access_time Dərc olunub: 15:41
"TÜRKİYƏNİN REGİONAL SİYASƏTİ “ƏRƏB SAÇI”NA DÖNÜB"

“Yaxın Şərqdə Qatar böhranının ciddi təsirləri müşahidə olunmağa başlayıb”.


TİA.AZ xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, azad Suriya Ordusu daxilində parçalanma yaranıb və qurumun tərkibindəki bəzi qruplar silahı bir-birinə qarşı çevirib:

“ Əl -Babda bu qruplar arasındakı döyüşlərdə azı 33 silahlının öldüyü, 55 nəfərin yaralandığı bilgisi var. Bundan başqa, ASO tərkibindəki bəzi qrupların Əsəd qüvvələrinə, bəzilərinin isə YPG-yə qatıldığı bildirilir. Güman olunur ki, baş verənlərin əsas səbəbi Qatardan gələn maliyyənin kəsilməsi ilə əlaqədardır. Silahlı qruplar arasında inam güclənib ki, Suriyanın gələcəyində Əsəd rejimi ilə kürdlər söz sahibi olacaq”.

Politoloq deyir ki, ASO Türkiyənin Suriya vakxanaliyasında istifadə etdiyi əsas alət və apardığı “vəkalət savaşı”nda arxalandığı əsas gücdür: “Bu gücün zəifləməsi, hətta dağılma təhlükəsinin yaranması bölgədə “oyun qurucu” olmaq iddiası ilə Suriya macərasına atılmış Türkiyənin onsuz da zəifləmiş mövqelərinə sarsıdıcı zərbə ola bilər”.

Ş.Cəfərli Türkiyənin Qatar böhranı ilə bağlı vasitəçilik səylərinə də münasibətini bildirib:


“Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bölgədə idi. O, Qatar, Küveyt və Səudiyyə Ərəbistanına səfər etdi. Səudiyyə kralı ilə söhbətin təfərrüatları təbii ki, məlum deyil, amma səfər zamanı TRT müxbirinin yerli polis tərəfindən saxlanılaraq, Çavuşoğlunun şəxsən kraldan onun buraxılmasını xahiş etməsindən sonra azad edilməsi faktı yəqin ki, səfərin necə keçdiyini və səudların Ankaranın vasitəçiliyinə münasibətini anlamaq baxımından yetərlidir. Başqa bir mühüm fakt isə, Səudiyyə Ərəbistanı Türkiyənin “Milgem” (milli gemi) layihəsi çərçivəsində 4 gəmi sifariş etmişdi. 2 milyard dollarlıq layihə idi. Lakin Səudiyyə tərəfi səssiz-səmirsiz bu sifarişini ləğv edib. Bu hadisə Səudiyyə və onun liderliyindəki koalisiyanın Qatara qarşı demarşa hazırlaşdığı bir vaxtda baş verib. Əslində bu ölkələrin Qatara yönəltdiyi ittihamların bir ucu da Türkiyəyə çatır. Çünki bölgədə “İhvan” (“Müsəlman qardaşlar”) platformasındakı qüvvələrin Qatarla birlikdə əsas himayəçisi məhz Türkiyədir. Səudiyyə və onun ətrafında formalaşmış ittifaqın Qatara bu məsələdə təzyiq göstərib, Ankaranın eyni istiqamətdəki siyasətini görməzdən gəlməsi mümkün deyil. Yəqin ki, Türkiyəyə təzyiqlər davam edəcək, amma bunlar bir az görünməz şəkildə, pərdə arxasında baş verəcək.

Bir sözlə, Türkiyənin regional siyasəti “ərəb saçı”na dönüb...”.


İlahə

Şərhlər