access_time Dərc olunub: 16:30
ERMƏNİ SƏMİMİYYƏTİNƏ İNANAQ?

Bir neçə gündür erməni mətbuatını izləyirəm. Bakıya erməni hüquq müdafiəçilərinin gəlişi və onların burada səsləndirdiyi  fikirlər əməlli-başlı  erməni mətbuatının gündəminə çevrilib.

 

Xatırladım ki,  Milli QHT Forumunun prezidenti  Rauf Zeyni Bakıda “Ermənistan,  Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və     nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış”   mövzusunda  beynəlxalq  konfransa  erməni  yazıçı-publisist,  ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanı dəvət edib.  Avetyan və Martirosyanla yanaşı, Bakıya gələn “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna    

Çaqinyan Qarabağdakı cinayətlərə görə erməni  xalqı adından Azərbaycan xalqından üzr istəyib, Sərkisyan rejiminə qarşı sərt  bəyanat səsləndirdi. 

S.Çaqinyan artıq münaqişənin sülh yolu ilə həllinin zamanının çatdığınıdan söz açdı. Təbii ki, bu fikirlər Ermənistan və erməni mətbuatının xoşuna gəlmədi. Lakin Serj Sarkisyan rejiminə qarşı olan  bəzi erməni saytları müəllif yazılarında erməni hüquq müdafiəçilərinə haqq verdilər. Buna baxmayaraq, onlar yenə də Xocalıda baş verən faciədə özlərini təqsirkar hesab etmədilər. Sarkisyanın qurduğu amansız rejim ölkədəki bütün erməni vətəndaşların fikirlərinə təsir edir.  Yüzlərlə erməni müxalifətçi Qarabağın müharibə olmadan Azərbaycana qaytarılmağının tərəfdarıdır.  Hətda erməni deputatlardan çoxu hələ aprel döyüşləri zamanı Qarabağın geri qaytarılmasının vacibliyini gündəmə gətirmişdi.

Onlar başa düşür ki, indiki halda Ermənistanın Azərbaycanla müharibə aparması mümkünsüzdür.  Ən mühümü isə aprel  ayında keçirilən əməliyyatlar zamanı bir çox dövlətlər Azərbaycana dəstək nümayiş etdirdi ki, bu da Azərbaycanın siyasi nüfuzunun artdığının bir göstəricisi idi.  Bəli, heç bir ölkə Azərbaycanı bu əməliyyatlara görə qınamadı.  Ermənistandan kənara gedən və Sarkisyan rejimindən  həmişəlik yaxa qurtaran ermənilər  sosial şəbəkələrdə digər erməniləri də  mövcud erməni rejiminə qarşı mübarizəyə səsləyir.  Ac-yalavac, işsiz- gücsüz Qarabağ erməniləri Azərbaycan vətəndaşı olmağa çoxdan hazırdır. Lakin Ermənistandakı mövcud rejim bu insanları  daim nəzarətdə saxladığından ermənilər hər hansı bir addımı ata bilmir.  İndi isə ermənilər böyük bir şok yaşayır.  Onlar Bakıda erməni kilsəsinin dağıdılmamasını və hətta burda erməni dilində kitabların necə qorunub, saxlandığının şahidi olurlar. Əslində indi erməni cəmiyyəti iki yerə bölünüb. Birinci tərəf  Bakıya gələn ermənilərin addımını dəstəkləyir. Digər bir qrup isə onlara vətən xainləri damğasını vurur. 


S. Çaqinyanın Bakıda səsləndirdiyi bu fikrə diqqət edin: “Mən Azərbaycan prezidentinə təşəkkür edirəm. Nəhayət, bu münaqişəyə son qoyulsun. Mən bilirəm ki, Ermənistan hakimiyyəti bu münaqişənin həllini istəmir. Serj Sarkisyan istefa verməlidir. Mənim bu gün burada olmağım Serj Sarkisyanın siyasəti ilə əlaqədardır. Serj Sarkisyan erməni xalqını talan edir. O, prezident yox, işğalçıdır. Serj Sarkisyan erməni xalqına qarşı soyqırımı həyata keçirib.

Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparmışam. Mən izlənirdim. Onlar məni terrorçuluqda belə günahlandırırdılar. Mən bu gün ölüyəm, Ermənistanı tərk etmişəm. Əgər onlar məni həbs edib, məni terrorçu kimi mühakimə etsəydilər, mən ölü olardım. Mən mütəxəssis kimi illərdir ki, ölkəmdə iş tapmamışam. Ermənistanda bütün xalq mənim kimi yaşayır. Hakimiyyət zəbt edilib. Mənim vətəndaşlıqdan imtina barədə Azərbaycan mətbuatında məktubum dərc olunandan sonra Serj Sarkisyan ölümüm barədə qərar vermişdi”. Bu fikirlər Ermənistanda mövcud rejimi  olduğu kimi təqdim edir.

 

 Azərbaycanda bu fikirlərə birmənalı yanaşılmır. Erməni hüquq müdafiəçilərinin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün abidə önündə baş əymələri isə çoxuna şou təsiri bağışladı. Bir çoxumuz bunu növbəti erməni fırıldağı olaraq dəyərləndirdik. Çünki illərdir ki, ermənilər bildirir ki, Xocalıda baş verənlərdə onların əli yoxdur. Halbuki, faktlar bunun tam əksini sübut edir.  Azərbaycana gələn üç erməni isə bütün Ermənistana Bakıdan mesaj yollayır və Xocalı qurbanlarına ehtiramlarını bildirirlər. 

Onlar hətda Bakıda onlara qarşı göstərilən səmimiyyətdən də razı olduqlarını dilə gətirirlər. Ermənilər bu dəfə münaqişənin xalq diplomatiyası vasitəsi ilə həllindən cəh-cəh vururlar. Qulağa xoş gəlir. Müharibə olmadan, qan tökülmədən Qarabağ qaytarılacaq... Və sonra iki xalq yenidən birgə yaşayacaq. Tarix boyu  bir neçə dəfə onların səmimiyyətinə inamışıq... Və nəticə ortadadır... İndi isə düşünməliyik. Erməni səmimiyyətinə inanmaq olarmı?!

Şərhlər