Tribuna İnformasiya Agentliyi

Əli Həsənovun nəvəsi haqda dərhal azadetmə qərarı çıxarıldı

09 Avqust

Baş Nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib.

Tia.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.

N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

“Vəkili şikayətində göstərib ki, qəza vaxtı onun maşınında olmuş dostu Mehdi Əliyevin ölümündə Nail Allahverdiyevin məsuliyyəti yoxdur. Vəkil iddia edir ki, Mehdinin vəziyyəti pisləşdiyinə görə Nail maşını möhkəm sürüb, məqsəd onu tez bir zamanda xəstəxanaya çatdırmaq olub. Amma qəzaya qədər Mehdi artıq dünyasını dəyişib. Qəzanın özünə gəlincə, vəkil iddia edib ki, qəfildən Nailin maşınının qabaq təkəri partlayıb, bu üzdən idarəetməni itirib. Çünki ittihamda yazılıb ki, Nail Allahverdiyev başqa bir maşınla ötüşəndə bu qəzanı törədib. Vəkil kassasiya şikayətində Nail Allahverdiyevə bəraət istəyib. Ali Məhkəmə bəraət verməsə də, onun şərti cəza ilə dərhal məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılması barədə qərar çıxarıb”, – deyə mənbə bildirib.

Ali Məhkəmə N.Allahverdiyevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Mənbənin sözlərinə görə, Ali Məhkəmə qərarında N.Allahverdiyevin üzərindəki azadlıqdan məhrumetmə cəzasını ləğv edib, şərti cəza verərkən evli, ali təhsilli olması, əvvəllər məhkum edilməməsi, yaşayış yerindən müsbət xarakterizə olması kimi hallara əsaslanıb.

Ali Məhkəmə N.Allahverdiyevə şərti cəza təyin edərkən onun üçün 3 il sınaq müddəti müəyyənləşdirib.

Qəza 3 avqust 2017-ci ildə baş verib. 1994-cü il təvəllüdlü N.Allahverdiyev idarə etdiyi “Gelandewagen” markalı avtomobillə yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirib. Avtomobil beton yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurub. Daha sonra maşın binanın fasadına çırpılaraq yanıb. Qəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alıb.

Xatırladaq ki, 1 il öncə Nail Allahverdiyevin azadlığa çıxması xəbəri yayılsa da vəkili bunu təkzib etmişdi: “Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək”.