access_time Dərc olunub: 19:01
Ötən il 300 Qarabağ əlilinə ev verilib

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində bu şəhərin və Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüşdə vətəndaşların imtiyazlı kateqoriyalara aid şəxslərin dövlət büdcəsi hesabına mənzillə, bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilməsi, məşğulluq, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, özünüməşğulluq proqramına cəlb olunma, sosial sığorta münasibətləri və s. məsələlərlə əlaqədar müraciətləri dinlənilib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə bütün müraciətlər araşdırılaraq cavablandırılıb, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib.

Müraciətlərin cavablandırılması zamanı S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında görülən işlər çərçivəsində ötən il 300 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edilib: “O cümlədən keçən il Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Son illərdə Sumqayıt şəhərində də müvafiq işlər aparılıb. Xızı rayonunda isə hazırda həmin insanlar üçün 2 fərdi ev inşa olunur”.

Qəbula gələn vətəndaşlardan bir qisminin işlə təmin olunmaq üçün etdiyi müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb, onlara yaşadıqları ərazi üzrə boş (vakant) iş yerləri təklif edilib, seçimlərinə əsasən vakant iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün onlara göndərişlər verilib.

S.Müslümov 2016-cı ildə nazirliyin məşğulluq orqanları tərəfindən əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfər münasib işlə təmin olunduğunu qeyd edib: “Onlardan 3 805 nəfəri Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qubadlı rayonlarının sakinləri olub. Habelə bu dörd rayon üzrə keçən il 144 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Hazırda cənab Prezidentin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən aztəminatlı ailələrin özünüməşğulluğuna şərait yaradılması üçün belə ailələrə dəstək qismində lazımi aktivlər alınıb verilir. Bu məqsədlə son günlərdə artıq 79 ailəyə öz fərdi təsərrüfatlarını, bizneslərini yaratmaq üçün mal və materiallar təqdim olunub. Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı rayonları üzrə də 122 nəfər proqram çərçivəsində biznesin təşkili ilə bağlı iki aylıq kurslara cəlb edilib. Kursları bitirdikdən sonra qiymətləndirmə zamanı onlardan 94 nəfərinin biznes-planları müsbət dəyərləndirilib. Yaxın günlərdə onlara da ailə bizneslərini qurmaları üçün aktivlər alınıb veriləcək”.

Ayrı-ayrı vətəndaşların bərpa müalicəsi xidməti və reabilitasiya vasitələri ilə təmin edilmələri, peşə hazırlığına cəlb olunmaları və s. ilə bağlı tapşırıqlar verilib.

Vətəndaşlar ölkədə sosial məsələlərin həlli və rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərə, eyni zamanda vətəndaşların məşğulluq imkanlarının artırılması yönündə həyata keçirilən tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar həmçinin əmək və sosial müdafiə sahələrində xidmətlərin heç bir məmur-vətəndaş təmasları mümkün olmadan, elektron müstəvidə şəffaflaşdırılmasından razılıqlarını bildiriblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Şərhlər