access_time Dərc olunub: 12:07
“Gərdək gecəsi fotosessiyası”-MAT QALINACAQ FOTOSESSİYALAR

ABŞ-da toy gecəsi gəlin və bəyin cəsur pozlar verdiyi fotosessiya artıq trendə çevrilir.


TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, “Gərdək fotosessiyası” artıq Türkiyədə də dəbə minir. Bir neçə gün əvvəl türk fotoqraf Evren Şumlu  bir ilkə imza ataraq aktrisa Nedi Bondar və tərtibatçı sənətçi Onur Çətini model olaraq kamera qarşısına keçirib. Fotoqraf verdiyi açıqlamada yeni ailə quran cütlüklərin belə fotosessiya etmək istədiyini bildirib.

Gəlin və bəyin toy gecəsi həyəcanını şəkillərə çevirən Evren  Şumlu, məqsədinin bir cərəyan başlamaq olduğunu və bu cərəyana “First Night” (“İlk gecə”) adını verdiyini, eləcə də  belə bir təcrübənin ölkəsində ilk dəfə həyata keçirildiyini bildirib.

Fotolarda istəkdən asılı olaraq, gəlin və bəy yataq otağında geyimli, soyunarkən, yataqda pozlar verə bilərlər.

Belə halların Azərbaycandan da yan keçməməsi şübhəsizdir. Bəs görəsən milli mentalitetimiz haralara doğru yuvarlanacaq? 


Fotoqraf –jurnalist Elçin Murad TİA.AZ-a bildirdi ki, indi elə bir dövrdə yaşayırıq ki, insanlar fərdi baxışlarını ortaya qoymağa hər gün bir az da həvəsli olurlar: “Artıq bir şeyləri mentalitetə, dinə bağlayacaq zamanda yaşamırıq. Qloballaşma dediyimiz proses hər gün daha da genişlənir. İnsanları vahid din və ya mental dəyərlər birləşdirmir. Elə bir şərait yetişir ki, qeyri- ixtiyari olaraq, insanlar özlərini aid olduqları düşüncə, baxış ətrafında toplanmış halda görürlər. Qısa desək, hazırda heç kim hansısa dini və mental ehkamla hesablaşmaq istəmir. Nələrinsə qanunla qadağan edilməsi belə o şeylərin olmayacağı anlamına gəlmir. O ki, qaldı bizə. Kim deyir ki, bizdə elə bir şeylər yoxdur. Dəbə düşsün görün nələr üzə çıxacaq. Bir zamanlar bizim dediyimiz o mentalitetə əsasən, gəlin günlərlə, aylarla qaynatanın üzünə çıxmırdı. İndi toyun ortasında mat qalınacaq fotosessiyalar gedir. Əvvəl - əvvəl bu elə toyun içindəcə xalaların, dayıların qeyrət mövzusu idi. Amma “indi olsun” deyə tərəflər arasında ciddi mübahisə predmetidi. Bir ağ qarğa tez seçilir. Amma say çoxaldıqca adiləşir. Bu da eynən onun kimidir”.


İlahə

Şərhlər