access_time Dərc olunub: 11:02
SAXTA ZAMANLARIN SAXTA PEYĞƏMBƏRİ


Kresionizm tarixi



Çarlz Darvinin Təkamül nəzəriyyəsini ortaya qoyması elə bir dövrdə oldu ki, həmin zaman periodunda İngiltərədə dövlət və din bir-birindən ayrılma nöqtəsində idi. Dövlət sekulyarlaşaraq? kilsə ilə əlaqəsini kəsmək üzrə idi. 1859-cu ildə Növlərin Mənşəyinin çapı ilə birlikdə bu iki qütbün bir-birindən uzaqlaşma prosesinə təkan verildi. Dövlət dindən ayrılmaq adına nəzəriyyəni mənimsədi. Elm dünyasında da çox yaxşı qarşılandı. Amma kilsə və xalqdan buna qarşı çıxanlar çox oldu. Buna baxmayaraq təkamül və yaradılış qarşıdurması sadəcə elm dairələri və kilsə arasında baş verirdi. Xalq demək olar ki, bu müzakirələrə qarışmırdı. 1900-cü illərin əvvəlində təkamül və yaradılış müzakirəsi yönünü Amerikaya çevirdi. Burada öncələri çox da qızğın bir şəkildə müzakirə edilmirdi.  Amma 1900-1915-ci illərdə Amerikaya miqrant axınının başlaması ilə hadisələrin cərəyanı dəyişdi. Yeni sakinlərə Amerikan dəyərləri aşılanmalı idi və bu dəyərlərin əsasını Evangelist-Provoslav dəyərləri təşkil edirdi. Belə olduğu üçün Amerika yaradılışçılığı istifadə edərək miqrantlara öz dəyərlərini aşılamağa başladı. Təbii, təkamül nəzəriyyəsi yaradılışa zidd olduğu üçün tədrisi qadağan edildi, tədris etməyə çalışan şəxslər məsuliyyətə cəlb edilirdi. Bu dövrdəki məşhur məhkəmə işlərindən biri Skorps Meymun Məhkəməsi idi. Skorps adlı müəllim, yəni təkamül tərəfdarları məğlub oldu, Skorps 100 dollar cəza ödəməklə həbsdən qurtuldu. O dövürdə bu kimi məhkəmələr uzun müddət davam etdi. 2005-ci ildə Pensilvaniyada son məhkəmə prosesi baş tutdu və məktəblərdə təkamül nəzəriyyəsinin tədris edilməsini istəyən ailələr qazandı. Bu prosesin davam etdiyi müddətdə Vyetnam müharibəsi başladı və yaradılışçılıq yeni bir adla və elmlə maskalanmış şəkildə yenidən ortaya çıxdı. Bu dəfə buna səbəb Vyetnam müharibəsinə qarşı olan və haqlarını istəyənlər idi. Xalqın birləşməsi üçün ən münasib seçim yenə din oldu. Beləliklə, ilk dəfə elmi də işə qataraq? Evangelist-Provostlav dini zəminində Yaradılış Araşdırma İnistitutu yaradıldı. Yeni cərəyanı isə “Yaradılış elmi” adlandırdılar. Amma təkamül nəzəriyyəsindən başqa elmin heç bir sahəsi ilə məşğul olmurdular. Yeganə hədəfləri təkamül nəzəriyyəsinin etibarını sarsıtmaq idi. Bu dövrdə çoxlu kitab yazılaraq pulsuz paylanıldı, TV proqramlarda yaradılışçılar öz "sübutlarını" ortaya qoydular. 1925-ci ildə Türkiyəli yaradılışçılar Yaradılış Araşdırma İnistitutundan kömək istədilər və həmin inistitutun nümayəndələri Türkiyədə seminarlar verdilər. Türkiyəli yaradılışçılar həmin inistutda təhsil alırdılar. Həmçinin Yaradılış İnistutu Türkiyədə indi Harun Yahyanın idarə etdiyi Elm Araşdırma Vəqfini yaratdı. Bir müddət sonra isə yaradılış cərəyanı yeni dövrünə qədəm basdı. Bu dəfə “Ağıllı dizayn” adını aldı. “Yaradılış elmi”nin bir neçə mənfisi vardı. Çünki elm adı altında maskalansa belə tanrı, yaradıcı, yaradılış ifadələrini istifadə edirdilər ve bu elm anlayışı ilə uyğun deyildi. Yeni cərəyanda bu sözlər ağıllı dizayn, ağıllı dizaynerlə əvəz edildi. Bu cərayanın yaranma səbəbi isə Sovetin dağılmasından sonra bir sıra ölkələrin Sovetin təsirindən çıxması idi. Amerika rəqibin ortadan qalxmasından istifadə edərək nəzarəti ələ keçirməyə başladı. İlk hədəf Avropa olsa da Avropadakı dini inanc sistemində yaradılış daha çox bənzətmə olaraq görüldüyü və radikal olmadığı üçün bu plan baş tutmadı. Növbəti hədəf İslam ölkələri oldu və bu gün “Ağıllı dizayn” cərəyanının təsirlərini öz ölkəmizdə belə hiss edirik. Təbii ki, bu cərəyanın ölkəmizə olan idxalının mənbəyi Türkiyədir. Türkiyədə bu cərayanı idarə edən isə Harun Yahya, digər adı ilə Adnan Oktardır.

