access_time Dərc olunub: 10:58
ORTA TƏHSİL BAZASINA MARAQ ARTIB

2017-2018-ci tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə qəbul üçün sənəd qəbulu və imtahanlar prosesi başlayıb.


Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçriləcək növbəti imtahan isə orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından olacaq. Bu pilləyə qəbul olmaq üçün iştirakçılar iki mərhələdən ibarət imtahan verəcəklər. Artıq aprel ayının 4-ü saat 23:59-da Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul üçün elektron ərizə qəbulu başa çatıb. Onlar 16 aprel 2017-ci ildə imtahanda iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinin ümumi orta təhsil bazasında sənəd vermək istəyən abituriyentlərin sayı cari ildə DİM-in rəsmi saytına görə təsdiq edilmiş ərizələrin sayı Azərbaycan bölməsi üzrə 18511, rus bölməsi üzrə 661 və ümumilikdə 19172 nəfər təşkil edir.

Bəs orta məktəbin 9-cu və ya 11-ci sinfini cari ildə bitirən şəxslər üçün kolleclərə qəbul qaydaları necə olacaq?


Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a bildirdi ki, ümumi orta (9-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər: “Tam orta (11-illik) təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər də kolleclərə ayrıca qəbul imtahanı vermirlər və müsabiqədə buraxılış imtahanında ana dili, riyaziyyat və xarici dil fənlərindən əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Həm cari ilin, həm əvvəlki illərin məzunları ərizə qəbulunda iştirak etməlidirlər. Əgər ərizə qəbulunda iştirak etməsələr, onlar bu pillə üzrə hətta yüksək bal toplasalar da, ixtisas seçimində iştirak edə bilməyəcəklər. Çünki onlar iştirak edəcəkləri imtahan buraxılış imtahanı kimi qiymətləndiriləcək. Tam orta (11-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları buraxılış imtahanına uyğun qaydada ayrıca qəbul imtahanı verməli və müsabiqədə bu imtahanın nəticələri əsasında iştirak etməlidirlər. 11 illik bazadan bu V qrup hesab edilir”.

Ekspert 9 illik bazadan əvvəlki illərdə sənəd verən abituriyentlərin sayı və qəbul plan yeri ilə bağlı bildirdi ki, 2014-cü ildə bu pillədən kolleclərdə təhsil almaq, imtahanda iştirak etmək üçün 14925, 2015-ci ildə 12942, 2016-cı ildə 13039 abituriyent qeydiyyatdan keçmişdi: “2013-cü ildə plan yerləri 13957, 2014-cü ildə isə 9601, 2015-ci ildə 8928, 2016-cı ildə 9459 plan yerdən ibarət idi. Bu il əvvəlki illərlə müqayisədə 9 illik bazadan imtahanda iştirak etmək istəyənlərin sayında artım var.”

K.Əsədov bunun səbəbini və bu imtahanda Dövlət İmtahan Mərkəzi nə qədər gəlir əldə edəcəyini nəzərə çatdırır: “Bu ildən etibarən DİM tarif şurası ilə bərabər keçirəcəyi imtahan qiymətlərində kəskin dəyişiklik etdi. Bu da müxtəlif pillələr üzrə imtahanda iştirak edənlərin sayına təsir göstərdi. Əgər yuxarı pillələrdə iştirakçıların sayında kəskin azalma nəzərə çarpırdısa, ümumi orta təhsil bazasında sayda artım oldu. 

Bunun səbəbi əlbətdə ki, bu pillədən imtahanda iştirak etmək üçün tələb olunan məbləğin digərləri ilə müqayisədə azlıq təşkil etməsidir. Belə ki, ümumi orta təhsil bazasından imtahanlarda iştirak etmək üçün iddiaçı 20 manatından keçməlidir. Digər imtahanların qiymətlərinin bundan iki dəfə baha olması, bu pillənin ucuz olması bura müraciət edənlərin sayına təsir göstərdiyini düşünürəm. Bu il 9 illik bazadan kolleclərə qəbul olmaq üçün sənədlərini təsdiq edənlər 19172 nəfər təşkil edir. Onların hər birinin imtahanda iştirak etmək üçün 20 manat ödədiyini nəzərə alsaq, 16 apreldə keçriləcək imtahanın birinci mərhələsindən DİM 383 440 manat qazanmış olacaq. Qeyd edim ki, əvvəlki illərdə bu pillədə qəbul imtahanlarında iştirak pulsuz idi”.


İlahə

Şərhlər