access_time Dərc olunub: 18:17
`Ermənistan təhrifedici bəyanatlarla çıxış edir` - XİN

Son günlər insidentlərin araşdırılması mexanizmi ilə əlaqədar Ermənistan xarici işlər naziri və digər rəsmi şəxsləri müxtəlif təhrifedici bəyanatlarla çıxış edirlər.


TİA.AZ xəbər verir ki, bununla əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, insidentlərin araşdırılması mexanizmi hədəf deyil, münaqişənin həllinə xidmət edə biləcək köməkçi vasitələrdən biridir:

“Həqiqətən ilk növbədə ondan başlamalıyıq ki, insidentlər nəyə görə baş verir? Dövlətimizin başçısı Münhen Təhlükəsizlik Konfransında əhatəli və məzmunlu çıxışı zamanı beynəlxalq auditoriya qarşısında bildirmişdi: “Sual ondan ibarətdir ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın”.

Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra insidentlər baş verməz, heç onların araşdırılmasına da ehtiyac qalmaz.

Ermənistan tərəfindən münaqişənin həlli prosesinin ən vacib hissəsi olan Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi qəsdən arxa plana atılır, insidentlərin araşdırılması kimi texniki və köməkçi addım ön plana çəkilir və siyasi möhtəkirlik obyektinə çevrilir. Tamamilə aydındır ki, Ermənistan bu mexanizm adı altında Azərbaycan ərazilərinin işğalını möhkəmləndirməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində verdikləri bəyanatlarda qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status-kvonu saxlamağa çalışır.

Biz dəfələrlə bildirmişik ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi kimi insidentlərin araşdırılması mexanizmini də nəzərdən keçirməyə hazırıq”.

Şərhlər