access_time Dərc olunub: 22:48
Köhnəlmiş dustaqlar və yaxud cinayəti unutdurmayan cəza

Adam bəzən həyatda yaşadığına və həm də azadlıqda olduğuna utanır. Bəzən adamlar günahsız ölür - bundan sonra həyatda var olmanın anlamı itir, təsəlli "hamı öləcək, o da öldü" olur. Amma bu təsəlli bir yaxşının belə tez ölməsinə, öldürülməsinə kompensasiya olası deyil. "Hərə öz həyatını yaşayır" deyən aqillər də müdriklik damarına salır, hətta bu da cavab deyil: kimsənin həyatına vaxtından əvvəl (ən azından insan ömrü bu planetdə normalda 60 yaşacan çata bilir, baxmayaraq ki, istənilən əzab-əziyyət maneə ola bilmir) "xitam vermək" Allahın səlahiyyətində.

 

Həə, Allahın əvəzinə görülən işlər, ittihamlar adamı Yer üzündən küsdürür. Neyləyəsən ki, ölmək öz əlimizdə deyil, yaşamaq da. Azad olmaq da.

Niyə, - öz anlamımda fəlsəfəyə, oxucu düşüncəsində səfsətəyə, - bu tonda başladım yazını?

Azərbaycan müstəqillik qazanandan itirdiklərimiz təkcə münbit, şoran, dağlıq, dağətəyi, əkinə yararlı və yararsız torpaqlarımız olmadı! İgid olan və olmayan, mərd və yaxud da qorxaq, cəsarətsiz və yaxud cəsarətli, fərq etməz, on minlərlə insanımızı itirdik - hamısını da vaxtından əvvəl!

Bax bu "vaxtından əvvəl" taleyi məni nə yaşamağa qoyur, nə də azad olmağa! Bu ölkədə mənim qədər həyatın dadını çıxaran, mənim qədər azad olan və mənim qədər də dövlətdən və hökümətdən razı qalan ikinci bir yaşıdım çətin ki olsun! Çünki mənim iddialarım, yaşım prinsiplərim əndazəsindədi, fəqət... mən "ölü" kimiyəm, "məhbus" kimiyəm!

Dəfələrlə ölkə prezidentinə, ölkənin birinci xanımına, daha başqa kim yardımçı ola bilərsə, olmaq gücündədirsə, ona üz tutmaq, yalvarmaq, xahiş etmək istəmişəm!

Xahiş etmək istəmişəm ki, nəzərə alın tutulanda gənc olan, indi isə ömürləri 20 illik qazamat həyatından sonra qocalaşan bu iki insanı! ARIF və SƏFA...

 

Hər yerdə və həmişə günahsız olduqlarını özləri də deyib, özləri də sübut edib və bizlər də yazmışıq.

Yazmışıq ki, bu insanlar güdaza gediblər, müstəntiqlərin, prokurorların və hakimlərin zamana uyğun olaraq, vəzifədən və səlahiyyətdən sui-istifadələrinin qurbanı olublar.

Amma bu iddiaların təsdiqinə 20 il gedib və insanlar ömürlərinin 20 ilini itiriblər.

Həm də ona görə ki...

Ona görə yox ki, günahkar olublar! Ona görə ki, kimsəsiz olublar!

Onlar tutulanda mən doğrudan da situasiyanın mahiyyətini dərk etməyəcək yaşda idim!

Onlar tutulanda mən doğrudan da elə bilirdim ki, OMON-çular dövlətin və xalqın düşmənidir. Ucdantutma!

 

Amma mən illər sonra Arif və Səfanı tanıyandan  OMON-çuların bu vətən uğrunda döyüşən qəhrəmanlarını gördüm, döyüşüb şəhid olan əsgərlərini gördüm, Qarabağ savaşı zamanı erməninin kürkünə birə salan igidləri haqda eşitdim.

İllər sonra mən OMON-çulardan tutulmalı olanların da olduğunu etiraf etməli oldum. Ancaq onda mən nə etiraz etmək yaşında-başındaydım, nə də kiməsə dəstək olmaq gücündə. Heç indi də elə bir imkanım yoxdu. Gücüm isə ancaq bu sətirləri yazmağa çatır və bir fikirlə meydanda varam: azadlıqdan məhrumiyyətlə keçən 20 il ən qatı cinayətkarı belə muma döndərir. 20 il heç bir günahı olmayıb tutulanlar belə, özlərinin günahsız tutulmalarını dilə gətirməməyə bəs edir!

 

Təki azadlıqlarına qovuşsunlar!

 

İnanın, haqsız tutulduqlarını iddia etdiyim bu iki insan azad olunsalar, heç bir halda keçmişə qayıdası deyil!

İnanın, bu iki insanın bu gün yaşam prinsipi, söykəndiyi dəyər tamam ayrıdır!

İnanın, 20 il azadlıqdan məhrumetmə cəzasına ölümdən dönüb qayıdan bu iki insan təzədən ölmək istəmir!

Onları vaxtından əvvəl "öldürüblər", heç olmasa... vaxtında azad edək!

Rusiyada, Ukraynada, Belarusda, hətta Ermənistanda analoji cəzalar çoxdan cinayət məcəlləsindən çıxarılıb.

Biz hələ də cinayətləri unutdurmayan cəza müddətləri tətbiq edirik. Və bununla cinayətin hansısa növünü yaddaşlara həkk edirik!

Mən sadəcə Prezidentə müraciət etmək istəyirəm!

O Prezidentə ki, həm iqtidara, həm xalqa, həm də dövlətə qarşı daha ağır cinayət törətmiş məhkumlara azadlıq haqqı tanıyıb, onları azad edib!

O prezidentə ki, dünyaya sərgilədiyi qətiyyətli və sərt xarizmasıyla yanaşı, xalqına göstərdiyi mərhəməti və humanizmi onu həmişə sevimli edib!

Cənab Prezident, inanın, günahsız olan bu iki məhkum elə islah olunub ki, həm məcazi, həm də müstəqim mənada, suyu üfürə-üfürə içirlər! Artıq onların səhhəti imkan vermir... nəinki cinayətə, hətta suyu belə üfürmədən içməyə!

Bəzən insan həyatda yaşamağa utanır - daha dəyərlisi vaxtından əvvəl köçəndə!

Bəzən insan azadlıqda olmağından çəkinir - daha dəyərlisi günahsız həbsdə yatanda!

 

Şərhlər