access_time Dərc olunub: 13:30
“Azəriqaz”: Fərmanla bu problem aradan qaldırılmış oldu

“Dövlət başçımızın bu fərmanı məcburi köçkünlərin kompakt yaşadığı binalarda sayğacların quraşdırılmasında yaranan problemi aradan qaldırmış oldu”.



Bunu Publika.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, xüsusən bir mərtəbədə 20-30 nəfərin məskunlaşdığı çoxmərtəbəli binalarda sayğacların quraşdırılmasında problemlər yaşanırdı.

“Fərmandakı dəyişiklikdən irəli gələn qərara görə fərdi qaydada sayğac quraşdırılması və texniki istismarı mümkün olmayan məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) ödəniş dövlət tərəfindən təmin ediləcək. Yanvar ayında imzalanmış fərmandan irəli gələrək artıq 751 məcburi köçkünün məskunlaşdığı mənzildə sayğaclaşdırma həyata keçirilmişdi. Həmin mənzillərdə sayğacın quraşdırılması üçün texniki baxımdan heç bir problem yaşanmamışdı. Lakin çoxmərtəbəli yataqxanalarda bir mərtəbədə 20-30 ailənin bir mətbəxinin olması fərdi sayğac quraşdırılmasında çətinliklər yaradırdı. Çünki hər ailə bir otaqda yaşayır, həmin otaqlarda qazdan istifadə təhlükəli ola bilərdi. Bu məsələ qarşımızda problem olaraq qalırdı. Prezident İlham Əliyevə təşəkkür edirik ki, imzaladığı fərmanla bu problemi aradan qaldırmış oldu”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda bildirilib ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin ediləcək. Həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək.

Şərhlər