access_time Dərc olunub: 11:08
Mədəniyyətimiz-mədəni niyyətimiz (II hissə)

Bu mövzuya o qədər aktual problemləri, müzakirə edilməli mövzuları salmaq olar ki… Amma ikinci hissəsini yazıb bu mövzunu tam bitirmək istəyirəm…

Nədənsə, cinsindən asılı olmayaraq aptekə vaxtından asılı olmayaraq, girib hamiləlik əleyhinə dərman, qoruyucu vasitə, hamiləlik testi alanda, həm aptekin işçiləri, həm də müştərilər bu alıcıya elə baxırlar ki, elə bil ki, alıcı yadplanetdən düşüb, kitabxanaya gəlib kitabxanadan kitab əvəzinə, bistroff məhsulu götürmək istəyir, hələ üstəlik alıcını pərt etmək və borclu çıxartmaq istəyir və qınayırlar… Sanki biz bu cür məhsulları aptekdən deyil, başqa yerdən almalıyıq… Bu da bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.

Arıq və gözəl bədən quruluşuna malik insanlara qulp qoymağımız, onlarda xəstəlik axtarmağımız, “qurdlu insan” damğasını vurmağımız, “Qızım, oğlum, niyə belə arıqsan, heç nə yemirsən, evdə səni ac saxlayırlar?! Bəlkə, xəstəsən, get həkimə.” Deyənlər hələ sənə başları çıxdı – çıxmadı xəstəliklər tapıb, diaqnozlar qoyurlar… Arıq olmağımız gözlərinə neçə girirsə, hələ bir soruşurlar ki, “Belə arıq qalmağının sirri nədir? Hansı pəhrizi saxlayırsan?” Soruşuram bu sualı verənlərdən, Sizə nə dəxli var, mənim arıq və ya kök olmağımdan?! Həkimsən?! Bu cür məntiqsiz və paxıllıq dolu sorğu-suallar, müdaxilələr də bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.

Bəzi insanlarımız hələ o səviyyədə qalıblar ki, primitiv sual verməkdən çəkinmirlər: “Niyə saçını rəngləmirsən? Niyə şortik geyinirsən (geyinilən şortikin uzunluğu diz və dizdən aşağı olsa da)?, Niyə dırnağına lak qoymursan? Niyə qaşını alıb, nakolkalatmırsan? Niyə makiyaj etmirsən?”. Ay camaat, Allah məni elə yaradıb ki, təbiiliyim məni qane edir və süni olmaq istəmirəm! Heç dəxli var, xoşunuz belə gəlirsə, gündə saça bir rəng qoymaqdan, bir saş düzümü etməkdən, dırnağa lak etməkdən, nakolka qaşlardan, gedin öz üzərinizdə təcrübə keçin, məndən nə istəyirsiniz? Sanki bir zavoddur, hamı eyni cür etməlidir və eyni cür görsənməlidir, Barbi gəlinciyi kimi.. Bu kimi primitiv səviyyəmiz də, yerimizdə saymağımız da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
İctimai yerlərdə gedərkən, səni uzun müddətdir tanıyan adam sənin yanında adam olanda, salam verməyib, özünü görməməzliyə qoymasını anlamıram, hələ üstəlik, onları görüb salam verəndə, salamına cavab verməyib, öz “mədəniyyəti”ni göstərənləri, özləri tək olmayanda, salamlaşmayanları, salamı eşitməzliyə qoyanları anlamıram. Onların məntiqinə qalsa, deməli salamlaşmaq üçün ictimai yerdə salamlaşan tərəflər tək olmalıdırlar?! Bu cür mədəniyyətsiz mədəniyyətinizin səviyyəsi Afrikada ağacda yaşayan meymunların səviyyəsindən də aşağıdır, adi etika qaydaları var, riayət etsəniz, “xəncərinizin daşı” düşməyəcək… Salam, Allahın adıdır. Özünün bu cür səviyyə və mədəniyyətsizliyini göstərənlərin bu hala gəlməsi də, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.