Harun Yahyanın ölkəmizdə bir necə tərəfdarları olub və hal hazırda da tərəfdarları yetərincə vardır. Onlardan ən tanınmışı, bir zamanlar acıq şəkildə təbliğ etməsə də ilahiyyatcı Elşad Miri idi. Hal hazırda Harun Yahyanın Azərbaycandakı müridlərinin başında isə ilahiyyatcı Ramiq Vəliyev qərar tutub.




(Ramiq Vəliyev)




Bu şəxslər ölkəmizdə onlarca sayt alaraq, sosial şəbəkələrdə elmə qarşı böyük bir müqavimət göstərirlər. PEW araşdırmasına görə Azərbaycan cəmiyyətinin 54%-i  təkamülü elm olaraq qəbul edir. Türkiyə “Science” jurnalının araşdırmasına əsasən 51%-lə təkamülü rədd etmə siyahısının lideridir. Təkamül nəzəriyyəsinin qəbul edilməməsinin yaradılış cərəyanları ilə əlaqəsi olsa da, ölkəmizin özünəxas problemləri də var. Bunlardan biri elmdə inkişafın olmamasıdır. Sırada təhsil səviyyəsinin aşağı olması, TV, media vasitələrinin izləyici cəzb etməsi üçün xurafatlardan istifadə etməsi və elmin xalqdan uzaq tutulması da var. Ölkəmizdə bu günə qədər heç bir populyar, elmi kitab nəşr edilməyib, heç tərcümə belə edilməyib. Başlıca səbəb isə bizim regionumuzda Avropada olduğu kimi elmi inqilab və elm mədəniyyətinin olmamasıdır. Təhsil sisteminin araşdırma və sorğulamanı deyil, əzbərçiliyi təbliğ etməsi və bunun üzərinə qurulmasıdır. Həmçinin elmi dəyərlərin bizə aşılanması üçün uyğun şərait yoxdur.

Elm dünyasında yaradılışçılığın ciddiyə alınmama səbəbi elmi olmaması ilə yanaşı, tamamilə politik bir cərəyan olmasıdır. Bütün dünyada yaradılışçıların istifadə etdiyi mübarizə üsulları, yazılar, metodlar demək olar ki eynidir və Evangelist-Provoslav qaynaqlarından qidalanır. Bu gün ölkəmizdə bir xeyli məşhur olan Harun Yəhyanın “yazdığı” kitablar bu qaynaqların regiona adaptasiya edilmiş halıdır.

Bu kimi şərtlər altında bu prosesin əksinə dönəcəyini gözləmək, yəni təkamül nəzəriyyəsinin geniş kütləyə izah edilməsi və öyrədilməsi bir qədər təəccüblü olar.

Aşağıdakı yazı; İngiltərənin New Humanist adlı jurnalının Sentyabr-Oktyabr 2009 sayında, Halil Arda tərəfindən yazılan "Sex, Flies and Videotape: the secret lives of Harun Yahya" başlıqlı yazının tərcüməsidir.

Xristian  Yaradılışcılığı Amerikada yüksələn ideoloji bir dalğadı. Bu hərəkətin mənsubları, elmi həqiqətlərə və  tanrıtanımazlığa qarşı hücum etməkdədir.  Ancaq elm inkarçıları, xristian dünyası ilə məhdud deyil. Yaradılış düşüncəsi və təkamül əleyhdarlığı bir müddətdir Müsəlmanlar arasında da yayılır. Həm də saysız veb saytında və də "Təkamül Yalanları" ya da "Darvinizimin qaranlıq üzü" kimi başlıqları olan onlarla kitabda.

Richard Dawkins belə "The Times" qəzetində yayımlanan yeni bir danışığında bu yeni faktın təsirini qəbul edir: "Məktəblərdə təkamül nəzəriyyəsinin öyrədilməsinə qarşı çıxanlar gedərək artır, ən çox da Müsəlman şagirdlər təkamül əleyhinə olmağı dəstəkləyir." Bu yeni hərəkatın baş aktyoru, "Quran elminin təkamül palavrasına" qarşı üstünlüyünü sübut etmək həvəsində olduğu, hər daim hazır "ekspert" Harun Yəhyadan başqası deyil. 


Fəaliyyətlərini İstanbulda davam etdirən Harun Yahya, Elmi Araşdırmalar Vəqfi adlı təsir edici bir nəşr imperatorluğunun qurucusudur. Bu vəqf Harun Yəhyaya aid yazıları yaymaqda və altmışı aşan saytında Türk, İngilis, Rus, Ərəb və hətta Amharic kimi çox da məşhur olmayan Afrika dilləri də daxil olmaqla, on beş dildə sənədli film  yayımlanmaqdadır. Ayrıca, vəqfin ildə yarım milyonluq bir kitab istehsalı olduğu da təxmin edilməkdədir. Bu kitabların ən əhəmiyyətlisi, dünyanın dörd küncündə onlarla universitetə, kitabxanaya və - Richard Dawkins də daxil olmaqla - qabaqda gələn elm insanlarına əvəzsiz göndərilən, 850 səhifə və iki cilddən ibarət Yaradılış Atlasıdır. Kitab böyük bir diqqətlə hazırlanmışdır. Göz alıcı bır fotolar, qrafik və statistik çoxluğun arasında süni duran, bütövlüyünə adaxlanmış Quran ayələri. Daxili tutarlılığından tamamilə məhrum olan bu Atlas Darvinin hər baxımdan haqsız olduğunu, hər heyvan və bitkinin indiki halıyla yaradıldığını və təbii seçmə yolu ilə heç bir təkamüldən keçmədiyini sübut etməyə çalışır. Harun Yəhya, ya da Türkiyədə daha məşhur adı ilə Adnan Oktar, təkamül nəzəriyyəsinin doğru olduğunu sübut edəcək bir "ara keçid" - yəni bu gün məşhur olan bir növün təkamülün əvvəlki aşamalarındaki şəklini - gətirəcək hər kəsə böyük bir mükafat verəcəyini də açıqlayır. Ancaq ki, bu cür ara fosillərin varlığı dəfələrlə sübut edilmişdir. Bu səbəblə də Dawkins Yaradılış Atlasını lağa qoyub, öz web saytında Harun Yəhyanı şarlatanlıkla günahlandırmış, Yəhya da əmrindəki vəkil ordusundan istifadə edərək Dawkinsin guya onu təhqir etməsini bildirərək, məhkəmə iddiası açmışdı. Sonunda da web saytını Türkiyədə bağlatdırmışdır ki, bu iddia, Türk məhkəmələrində açdığı minlərlə iddiadan yalnız biridir.

