Tribuna İnformasiya Agentliyi

Əfv Komissiyası toplandı, 100 müraciətə baxıldı – YENİLƏNİB

11 Fevral
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.

İclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub.

Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər, cərimə cəzasına məhkum edilmiş 11 nəfər cəzadan və islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi.

Əfv sərəncamı 39 xarici vətəndaşa, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan 3 şəxsə də şamil olundu.(trend.az)

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Azvision.az-ın məlumatına görə, cari ildə baş tutan ilk iclasda 100-ə yaxın müraciətə baxılıb.

Komissiyanın iclasları gələn ayadək davam etdiriləcək.