Parklarda yaşıllığın suvarılmasına müsbət baxıram, amma təkcə yaşıllıq suvarılsın, daha piyada və maşın yolları, skamyalar, skamyada oturanlar, parkda gəzənlər, piyada səkisindən istifadə edənlər, maşınlar yox (konkret Sahil parkı və Filarmoniyaya gedən yoldakı park (İçərişəhər metrosunun yanındakı park)). Ay camaat yolunuz bu tərəfdən düşəndə, ya piyada və maşınlarınız üçün müvafiq suvarılma saatlarında ya alternativ yol axtarın, ya da ehtiyat üçün iki dəst paltar götürün özünüzlə, başdan ayağa çiməndə, işdə və ya evdə, paltarınızı dəyişə biləsiniz. Bir də ki, bu tərəflərə gələndə, ələxsus xanımlar, kabluk və ya dabanı sürüşkən ayaqqabı geyinməyin, çünki şpaqat və yıxılma və yerindəcə onurğa sütunlarının sınması və kəllə beyin travması, silkələnməsi diaqnozları ilə təmin ediləcəksiniz. Bu məntiqlə suyun təzyiqinə nəzarət etməyən park baxıcıları, bu tip səhvlər, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
Piyada üçün keçidlərdən istifadə etməyən qucağında körpəsi olan, kolyaskada uşağı olan, özü gəzə bilən və valideyninin əlindən tutan uşaqlarla olan valideynləri anlaya bilmirəm, özünüzün həyatınız cəhənnəmə ki, ölmək istəyirsiniz, özünüz bilərsiniz, uşaqlarınızın nə günahı var, bu qədər çətindir, yaşıl işığı gözləmək, yeraltı, yerüstü və zebra kimi keçidlərdən istifadə etmək? Tənbəlliyiniz uşağınızın təhlükəsizliyi və həyatından belə öndə gedən amildirmi?! (Sahil metrosunun yanında, bu hallar tez-tez təkrarlanır, halbuki orda həm zebra var, həm yeraltı keçid)… Bu cür məsuliyyətsiz, nadan piyadalar üçün yazıq “işıqforlarımız”da dilə gəlib, deyir ki, “Keçin, gözləyin!” Bundan artıq neyləsinlər, piyada keçidi yazısı vurdular, piyada üçün işıqlı, bəzəkli yol işarəsi qoydular, qanmadınız, yazıq işıqfor da dilə gəldi, yenə qanmayacaqsınız?! Qanmırsınızsa, elə ölün maşının altında! Bu cür məsuliyyətsizlik də, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.
Gecə Bakının gözəlliyini yaşamaq yaxşıdır, əsasən də maşınla gedərkən, anlayıram, mən özüm də Bakını gecə olanda, qaranlıq çökərkən, işıqlandırılan zaman daha çox sevirəm, amma ay Bakının vurğunları, maşınınızla gecə gəzintiyə çıxmağınız, yolda maşınların az olması o demək deyil ki, maşını 200 km/saatla sürəsiniz və hökmən yolda küləyinizlə və ya maşınınızın özüylə kimisə və ya nəyisə vurasınız… Maşın sürmək mədəniyyətinin olmaması da, indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir.

Parkda oturarkən, kitab oxuyan, qulaqcıq taxıb musiqi dinləyənlərə, blaknotunda nəsə yazanlara vəhşicəsinə ya təəccüblə baxmağınızı anlamıram… Siz hansı planetdən enmisiniz ki, belə şeyləri görəndə təəccüb edirsiniz? Yəqin Sizin kimi insanlar əlinə ömründə kitab almayıb, alıb oxuduğu da, yəqin ancaq Kamasutra və o tərz kitablar olub, yəqin heç əlifbanı da bilmirsiniz və yazı da axırıncı dəfə nə vaxt yazdığınız yadınızdan çıxmışdır! Siz də mənim kimi, o biriləri kimi insansınız, belə hallar görəndə, təəccüb etməyin, kənardan gülməli görsənir…
Ən gülməli tendensiya bilirsiniz nədir? Yolla gedəndə, sənə reklam vərəqələrin vermələri, mənə bir neçə dəfə hazırlıq kurslarına (abituryent və magistraturaya hazırlıq) dəvət edən reklam vərəqələri verəndə, öz-özümə düşünürəm, bu komplimentdir ki, 30 – 32 yaşımda məni 18-24 yaşlı kimi qəbul edirlər, ya təhqirdir ki, mən bu yaşıma çatıb, təhsil aldığımı anlaya bilmirlər… Ən gülməli hal isə, mənim kimi, artıq çəkidən əziyyət çəkməyən, arıq insana arıqlamaq üçün pəhriz və arıqlama mərkəzinin reklam broşürünü verən oğlanla üz-üzə gəlmək idi, yəni bu cür broşüraları paylayanlar, haraları ilə düşünüb, özlərinə müştəri yığmağa çalışırlar? Günah onlarda deyil, onları küçələrə məlumat vermədən salanlardadır. Bir az marketinq, müştəri kontingentindən bu cür insanlarınıza məlumat verin ki, düzgün paylasınlar və nəticə əldə edəsiniz, mənim kimi digər şəxsləri də təhqir etməyəsiniz…
Qız görəndə, Binqo-bonqo kimi “qaşınan”, bir-birilərinin adını, telefon nömrəsini qışqıran klounları anlamıram… Əziyyət çəkməyin, mən keçəndə, qulağımda çox zaman qulaqcıq olur, nə adınızı, nə telefon nömrənizi eşidən deyiləm…
Bəzi nadanlara demək istəyirəm ki, 2015-ci ildir, etika anlayışı var, ölkənin qanunları və dövlət strukturları var, bizim dinimiz İslam olsa da, tolerant millətik, ölkəyik, konstitusiyaya görə din azadlığı var… Ölkəmiz dünyavi-demokratik dövlətdir, din dövlətdən ayrıdır! Bura Azərbaycandır, hansısa hakimiyyətində din olan dövlət deyildir!

Şərhlər