Harun Yəhyanın boş sözləri elmi dayaqlardan tamamilə məhrum olması, ağlı başında olanın insanların heç birinin şübhəsi yoxdur. Ancaq düşüncələri yenə də bəzi dairələrdə maraq görür. Avropa və Amerikanın xüsusilə də müsəlman ölkələrinə qarşı izlədiyi siyasətə qarşı olub, yaşadıqları məmləkətlərə yadlaşmış olanlar, Avropa materializmi ilə ziddiyyətə düşənlər üçün Harun Yəhya əhəmiyyətli bir istinad nöqtəsi olur.  Bu arada onunla danışıq  istəyən hər jurnalistin xərclərini qarşılayaraq, hər istəndiyində radio və televiziyaya çıxaraq, Qərb mediası üçün ovsunlayıcı bir adam olmağı da bacarır. Son dövrlərdə Irish Times qəzetinə, American National Public Radioya, Radio Americada Gordon Liddyyə, Amerikan elm jurnalı Seed'ə və hətta Skeptic ( "Şübhəçi") jurnalına müsahibə verir. Qərbdəki çox nəşr Harun Yəhyanın iddialarına lağ edərkən, Yəhya yenə də bu nəşrlərə artan təsirinin sübut kimi öz web saytında yer verir və yayınlayır.

Təəssüf ki, İslam dünyasında onun boş sözlərini ciddiyə alanlar daha çoxdur. Misirin gündəlik qəzetlərindən, Əl-Cəzirə və İran dəstəkli Press TV kimi təsirli peyk televiziyalarına, Avropadakı "Radio Ummah" və "Radio Ramadan" kimi kiçik radiolarına qədər Harun Yahyanın təsirini görmək olar. Elmi inanılırlıq görünüşü, kütlələrin nəbzinə görə şərbət vermək, Qərb materyalizminin tənqidi və "Darvinci diktatorluğun" yıxılacağı müjdəsi... Harun Yəhyanın bütün bu boş sözləri Qərbdən xəyal qırıqlığına məruz qalmış bir tamaşaçı birliyi tərəfindən həyəcanla mənimsənilir. Amerikalı jurnalist Nathan Schneiderin ifadə etdiyi kimi, Harun Yəhyanın mesajını yalnız elmi məzmun baxımından qiymətləndirmək, hədəfin gözdən qaçmasına səbəb olacaq: "Elmi sahədə oxucu  olmayanlar üçün Yəhyanın gücü qurtuluş vizionunda yatır."

Ancaq Harun Yahya yalnız Müsəlman fundamentalistlərdən ya da qərbə tənqidi baxanlardan dəstək görmür. Islamçı şiddətin qarşısında yer alması səbəbiylə mühafizəkar Amerikan siyasətçiləri və hətta İsrail əleyhdarı həddindən artıq pravoslav Sanhedrin hahamları da, Harun Yahya ilə yaxşı münasibətdədir. Bunun sonrasında artıq insanın xəyal gücünü yaxşıca çətinə salan yeni bir Türk-İslam dünyası layihəsi arxasınca qaçır. Türkiyənin öndərliyində şərqi Rusiyadan qərbi Nigeriyaya qədər dünyanı əhatə edəcək bu yeni ölkə sayıqlaması, Osmanlının heç vaxt əldə edə bilmədiyi bir coğrafiyaya yayılır.

Yaxşı bəs, Yahyanın mesajlarını tutquyla mənimsəyənlərdən neçəsi onun əslində diaqnozu qoyulmuş bir şizofreniyalı olduğunu və 2008 ilində cinayət məqsədli təşkilat qurmaqdan hökm geydiyini bilir? Məhkəməyə etdiyi son şikayəti rədd edilməsi halında, üç il həbs yatacağı qəti bir günahkar olduğunu? Bu adam, həyatın mənşəyi və İslam dünyası ilə Qərb arasındakı əlaqələrin gələcəyi kimi qlobal müzakirələrdə rol ala biləcək statusu və maliyyə qaynaqları haradan qazanmışdır? Bu problemin cavabını axtarmaq üçün son bir neçə ay müddətində (xərcləri öz cibimdən qarşılayaraq!) dəfələrlə İstanbula getdim, qrupun köhnə üzvləriylə danışdım, Yəhyanın çaşdırıcı həyatını izləyən jurnalistlərlə, siyasi şərhçilərlə tanış oldum və hədəfindəki kəsləri müdafiə edən hüquqşünaslarla söhbət etdim. Əleyhdarlarının və yanından çıxanların son illərdə tez-tez üz-üzə qaldıqları, köhnə müridlərindən birinin "hüquq terroru" olaraq adlandırdığı iddia yağışı qorxusuyla, danışdıqlarımın böyük əksəriyyəti mənimlə adlarının gizli qalması şərtiylə görüşdü. 




