access_time Dərc olunub: 18:38
Nəticələr açıqlandı: 1498 nəfər imtahandan kəsildi

Aprelin 9-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.


DİM-dən TİA.AZ-a verilən məlumata görə, imtahanın nəticələri bu gün Mərkəzin internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 92 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6059 abituriyentdən 4561 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd olunub ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2017-ci il iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Şərhlər