access_time Dərc olunub: 16:57
Tərtərdə qadınları belə təbrik etdilər

Tərtər rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və “Təmiz ürəklər” Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı keçirilən tədbirdə Ağdam, Füzuli, Goranboy, Tərtər rayonlarından və Naftalan şəhərindən olan fəal qadınlar, həmçinin Qarabağ döyüşlərində xidmətləri olan, şəhid və aztəminatlı ailələrindən olan qadınlar iştirak ediblər.

 


Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bayram münasibətilə qadınlara təbriklərini çatdırıb. Bildirib ki, cəbhə bölgəsində yaşayan və çalışan tərtərli qadınlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Cəbhədə baş verən gərginliklərə, erməni silahlılarının yaşayış məntəqələrini atəş altında saxlamasına baxmayaraq, öz doğma torpaqlarında mətnlə dayanan tərtərlilər, o cümlədən tərtərli qadınlar rayonun daha da inkişafı naminə əzmlə çalışırlar.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində qadınların rolundan danışıb. Bildirilib ki, Azərbaycan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. 


Azərbaycan qadınları tarixin bütün dövrlərində cəmiyyətin mənəvi dayağı olub, respublikamızın müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında böyük fədakarlıqlar göstəriblər.

Diqqətə çatdırılıb ki, 25 illik müstəqillik dövründə Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bundan sonra da böyük uğurlara imza atacaq.


Yeni Azərbaycan Partiyası Tərtər rayon Qadınlar Şurasının sədri Xatirə Məmmədova, şəhid anası Maya İsgəndərova, Əməkdar tibb işçisi Fazilə Əliyeva və digərləri çıxışlarında qadınlara göstərilən dövlət qayğısından, Azərbaycan qadınının cəmiyyətimizdə tutduğu yüksək mövqedən bəhs ediblər. Bildirilib ki, milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər.


Sonra bir qrup qadına Komitə tərəfindən diplomlar, bayram hədiyyələri və sovqatlar təqdim edilib.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Şərhlər