Harun Yəhyanın qarşısı alınmaz yüksəlişi


2009 – cu ilin iyulunda İstanbula gəldiyim zaman Yəhya Yargıtay müraciətinin nəticəsini gözləyirdi. Dəbdəbəli və bahalı, amma bir – birinin eynisi olan geyimlərə bürünmüş, gözlərini günəş eynəklərinin arxasında gizləmiş gənc kişilər və qadınlardan hördüyü ətdən divarla Kanyon və İstinye Park kimi seçilmiş ticarət mərkəzlərində göründüyünü eşitdim.



Ortalarında Yəhya artıq möhtərəm fiqur görünüşü ilə - diqqətlə kəsilmiş saqqalı, ağ kətan kostyumu və bahalı günəş eynəkləri – sanki təsir və nüfuz sahibi ciddi bir adam təsiri bağışlayır. Ancaq təbii ki, mövzu Harun Yəhya olduqda, heç bir şey, həqiqətən də, göründüyü kimi deyil. Yalanlardan və şəhvət dolu fantaziyalardan hörülmüş bu dünyanın həqiqətlərinə baş vuraq. Həm də adından başlayaraq: Harun Yəhya bu adı daha çox Türkiyədən xaricdəki fəaliyyətləri üçün istifadə edir. Əsl adı isə Adnan Oktardır, Türkiyə cəmiyyəti isə onu daha çox Adnan Hoca kimi tanıyır. Tərəfdarları üçün isə o, Adnan abidir (qardaşdır). 1956 – cı ildə Ankarada doğulan Oktar, 70-ci illərin sonunda daxili memarlıq təhsili üçün İstanbulda Gözəl Sənətlər Akademiyasına daxil olur. Təhsil aldığı müddətdə məşhur İslam alimi Səid-i Nursidən, xüsusilə də onun İslam mistisizmini elmi bir izahla əlaqələndirən görüşlərindən təsirlənir. Lakin həqiqətən də, İslami bir fikir dünyası içində hərəkət edən və Türkiyə Müsəlmanları arasında mühüm bir mövqeyə malik olan Səid-i Nursidən və İslam anlayışından sürətlə uzaqlaşır.

Adnan Oktarın Türkiyənin gündəmini zəbt etməsi 12 sentyabr 1980 – cil çevrilişi ilə başlayan şiddət və təzyiq dövrünə təsadüf edir. Türkiyə xaricdə Soyuq Müharibə siyasətinin, daxildə sosialist hərəkatının və qatı millətçilərin çəkişmələrinin hədəsinin hiss olunduğu siyasi və mədəni bir böhran keçirirdi. Dəyişən şəraitdə artıq yeni bir aktyora ehtiyac vardı: Səhnə həm müasir, həm Türk, həm Müsəlman olan, əsgərlər tərəfindən dəstəklənən, Türk – İslam sintezini həyata keçirəcək bir aktyora hazırdır. Səhnəyə addım atan Adnan Oktarın əlində bir kitabı vardır: Yəhudi və masonları yeni və güclü bir Türk – İslam ölkəsinin qarşısındakı maneələr qismində göstərən, Sion Kəlamları Protokoluna oxşar olan anti – semitizm möhürlərinin maskalanmış bir nümunəsi olan “Yəhudilik və masonlar”. “Türkiyədə yəhudilərin və masonların əsas vəzifəsi” – Oktarın dediyinə görə, “türk xalqının ruhani, dini və əxlaqi dəyərlərini erroziyaya uğratmaq və onları bir heyvana çevirməkdir.”

Oktar kitabın yayılmasından sonra dünyəvilik prinsipinə qarşı çıxaraq, dini çevriliş təbliğatı aparmaqda təqsirləndirilib həbs olunur.

Rəsmi olaraq hökm almasa da, 19 ay həbsxanada qalır. 19 ayı, əvvəlcə həbsxananın tibb məntəqəsində keçirir, oradan da Bakırköy Ruhi Xəstəliklər Xəstəxanasına yerləşdirilir. Obsessiv – kompulsiv şəxsiyyət pozğunluğu və şizofreniya diaqnozu artıq onun sənədlərində qeyd edilmişdir. Buna baxmayaraq, 1986–cı ildə Oktarla eyni dövrdə həbs olunan köhnə tərəfdarlarından biri yazıçı Ədib Yüksəl kimiləri Oktarın hərbi xidmətdən və cəza sanksiyalarından yaxasını qurtarmaq üçün “dəli rolu” oynadığı fikrindədir. “Tarixin qəribə bir cilvəsidir” – deyir Yüksəl. O bildiri ki, Adnan həqiqətən də ruhi xəstə idi, hallusinasiyaları var idi. Yüksəl hesab edir ki, Oktar əslində Mehdi olduğuna hələ o dövrlərdə inanmışdır.

