access_time Dərc olunub: 09:24
İsrail türklərə qarşı heç vaxt bunu etməz - Abramov

İsrail Knesseti heç vaxt uydurma soyqırımı qəbul edə bilməz.


İsraili gah şantaj etməyə, gah da onunla “dostluq” əlaqələri qurmağa çalışan Ermənistan növbəti dəfə saxta “soyqırım” iddialarını İsrail parlamentinin - Knessetin müzakirəsinə çıxarmaq üçün əlindən gələni edir. 24 aprel ərəfəsində növbəti dəfə bənzər təşəbbüslər qaldırılıb. Düzdür, bu səylər təkcə İsraili əhatə etmir, erməni lobbisi hətta ABŞ Konqresinə də layihə təqdim edib və “soyqırımı” tanımağa çağırıb. İsrail-Azərbaycan arasındakı strateji münasibətləri özünə təhlükə görən İrəvan üçün İsraildə bu layihəni qəbul etdirmək çox mühümdür. Ancaq Türkiyə-İsrail münasibətlərindəki 7 illik gərginlik zamanında arzusuna çata bilməyən ermənilər indi çətin ki, istəklərini reallaşdırsınlar. Bunu ötən aydan İsrailin Ermənistanda fəaliyyətə başlayan yeni səfiri Eliyaxu Yeruşalmi də dilə gətirib və erməniləri məyus edib. İsrailin saxta “erməni soyqırımını” niyə hələ də tanımaması barədə verilən suala cavabla da erməniləri məyus edib:


“Erməni faciəsi həmişə bizim fikirlərimizdədir. Ancaq İsrail dövləti bizim fikirləşdiyimizi ifadə edə bilməz. Çünki bu, sizinlə Türkiyə arasında tarixi problemdir. Siz Türkiyə ilə bu məsələdə hansı qərara gəlsəniz, biz onu qəbul edəcəyik. Yəni Qarabağ məsələsində olduğu kimi, bu məsələdə də biz sizin və qarşı tərəfin hansı qərarı verəcəyini qəbul eləməliyik”.

Ekspertlər də ermənilərin cəhdlərini mənasız sayır.

Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Müsavat.com-a bildirdi ki, hər il 24 aprel ərəfəsində belə təşəbbüslər olur: “Knessetin deputatlarının içərisində ermənipərəst deputatlar var. Onların seçiciləri ermənilər və ərəbyönümlü şəxslərdir. Hər il 24 aprel ərəfəsində uydurma ”soyqırım"ı qaldırırlar və bu, mütəmadi təkrarlanır. Lakin o qədər də çəkisi olmayan komitə səviyyəsində müzakirə olunur, ondan yuxarı qalxmır. Mən bir neçə gündür oradakı uşaqlarla əlaqədəyəm. Orda bizim “Şahdağ” təşkilatımız var, Azərbaycandan gedən yəhudilər çox aktivdirlər, onlar mənə telefon açmışdılar. Mənə elə gəlir ki, bu, növbəti dəfə 24 aprel ərəfəsində atılan addımdır, ancaq görüntü ola bilər". Y.Abramovun sözlərinə görə, İsrail parlamenti heç vaxt bu uydurma soyqırımı qəbul edə bilməz: “Çünki İsraillə Azərbaycan arasında strateji portnyorluq var. Mən hətta XİN-in dəftərxanasına da çıxmışam. O vaxt parlamentin sədri də ermənilərə bir az yaxın idi. Amma o vaxt - ”Van minut"dan sonra Türkiyə ilə münasibətlər bir az soyuq idi. Bəlkə də Türkiyəni qıcıqlandırmaq baxımından İsrailin hansısa siyasi addımlar atması düzgün hesab olunardı. Amma yenə deyirəm, İsraildə çox sağlam fikirlər deputatlar, nazirlər var. Orda nazirlər deputat olur. İsrail XİN də heç vaxt istəməz ki, Azərbaycan-İsrail münasibətləri korlansın. Mən orda da XİN-də, deputatlarla görüşlərdə rəsmi şəkildə demişəm ki, hansısa məsələ parlamentdə qaldırıla bilər. Amma onu bilin ki, Türkiyənin barmağına toxunan hər bir tikan Azərbaycanın da barmağını ağrıdır, çünki bir millət, iki dövlətik. İkincisi də demişəm ki, Yəhudi Holokostundan sonra dünyada “erməni soyqırımı”nı ortaya atmaq erməni-fars şovinizminin birgə məhsuludur. Siz niyə bizim tarixi faciəmizi aşağılayırsınız, olmayan bir məsələni müzakirə edirsiniz? Onlar da deyirlər ki, bizdə demokratik cəmiyyətdir, fraksiya üzvü məsələ qaldırır, baxılır. 


Bu, elə bir komitədə müzakirə olunub ki... Adına baxın: Elm, idman, mədəniyyət komitəsi". Y.Abramov qeyd etdi ki, ermənilərin vaxtilə yəhudiləri qırdığını İsraildə yaxşı bilirlər: “Orada mənim çox yaxın bir dostum var, Arye Qut, dəfələrlə bəyan edib ki, əslində general Dronun heykəlinin İrəvanda qoyulması İkinci Dünya müharibəsində yəhudilərin qətliamının həyata keçirilməsinə haqq qazandırılmasıdır. Çünki Dro özü Krımda nasist gestapo fəalları ilə birgə yəhudilərin satılmasında, tanıdılmasında və məhvində çox böyük rol oynayıb. Bunu İsraildə də çox gözəl bilirlər”.


Politoloq Elçin Mirzəbəyli də dedi ki, ermənilər hər il aprel ayında qondarma “erməni soyqırımı”nın tanıdılması ilə bağlı dünyanın bir çox ölkələrinin parlamentlərində hərəkətə keçirlər: “Ancaq İsrail Knessetində erməni lobbisi güclü deyil və həm bu baxımdan, həm də digər səbəblərdən qondarma soyqırımın tanınması ilə bağlı qərarın qəbul ediləcəyi, hətta məsələnin müzakirəyə çıxarıla biləcəyi inandırıcı deyil. İsrail hökumətinin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Azərbaycanın Knessetdəki dostları da kifayət qədər güclüdürlər”.

Ekspertin sözlərinə görə, qondarma soyqırımın tanınması İsrailin öz maraqlarına da uyğun gəlmir: “Çünki belə bir qərar İsrailin Təl-Əviv üçün strateji əhəmiyyətə malik olan bir ölkə ilə - Azərbaycanla münasibətlətlərinə xələl gətirə bilər. Digər tərəfdən, Türkiyə ilə münasibətlərin də tamamilə dalana dirənməsi mümkündür. Bu isə dini radikalizmin tüğyan etdiyi ərəb dövlətlərinin əhatəsində olan və İranın təhdidləri ilə qarşı-qarşıya qalan İsrail üçün heç də arzuolunan deyil”.

Şərhlər