vətəndaşlara verilən müavinətlərı də artırır. Müavinətlər məqbul hesab oluna bilən səviyyədə artırılsa, İran hökumətinin bu addımı narazılığın müəyyən dərəcədə azalmasına səbəb ola bilər. Əks halda, bu da əhalinin güzəranına mənfi təsirin tam şəkildə aradan qaldırılması üçün yetərli olmayacaq”.
Baş verənlərin Azərbaycana təsirlərinə gəldikdə, Ə.Məsimli bildirib ki, bu, istisna deyil: “İran qonşu ölkə olduğundan, oradakı hadisələrin bu və ya digər dərəcədə Azərbaycana müəyyən təsirlərini nəzərə alaraq, bundan da öncə əhalisinin xeyli hissəsi soydaşlarımızdan ibarət olduğuna görə, İranda hadisələrin gərginləşməsini, öz məcrasından çıxmasını və proqnozlaşdırılması mümkün olmayan məcraya yönəlməsini qətiyyən istəmirik. Ona görə də bu olayları siyasi və sair aspektləri baxımından incələmədən, Azərbaycana iqtisadi təsiri baxımından onu demək olar ki, İran Azərbaycanın əsas ticarət partnyorlarından biridir. Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanın 11 milyard dollardan artıq olan idxalının 400 milyon dollarından çoxu və ya 4 faizə yaxını İranın payına düşüb. İranda benzinin qiymətinin kəskin surətdə artması təbii ki, bu ölkədə inflyasiyanın templərini yüksəldəcək. Bu isə öz növbəsində İrandan Azərbaycana ixrac olunan malların qiymətinin artmasına gətirib çıxara bilər. Bu hadisələrin ardınca İranın milli valyutası ucuzlaşmağa başlasa, onda ixrac olunan malların qiymət artımı nəzərəçarpan olmayacaq. Milli valyuta nisbi sabitliyini saxladığı şəraitdə isə qiymət artımı nəzərəçarpan olarsa, müqayisəli üstünlük prinsipi prizmasından bu, İran mallarının keyfiyyət baxımından aşağı rəqabət qabiliyyəti ilə yanaşı, qiymət baxımından da rəqabət qabiliyyətini aşağı sala bilər. Bununla yanaşı, həm də İranda benzinin qiymətinin artması ərzaq və sənaye mallarının, eləcə də xidmətlərin qiymətinin qalxmasına səbəb olması, müəyyən dərəcədə Azərbaycanla sərhədyanı əlaqələrə, o cümlədən ticarətə də təsir edə bilər”.