Oktar bir tərəfdən, kitabları sayəsində cəmiyyətdə mövqe qazandığı zaman, digər tərəfdən səhnə arxasında əsl həqiqi işini həyata keçirir və əyri görüşləri ilə bağlı bir mürid birliyi formalaşdırır. Ən qızğın əleyhdarlarının belə qəbul etdiyi danılmaz xarizmasını manipulyasiya bacarığı ilə birləşdirərək,Çarlz Manson və Cim Cons kimi Mesihsayağı rəhbərlərin üsullarından istifadə edir. Xüsusilə, Moon, Bhagwan Shree Rajneesh ve Scientology strategiyalarını təqlid edərək, zəngin və təhsilli, ancaq böhran içində olan gəncləri öz tərəfinə çəkir, sahib olduqları mal və mülkləri təriqətə vermələrini buyurur, qatı iyerarxiya və cəza qaydalarını şiddətlə tətbiq edir. Bütün təriqətlərdə olduğu kimi, burada da cavabı çətin olan bir sual vardır: Gənc, təhsilli və zəngin insanlar üçün Adnan Hoca kimi bir adamı cəlbedici edən nədir? Bir zamanlar Oktarın müridi olmuş Dilək bu mövzunu işıqlandırır.

İndi otuz yaşlarının sonunda, gülərüz bir iş qadını olan Dilək, camaat (icma) ilə sevgilisi vasitəsilə tanış olmuşdur. Oktarla necə tanış olduğunu, necə Bakırköy xəstəxanasına onun ziyarətinə getdiyini mənə danışdı: “İnsanı qorxudan, hürküdücü bir nəfərlə qarşılaşmağı gözləyirdim. Tam əksinə oldu. Uzun boylu, çəhrayı yanaqlı, mavi gözlü idi. Dayanmadan gülümsəyirdi, sevgi dolu idi.” Diləyin özünü Adnan Hocaya təslim etməsi uzun sürməyəcəkdi.

Oktar azadlığa çıxdıqdan sonra İstanbulun seçilmiş məhəllələrindəki xüsusi mənzillərdə və kafelərdə məclis təşkil etməyə başlayır. Bu toplantılara müzakirələr edərək dua etmək üçün qatılan gözəl və zəngin gənclərin sayı getdikcə artır. Qısa müddətdən sonra Dilək başını örtür, ancaq yeni dini bağlılığını üzə vurmamaq üçün yalnız evdən kənarda olanda örtünür. Qrupdakı bütün yoldaşları bahalı özəl məktəblər bitirmiş, xarici dildə təhsil almış, zəngin və bəziləri məşhur ailələrin övladlarıdır. Başlanğıcda müzakirələr, ümumilikdə, Oktarın Yəhudi suiqəsdi haqqında maraqlarına yönəlmişdir. “Yəhudilərə və Masonlara qarşı insanın qanını donduracaq bir nifrət vardı onda,” – deyir Dilək. “Yəhudilər dünyanı məhv edirdi, bizlərsə onlarla savaşan yaxşı müsəlmanlar idik.”  Şübhəsiz, belə “şüurlandırma” məclisləri və müzakirə qrupları siyasi İslamın kütlələri hərəkətə gətirmə müddətinin ayrılmaz parçasıdır. Bununla belə, Oktar və ətrafı, qısa bir müddətdə siyasi İslam xəttindən, hətta İslam ənənələrindən belə ayrılırlar. Dilək: “Bir gün Adnan Hoca birdən Həzrəti Məhəmmədin hədisləri və sünnətiylə əlaqədar bütün ənənələrdən imtina edib, tək istinad nöqtəsinin Quran olacağına qərar verdi,” – deyir. “O gündən sonra vaxt namazlarını beşdən üçə endirdi, qadınların örtünməməsinə zərurət olmadığına qərar verdi. Bizlərə Mehdinin Türkiyədə zühur edəcəyini və yanında gənclərdən ibarət bir orduyla gələcəyini deyərdi. Özünün Mehdi olduğuna eyham vurmurdu. Biz yenə də onun Mehdi olduğuna inanırdıq."

Oktar 80 – 90 – cı illər ərzində cammatını genişləndirir. Müridləri, xüsusilə Mərmərə dənizi ətrafı bağ evləri ərazisində fəaliyyət göstərir. 80 – ci illərdə yay tətillərinin çoxunu ailəsinin Silivridəki bağ evində keçirən bir yoldaşım Oktarın müridlərini çox canlı bir şəkildə xatırlayırdı: “Oralarda mənzillər satın alıb gözəl qızları, yaraşıqlı oğlanları hədəfə alırdılar. Oğlanlar, həqiqətən də, yaraşıqlı idilər, qızları asanlıqla təsirləndirə biləcək tiplər idilər. Məncə, işə oğlanlarla başlamalarının səbəbi də bu idi. Qızlar təriqətə girdikdən sonra əvvəlki kimi cəlbedici geyinmələri mümkün olmurdu. Halbuki oğlanlar üçün qaydalar daha rahat idi, onlar yeni namizəd tapmağı davam etdirə bilirdilər.”

( Harun Yahyanın Bakıdakı müridləri)


Təriqətin daxili quruluşu: cinsi istismar, ruhi köləlik və İslamın qəribə təfsiri.


Bu illərdə qrupun daxilindəki sosial təşkilatlanma getdikcə qatı iyerarxiyaya çevrilir və belə təriqətlərdə tez–tez rast gəlindiyi kimi, cinsi əlaqələr möhkəm bir şəkildə yoxlandığı halda, sözdə Məsih başqalarına verilməyən cinsi haqlardan yararlanır. Oktarın bütün qadın müridlərini öz malı kimi gördüyünü bilirik. Uzun bir müridlik dövründən sonra təriqətdən uzaqlaşan Bərk bu dəyişik rolları belə izah edir: “Bir tərəfdə bacılar və cariyələr vardı, digər tərəfdə isə qardaşlar, yəni kişilər. Qardaşların cariyələrlə evlənməsinə icazə verilirdi, amma bacıların hamısı Adnan Hocanın malı idi.” Şübhəsiz ki, haqqında danışılan evliliklər qanuni anlamda etibarlı olmasa da, camaatın öz anlayışına görə qanunidir. Scientology təriqətində olduğu kimi, nizam – intizam alçaltma, atmaqla hədələmə və fiziki zorakılıqla təmin olunur. Bərk, Oktarın bacıları döydüyünü şəxsən bildiyini dilə gətirir. Oktar geyimdə, davranışda və hətta evin döşənməsində eyniliyi zəruri hesab edir.

“Hər kəs eyni olmaq məcburiyyətindədir,” – deyir Bərk. “Saç kəsimi, ayaqaabılar, pencəklər. Versace və ya Gucci kimi ən bahalı markaları geyinməli və hər şey tamamilə onun istəklərinə uyğun olmalıdır. Müştərək evlərimiz belə onun zövqünə görə döşənməli idi. Ağır əntiq mallar, qızıl zərlər, tünd rəngli taxta mebellər.” Müştərək evlərə yerləşdirilən video – kameraları Oktara həm müridlərini, həm də təriqətin ətrafındakıları yoxlamağa imkan verir. Son  iddia ərizəsində açıq şəkildə bildirildiyi kimi, gənc qızlar camaata alınma vədi ilə seks partilərinə dəvət edilir, daha sonra camaatın malı və siyasi məqsədləri üçün söykəndiyi nüfuzlu və səlahiyyətli adamlarla əlaqəyə məcbur edilir.

Belə əlaqələr qeydə alınır və haqqında danışılan adamları camaatın mənfəətinə çalışmağa razı salmaq üçün şantaj materialı kimi istifadə olunur. Məhkəmələrdə şahid qismində ifadə verən Tuğçe Doras və Seçkin Pirilər adlı manekenlər təriqət üzvü kimi necə “Seks köləsi” kimi istifadə olunduqlarını, Oktar və müridləri ilə oral seks və buna bənzər əlaqələrə necə məcbur edildiklərini detalları ilə danışırlar. Bu məsələlər türk mətbuatında da xatırlanmışdır.

Qaydaları nə qədər qəribə olsa da, Oktar baş verənlərə Quran və İslam istinadları ilə qanuni görünüş verməyi bacarır. Cariyəliyi haqlı göstərmək üçün hər halda Osmanlı hərəmlərini nümunə göstərir, gənclərin ailələri ilə əlaqələrini kəsmək üçün Qurandan ayələr irəli sürür. Oktara qarşı qaldırılan bəzi məhkəmə işlərində iştirak edən bir hüquqşünasın sözlərinə görə, “Oktar hesab edirdi ki, ana – ata sevgisi Allaha şirk qoşmaqdır. Ana və ata övladlarını böyütmək öhdəliyini daşıyır. Övlad həddi – buluğa çatanda vəzifələri sona çatır.

Əgər ana – ata da təriqətə qoşulursa, o zaman mürid rəftarı görürlər. Əgər “kafir” olaraq qalırlarsa, o zaman düşmən sayılırlar.” Halbuki dini biliklərə görə, belə bir təfsirin, ana – ata sevgisinə düşmənçiliyin İslamiyyətin əsasları ilə əlaqələndirilməsi mümkün deyildir.

Müridlər ailələri ilə olan əlaqələrini kəsdikləri halda, camaat ailələrin malı və sosial imkanlarından istifadə etməyi davam etdirir. İddia ərizəsi müridlərin ana – atalarının bank hesablarını soymaları və var – dövlətlərini satmaları üçün necə istiqamətləndirildiyini göstərir.

Rifahın açdığı qapı: Türkiyə siyasətində Adnan Hocaçılar 1994 – cü ildə yerli seçkilər Oktara gözləmədiyi bir fürsəti verir. Hazırki iqtidar partiya AKP – in sələfi İslamçı Rifah partiyası İstanbul və Ankarada bələdiyyə seçkilərində qələbə qazanır. Bununla belə, İslamçı rəhbərlər effektiv idarəetmə üçün zəruri təcrübədən, sosial və iqtisadi əlaqələr şəbəkəsindən məhrum idilər və bu səbəbdən həm maddi imkanları geniş, həm də dindar bir müsəlman olan müttəfiqlərə ehtiyac duyurdular. Oktar asanlıqla rast gəlinməyəcək bu fürsəti əldə qaçırmaq istəmədi və zəruri imic yenilənməsini həyata keçirdi. Adnan Oktarı tənqid edən və buna görə də onlarla həqarət davası ilə mübarizə aparmalı olan köşə yazarı və qəzet redaktoru Fateh Altaylı bu vəziyyəti Oktarın gücünü artıran məqam kimi dəyərləndirir. “Oktar”ın çevrəsindəki bir çox şirkətlər 1995 və 1996 – cı illərdə başda İstanbul və Ankara olmaqla, Rifah partiyasının əlində olan bələdiyyələrlə böyük iş sazişləri bağlayırlar. Qrupun toplantılarından birinə hücum edən polislər Rifah hökumətinin nazirlərindən olub, Türkiyədə siyasi İslamın başlıca ideoloqlarından biri olan Oğuzhan Asiltürkü həbs edirlər. Həqiqətən də, təriqət iqtisadi gücünü bu illərdə möhkəmləndirdi, müridlərindən bəziləri Dubayda belə şirkətlər qurdular.” Bəziləri də türk investorlarının izi ilə Orta Asiyaya gedib, ana – atalarından zorla aldıqları pullarla işlər qurur, gəlirləri Adnan Oktara verirlər. Başqa bir hərbi müdaxilə 1997 – ci ildə həyata keçirilən 28 Fevral çevrilişi Ərbakan hökumətini istefaya məcbur edir və Rifah partiyasının bağlanmasına səbəb olur. Oktar siyasi nüfuzunu itirir. Rifah dövründəki isti münasibəti AKP hökuməti dövründə görməsə də, Adnan Oktar yenidən səhnəyə çıxmağa gecikməyəcəkdi.


Yaradılış Atlasından mədəniyyətlər dialoquna


Oktarın 1990 – cı ildə qurduğu Elm və Tədqiqat Vəqfi 1998 – ci ildə əhatəli bir şəkildə Darvinizm əleyhinə təbliğata başlayır. Türkiyədə “Təkamül Uydurmaları” və “Yaradılış Atlası”nın on minlərlə nüsxəsini paylayaraq müsəlman yaradılışçılığının sözçüsü olmasının başlanğıcını qoyur. Bununla belə, bu iki kitabın və hətta yazdığını iddia etdiyi 150 kitabın həqiqətən Oktar tərəfindən qələmə alınmış olması son dərəcə şübhəlidir. O dövrlərdə Oktarın yaxın əhatəsində olan Bərk bu mövzunu belə aydınlaşdırır:

“Kitabların yazılması vəzifəsini daşıyan bir mürid qrupu vardır. Onlar yazacaqları hər kitab üçün başda Amerika Birləşmiş Ştatları olmaqla, yaradılışçı xristian yazarların dərc etdirdiyi bir neçə açar mənbələr əldə edir, sonra da öz yaradılış yanaşmalarına uyğun bölmə və paraqrafları kopyalayırlar. Arxasınca fotoları əlavə edib, Qurandan ayə, bir neçə dənə də şərh əlavə edirlər. Bu fikirlərdən heç biri Oktarın öz fikri deyildir.”

11 sentyabr hadisəsi ilə dünya ciddi bir böhrana daxil olur. Ancaq Adnan Hoca böhrandan doğan fürsəti dərhal sezir və şiddətli bir yəhudi düşmənçiliyini bir kənara ataraq, Amerikanın gözünə girməyə çalışır: “İslamiyyət terroru lənətləyir” adlı məqaləsi məhz bu məqsədə xidmət edir. Hətta keçmiş ABŞ senatoru Steve Symms və yeddi nümayəndənin tərifini belə qazanır: “Türkiyənin gənc əhalisinə istiqamətlənən əsas yaxşılıq mənbəyi” kimi tanıdılan Oktar “demokratiyaya, beynəlxalq və əxlaqi dəyərləri qorumağa, hüququ saymağa münasibətdə qəti olması” səbəbiylə də xatırlanır.

O gündən bəri Oktar dinlərarası dialoqun kəskin bir dəstəkləyicisi olur, Faşizm, Yəhudi Düşmənçıliyi və Soyqırımında təqsirkar hesab etdiyi Darvinizmin dağıdıcı təsirinə qarşı hər inancdan olan insanları bir araya gətirməyə çalışır.

Bundan başqa, Türkiyənin rəhbərliyi altında bütün İslam dünyasına sülh gətirəcək “Türk – İslam Birliyi”ndən bəhs etməyə başlayır. Oktarın ideoloji və siyasi görüşlərindəki qarışıqlıq, həqiqətən də, bir inanca sahib olmaması, müridlərin təklif etdikləri yolu izləyərək məşhurluğunu artıracaq mövzulara hücum edən bir fürsətçi olduğu iddiasına sanki haqq qazandırır. Keçmiş müridinin mənə bildiridiyi kimi, “hər kəs üçün bir şey vardır: Atatürk, namaz, yaradılış və lazım olarsa, kokain.”

Lakin bütün bunlar bizi yanıltmasın. Adnan Hoca artıq əvvəlki gücünü itirməkdədir. Lideri tezliklə böyük ehtimalla həbs ediləcək bir təriqət nə qədər davam gətirə bilər?

Doğrudur, Elm və Tədqiqat Vəqfi ilə müridləri minlərlə məhkəmə işi açmışlar. Bunlardan üç yüzündə cavabdeh Oktarın əleyhinə danışdıqdan sonra saxta çılpaq fotoları mətbuata paylanan keçmiş maneken Ebru Şimşəkdir. Oktarın müridləri qrupla yaxın əlaqəyə girmiş hər kəsi çətin vəziyyətdə qoyacaq minlərlə video çəkilişi aparmışdır. Prokurorları, ittihamçıları və vəkilləri qorxutmaq üçün sonu olmayan şikayət ərizələri, fakslanmış xəbərdarlıqlar, əleydarlarını ləkələmək üçün İslamçı mətbuatda təhqir dolu elanlar yayımlanmışdır. Xüsusilə internet fəaliyyətlərində uğurlu olmuş, düşmənlərini alçaltmaq üçün saysız – hesabsız veb saytlar qurmuşlar, digər tərəfdən də onları tənqid edən saytları susdurmaq üçün türk məhkəmələrini yanıltmışlar: Dawkinsin veb saytı bağlatdırdıqları onlarla saytdan yalnızca biridir. “Bir neçə yüz adam ola bilərlər”, vəkil mənə deyir, “amma verdikləri zərərin həddi – hesabı yoxdur. Müridlərin ailələrinə, məhkəmə sisteminə və türk siyasətinə verdikləri zərər qorxuludur.”

Bütün bu hücumlara və məhkəmə sistemindəki bəzi çatışmazlıqlara baxmayaraq, Adnan Oktar qrupunun qurbanlarını müdafiə edən ürəkli vəkillər müvəkkillərinə qarşı açılan bütün məhkəmə işlərini qazandılar. Hesabatlara görə, camaatın ortaqlıqları son zamanlar ciddi bir uğursuzluqla qarşı – qarşıyadır. Oktarın maddi imkanlarında müəyyən daralma mövcuddur.

Ancaq qrupun batmasını sürətləndirən daha dərin, strukturla bağlı səbəblər vardır. Səksəninci illərin sonunda camaat bir neçə uşaq dünyaya gətirmişdir. Bundan sonra isə (atalarının Oktar olub olmadığı məlum deyil), Oktar hamiləliyə yol açan cinsi əlaqələri qadağan etmiş və müridlərinin cinsi həyatını oral və anal əlaqələrlə məhdudlaşdırmışdır. O gündən bəri yeni uşaq da doğulmamışdır. Deyilənə görə, Oktarın yeni mürid mənbəyi də eyni sürətlə qurumaq istiqamətindədir.

Bəs bütün bu dəlilikdən geriyə qalan nədir? Şövqü qırılmış, şəxsiyyətləri zədələnmiş fərdlərdən ibarət içinə qapanan bir camaat. Bütün keçmiş müridlər kimi qaralama kampaniyalarına məruz qalan Bərk bu qırılma vəziyyətinə aydınlıq gətirərkən, heç nəyə baxmayaraq, keçmiş yoldaşlarına anlayış göstərir: “Bu insanlar sahib olduqları hər şeyi əldən çıxardılar, bunu anlamaq lazımdır. Ana – atalarına aid olanları, evləri, maşınlar satdılar. Əllərində heç nə qalmadı. Müridlərin çoxu bu gün otuz yaşlarının sonunda, qırx yaşlarının əvvəlindədirlər. Ailələrini və dostlarını, insanlarla ünsiyyət qurmaq bacarığını itirdilər. Bildikləri yeganə şey Adnanın İslamı təhrif edən pozğun düşüncələrini yaymaqdır.”

Bu tənhalığa qrupdan bir neçə il öncə ayrılan Dilək də toxunur Özü təriqətin nəzarətindən xilas olsa da, iki bacısı artıq bir daha ayrılmamaq şərti ilə Adnan Hocanın əlinə düşüb. “Bacılarım bizi ildə bir, ya da iki dəfə ziyarət etməyə gəlir, ancaq görüşlər kişi müridlərin nəzarəti altında olur.” Amma artıq insan kimi münasibətlərə son qoyulmuşdur. “Sanki Zombi kimi baxırsan, içəridə heç kəs yoxdur.”

Türkiyənin yerli televiziya və radio kanallarında davamlı olaraq söhbətlər edən və görünüşcə yaxşı bir müsəlman təsiri bağışlayan Adnan Oktar Türkiyədə bəzi dairələrdə məşhur və etibarlı insan rəftarı görür. Buna qarşı Yargıtayın tezliklə Adnan Oktarın məhkum olunmasını təsdiqləməsi gözlənilir. Ədib Yüksəlin dediyi kimi, Oktar insanları manipulyasiya etməkdə ustadır, “hiyləgər bir şarlatan” ola bilər, ancaq bu xüsusiyyətlər Adnan Hocanın yüksəlişini və nüfuzunu açıqlamaq üçün kifayət deyildir. Oktar bizim öz xəstəliyimizin göstəricisidir. Corc W. Buşun “Terrorla savaş”ı Oktarı İslamçı fundamentalizminin qarşısında etibarlı və elmli bir alternativ kimi göstərdi; inanc mövzularındakı qorxaqlığımız və məlumatsızlığımız səbəbindən onu müsəlman yaradılışçılığının təmsilçisi və “dinlərarası dialoq”un mühüm bir aktyoru hesab etdik. Üstəlik, nə edəcəyini bilməyən, Qərb ölkələrində özünü kənarlaşdırılmış hiss edən bir çox müsəlman Oktarı bir elm adamı kimi və İslami bir elm anlayışının təmsilçisi kimi görmüşdür.

Halbuki elmin müsəlmanı, xristianı yoxdur. Oktar yüksələn dini duyğulardan ustalıqla yararlanaraq hamımızı aldadan, insanlara qəlbən nifrət bəsləyən, pozğun arzularını dindən pis məqsədlə istifadə edərək həyata keçirməyə çalışmış bir saxtakardır. Saxta zamanların saxta peyğəmbəridir.

Taryel Abdullayev

Qaynaq:

https://newhumanist.org.uk/articles/2131/sex-flies-and-videotape-the-secret-lives-of-harun-yahya

http://www.pewresearch.org/topics/evolution/

Şərhlər

instagram takipci hilesi instagram takipci bayiliği istanbul escort